Azərbaycan Türkiyə-İsrail dialoqunda həlledici rol oynaya bilər- ÖZƏL
16:49 Siyasətİsrailin diasporla iş üzrə naziri Amiçay Çikli deyib ki, Türkiyə bu gün İsrail dövləti üçün ən ciddi təhlükədir. O bununla kifayətlənməyərək "Türkiyənin təcrid olunması üçün xarici əlaqələrdə hər şeyi etməliyik" ifadəsini işlədib.
İsrail nazirinin bu bəyanatı Azərbaycan-Türkiyə-İsrail üçbucağında hansı diplomatik gərginliyə səbəb ola bilər? Mövzu ilə bağlı politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlama verib:
" İsrail dövlətində türkəfob şəxslər və türk əleyhinə siyasətin daha da kəskinləşməsinin tərəfdarları mövcuddur. Bu isə Türkiyə və İsrail arasında gərginliklərə, qarşıdurmalara gətirib çıxaran amildir. Məhz bu xüsusda Türkiyə ilə İsrail arasında zaman-zaman çox ciddi siyasi polemikalar meydana gəlir.
Hesab edirəm ki, İsrailin diasporla iş üzrə nazirinin Türkiyə əleyhinə fikirləri qınanılmalıdır. Çünki Türkiyə NATO-nun tərkibində ikinci böyük orduya malik dövlət olmaqla yanaşı, Şimali Afrika, Yaxın Şərq, Cənubi Qafqaz, Şərqi Aralıq dənizi bölgəsində təhlükəsizliyə töhfə verən ən önəmli geosiyasi aktordür. İsrailin Türkiyə əleyhinə fəaliyyəti çox ciddi geosiyasi problemlərə gətirib çıxara bilər. Eyni zamanda bu, NATO daxilində də problemləri artıran amil kimi qiymətləndiriləcək. Baxmayaraq ki, İsrail və ABŞ arasında hərbi-siyasi müttəfiqlik münasibətləri mövcuddur, Türkiyə də ABŞ üçün çox önəmli geosiyasi aktordur. Hesab edirəm ki, Türkiyə ilə İsrail arasında yaranan fikir ayrılıqlarının həlli üçün Azərbaycan siyasi platforma təşkil edə bilər, danışıqlar üçün mühüm elementlər formalaşdıra bilər. Aydındır ki, Azərbaycan artıq bu işi çox uğurla həyata keçirməkdədir. Müxtəlif məsələlərin həlli üçün biz qardaş Türkiyə və dost İsrail arasında uzlaşdırıcı və müəyyən ortaq maraqların tapılması üçün vasitəçilik edə bilərik. Çünki bizim üçün hər iki dövlət arasında mehriban münasibətlərin qurulması önəmlidir. Hər iki dövlət Azərbaycanın Vətən müharibəsində dəstək göstərib və bizim üçün bu iki dövlət arasında münasibətlərin, əlaqələrin və tərəfdaşlığın qurulması mühüm amil kimi dəyərləndirilə bilər".
Zeynəb Mustafazadə