Ceyhun Musaoğlu qonşum olsaydı...
22 Oktyabr 2013 16:42 MədəniyyətBir söz dedi, beyinlər qarışdı. Demək ki, kitab oxumaq istəmirlər. Dedilər, dedilər, həqiqətən oxumaq istəmirlər. Məsələ: aparıcı Elçin Əlibəylinin ANS-də yayımlanan tok-şousunda iştirak edən jurnalist Seymur Verdizadə kitab və müğənnilərlə bağlı səsləndirdiyi fikirlər mətbuata yeni mövzu verdi. Müğənni Vasif Məhərrəmli ilə üz-üzə dayanan jurnalist dedi ki, insanlar 5000 manat pul verib sənət adamlarını toya çağırdıqları halda kiçik məbləğlərindən keçib kitab almırlar. Yəni ki, cəmiyyətin əksəri 15 000 manata Faiq Ağayevi toylarında görməyə daha maraqlıdır, nəinki yazıçı Yunus Oğuzun 7 manatlıq "Şah arvadı və Cadugər"ni alıb oxumağa az həvəslidir. Bəli, həqiqətən də insanların kitab oxumağının vaxtı çatıb, mütaiəli cəmiyyət olmaq lazımdır. Müğənnilərin kitab oxumağa heç dəxli yoxdur. Bir iş var-iki əməl, əgər müğənniyə 30 dəqiqəyə görə fantastik məbləğ veririksə, bu mütailəsizlikdir, oxumamaqlıqdır. Toylarda israfçılıq - bu kitabsızlıq deməkdir. Qoltuğu kitablı adam yarım saata görə "Maral, maral" bayağılığı ilə skandal yaradan Nadir Qafarzadəyə 10 000 manat ödəməz. Cəmiyyətin mentalitetini onu təşkil edən fərdlər yaradır, bir ölkənin mədəniyyət nümunəsi də onlarla bağlıdır. 30 dəqiqəyə görə, Aygün Kazımovaya 6 000, Röyaya 6000, Brilliant Dadaşovaya 5 000, Faiq Ağayevə 4 000, Nadir Qafarzadəyə 2 500, Xatirə İslama 2 500, Natavan Həbibiyə 2 500, Üzeyir Mehdizadəyə 2 000 və sairə və ilaxıra minlərlə manatı biz veririk. Bu ənənəni biz yaradırıq. Zəncir həlqələrin sayı artdıqca zəncir olur. Əgər 30 dəqiqə toya görə mən kiçik müsahibə üçün az qala jurnalisti təhqir etməyə çalışan və müxbirin onunla birbaşa danışmasının "etik qaydalar"a sığmadığını, həmçinin ilk əvvəl müğənninin mətbuat xidmətinin rəhbərilə əlaqənin yaradılmasının daha düzgün olduğunu deyən Nura Suriyə 2000 manat verirəmsə, bu o deməkdir ki, qonşum buna dözə bilməyəcək. Məni pusacaq. İnanmıram ki, qonşuluğumda yazıçı Ceyhun Musaoğlu yaşasın və mənim kimi etməyə çalışsın. Adamın kitabı çoxdur. Ən azı 30-40 səhifə oxumadan gününü bitmiş hesab etmir. Həmişə müğənnilərdən söhbət gedəndə kələfin bir ucu Üzeyir Mehdizadəyə bağlanır. Düzdür, bunun birbaşa olaraq mövzuya aidiyyatı yoxdur, amma dolayı yolla çalışsaq xətərini toxundura bilərik. Üzeyir Mehdizadə amerikan yazıçısı Teodor Drayzerin "Amerika faciəsi"ndəki Klayd obrazı ilə müəyyən mənada oxşardır. Əsərdə kasıb ailədə dünyaya gələn Klayd pul qazanmağın və məşhur olmağın yollarını axtarır. Həmişə cəmiyyətin aristokratik zümrəsinə daxil olmaq üçün can atır, bahalı mehmanxana, restoran və paltar vitrinləri qarşısında xəyallar qurur. Atası Eysa Qrifitslər ailəsinin ən yoxsul üzvüdür, cəmiyyət arasında əxlaqlı insan kimi tanınır. Lakin ailəsinin həddindən artıq kasıb olması Klaydı bezdirir. O, arzularını gerçəkləşdirmək üçün Çikaqoda nəhəng korporasiya sahibi olan əmisi Samuel Qrifitsin yanına gəlir. Bu onun uğuru olur, sonrakı dövrlərdə Klayd cəmiyyət arasında tanınan işadamına çevrilir. Klay Qrifitsdən fərqli olaraq Üzeyir Mehdizadə musiqi sahəsinə aiddir. O da aid olduğu sahədə amerikalı kimi uğur qazanıb. Mehdizadəyə əmisi kömək etməmişdi, atasının qardaşının olmasından da xəbərim yoxdur. İnternetdən əldə etdiyimiz məlumata görə, Üzeyir musiqi kollecində təhsil alıb. Şöhrət qapısını onun üzünə meyxanaçı Aqşin Fateh aralayıb. Bəlkə də aralamayıb, gələcəkdəki təhqir və tənqidləri üzünə-üzünə çırpıb. Bu başqa məsələdir, fikir yayına bilər. Meyxana Azərbaycan şifahi xalq ədəbiyyatının janrı olsa da, ali, ya da orta ixtisas məktəblərində xüsusi dərs vəsaiti kimi tədris olunmur. Bax, Üzeyir Mehdizadəni Əli Mirəliyevin əlinə bu səhvi verib. Klassik musiqi sahəsində peşəkar təhsil alan müğənni sadəcə janrları qarışdırıb. Əlqərəz, əyməli nəsə yaradıb. Qəribədir, amma özü edib. Pis, ya yaxşıdır, bunu müqayisə etmək əhəmiyyətsizdir. Əsas odur ki, Üzeyir Mehdizadə az-az müğənillərdəndir, bəlkə də yeganəsidir ki, böyük bir futbol stadionunu adamla dolura bilir. Əsl sehirbazdır. Diqqəti cəlb edə bilir. Üzeyirin konsertinə gələn yaxşı başa düşür ki, insan beyni kimi qat-qat musiqilər yazmaqda ittiham edilən Üzeyir səhnəyə qoyduğu fetr şlyapadan dovşan deyibsə, elə dovşan çıxaracaq. İllüziyaçıdır, dovşanı əvvəlcədən gizlədib. Hamı görürdü. Bilirdi ki, dovşan çıxarmaq onun işidir. Çox adam qara fetr şlyapadan zürafə uzunluqda nəsənin çıxarmasına inanmır. Bunu ondan tələb etmək də ağılsızlıqdır. Üzeyirin buna görə tənqid, çox vaxt da təhqir olunması başa düşülən deyil. Əgər yazıçı hər hansısa əsərindəki postmodernist fikirlərinə görə tənqid edilirsə, demək oxunub. Təsir var, bunun da düz, ya nahamar olması vacib deyil. Üzeyirin vəziyyəti isə bir az fərqlidir. İndiki gənc nəsil onun musiqisilə böyüyür, belə rəqəm artırmaq fəlakətsizlikdir. Bu adam heç cinayətkar da deyil. Pulunu qazanır, beyinləri də zəhərləmir. Nə də ki, təfəkkür terrorçusu deyil. Əgər ona qulaq asan, ikinci dəfə bunu istəyirsə, demək beyin əvvəldən zəhərlidir. Kitablı biləcək ki, onun mahnı kimi oxumaq istədiyi nəsədə söz, fikir yoxdur. Əslində Üzeyir (Hacıbəyovdan söhbət getmir) bəstələri mütailəli adam üçün qarışqa qışqırtısıdır. Qarışqalar isə yeganə həşəratlardandır ki, onların səsini eşitmək mümkün deyil. Üzeyirin günahı yoxdur. Səhv başa düşmək lazım deyil, Üzeyir qarışqa deyil, bəstələri qarışqa qışqırtısıdır. Səsini biz qaldırmışıq. Beynimiz bu qədər zəhərlidir. Şikayətçilər üçün - ona qulaq asmamağın bir üsulu var, qulaq asmamaq. İllah da o səs olsun deyənlər varsa "like" deməyəcəm, bura "Facebook" deyil, qulaq asın. Bir məsələ də var, əşşi, özünüz bilərsiniz...
Ömər Zamin