17 noyabr: Dirçəlişdən zəfərə – Azərbaycanın siyasi kimlik kodu – ÖZƏL
16:16 Siyasət"17 Noyabr - toplumumuzun içində daim yaşayan, zamanın axarı dəyişsə də, mahiyyəti dəyişməyən azadlıq enerjisinin yenidən doğuluş anıdır".

Bu sözləri Olaylar.az-a açıqlamasında türkoloq, araşdırmaçı-yazar Əkbər Qoşalı deyib. O bildirib ki, 1988-ci ildə Azadlıq meydanında başlayan milli oyanış hərəkatı o vaxt Sovet imperiyasının sərt çərçivələrini yarıb keçdi və Azərbaycan xalqının çağdaş siyasi kimliyinin əsas sətirlərini yazmış oldu.
"Milli Dirçəliş Günü toplumumuzda birlik yaradan mənəvi-ideoloji ruhi güc birləşmələrindəndir. Bu birliyin təməlində üç əsas xətt dayanır:
1. Tarixi özünüdərk xətti - xalq öz siyasi taleyinin təsadüflərin deyil, öz iradəsinin sonucu olduğunu anlayır;
2. Siyasi davamlılıq xətti - 1988-ci ildən başlayan proses 1991 müstəqilliyi, daha sonra isə 2020-ci ilin Zəfəri ilə vahid milli xəttə çevrilib;
3. Vətəndaş həmrəyliyi xətti - sosial təbəqələr, bölgələr, siyasi simpatiyalar fərqli olsa belə, milli dirçəliş ideyası hamını bir mərkəzdə birləşdirir. Bu gün 17 Noyabrın yaratdığı birlik, əslində, xalqın içindəki özgüvən kapitalının yenidən doğulmasıdır," - deyə araşdırmaçı-yazar əlavə edib.
Ekspert vurğulayıb ki, çağdaş Azərbaycan siyasi sistemi, onun dövlət-milli identikliyi və geosiyasi davranış məntiqinin formalaşmasının başlanğıcı bu tarixlə önəmli dərəcədə bağlıdır. Bu tarix Azərbaycan xalqının öz siyasi iradəsini imperiyaya qarşı açıq şəkildə ifadə etdiyi ilk kollektiv tribuna idi; Müstəqil dövlətçilik şüurunun, necə deyərlər, kütləvi şəkildə oyanması idi; Toplumumuzun "mən kiməm?" sualına ilk dəfə getçəkçi cavab tapdığı bir dönəmdir.
Bu səbəbdən 17 Noyabr bugünkü Azərbaycan dövlətçiliyinin yaddaş sistemində sırf bayram yox, belə deyək, bir siyasi kimlik kodudur.
Azərbaycan xalqının uzun illər imperiya nəzarəti altında öz kimliyini gizli yaddaşda qoruduğu danılmaz hadisədir. Bax, 17 Noyabr həmin gizli yaddaşın açılması, ictimai meydana çıxması, kollektiv iradəyə çevrilməsi kimi proseslərin tarixi başlanğıc məqamıdır.
Türkoloq qeyd edib ki, 2020-ci ildən sonra 17 Noyabr yeni anlam qazanıb. 44 günlük Zəfərdən sonra 17 Noyabr dirçəliş olmanın yanında həm də diriliş anlayışının simvoluna çevrildi.
Əgər 1988-ci ilin meydanı azadlıq istəyinin təzahürü idisə, 2020-ci ilin meydanı - Şuşanın qayası, Zəfərin qüruru - həmin istəyin gerçəkləşmiş parlaq sonucu oldu.
"Bu gün Milli Dirçəliş Günü bizə bir daha göstərir ki, Azərbaycanın müstəqilliyi təsadüf deyil; toplum milli çıxarlar ətrafında birləşə bilən xalqdır; azadlıq ideyası bu xalqın gen yaddaşında yaşayan böyük enerjidir," -deyə Əkbər Qoşalı qeyd edib.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Sevda Dəniz