“Efirləri meyxana ilə doldurmaq lazım deyil” - AKTUAL

Meyxanaçı və yazarlar arasında rəqabət qızışır

Meyxanaya aid verilişlərin efirlərdən yığışdırılıb yerinə ciddi ədəbiyyat proqramlarının verilməsi mövzusu aktuallaşır. Bir sıra yazarlar hesab edirlər ki, meyxanalar telekanallardan tamamilə götürülməlidir. Lakin yazıçıların bu iddiaları meyxanaçılar tərəfindən kəskin şəkildə reaksiyaya səbəb oldu. Məsələyə aydınlıq gətirmək üçün Azərbaycanın bir sıra yazıçı və şairləri arasında kiçik sorğu apardıq. Sual belə qoyulmuşdu: "Fikrinizcə, telakanallarda efirə verilən meyxana proqramları ciddi ədəbiyyat verilişlərilə əvəz edilməlidirmi?" Cavablara diqqət edək.

Elçin Mirzəbəyli (şair): "Meyxana ciddi ədəbiyyat nümunəsi sayılmır, ümumiyyətlə ədəbiyyat janrı hesab edilmir. Şifahi xalq ədəbiyyatının bir qoludur. Bütövlükdə onun da tamamilə inkar edilməsi düzgün deyil. Daha peşəkar səviyyədə, eyni zamanda estetik formada ortaya çıxmasının tərəfindəyəm. Şübhəsiz ki, ədəbi məclislərin, ədəbiyyatın ayrı-ayrı janrlarının efirlərə yol tapması, çağdaş yazarlarla oxuyucuların təmasının yaradılması müsbət hal olardı. Lakin birini digərilə əvəz etmək lazım deyil, hər bir şeyin öz yeri var. Sadəcə ədəbi verilişlərin çəki və keyfiyyətini artırmaq lazımdır".

Sayman Aruz (şair): "Kütləvi informasiya vasitələrində meyxana həddindən artıq təbliğ olunur. Bir müddət qabaq mən də meyxanının əleyhinə çıxış etdim. Amma bu o demək deyil ki, meyxana olmasın. Bu da ədəbi janrdır. Vaxtilə meyxana satira janrı kimi insanların problemlərini çatdırmaq üçün ən yaxşı vasitələrdən biri olub. Restoranlarda, çayxanalarda, ədəbi məclislərdə bu janrdan kifayət qədər geniş istifadə edilib. Hər halda televiziya və radioları bütünlüklə meyxana ilə doldurmaq da lazım deyil. İnsanları ciddi ədəbiyyata sövq etmək lazımdır, onlar ciddi ədəbi janrlarla da tanış olmalıdırlar. KİV-də azərbaycanlı yazarların fikirlərinə də yer verilməlidir. Xarici ədəbiyyat və meyxananın həddindən artıq təbliği insanları yerli yazarlardan uzaqlaşdırır. Lakin meyxananın efirlərdən tamamilə yığışdırılmasının əleyhinə deyiləm. Çünki meyxana Azərbaycan şifahi xalq ədəbiyyatının yaratdığı janrdır, hardasa bu da insanlara lazımdır. Mən o yazarların əleyhinəyəm ki, meyxananın kəskin şəkildə olmamasını istəyirlər".

Əsəd Qaraqaplan (yazıçı): "Hesab edirəm ki, meyxananın tamamilə efirlərdən yığışdırılması düzgün deyil. Meyxananın götürülüb yerinə kitabın gətirilməsi absurddur. Əgər kimsə kitab oxumağa həvəslidirsə, heç kəs onu meyxana dinləməyə məcbur edə bilməz, ya da ki əksinə. Nəyisə dinləməyə və nəyisə oxumağa məcburiyyət yoxdur. Əslində mövcud vəziyyət necədirsə, elə də davam etməlidir. Kütlənin əksəriyyəti meyxana tələb edir və bu gün də televiziya və radiokanallar həmin tələblərə uyğun iş qrafiki qururlar. Meyxananın efirlərdən yığışdırılması yox, insanların təhsil səviyyəsinin daha da qaldırılması vacibdir. Yaxud da gözləmək lazımdır ki, insanlar özləri bu istiqamətdə formalaşsınlar. Üzdə olan, ucuz metodlarla davransaq, heç nə əldə edə bilməyəcəyik. Lakin vaxtilə mətbuatda indiki meyxananı klounluq adlandırmışdım. Bu gün toylarda ucuz, bayağı sözlərin yığıldığı meyxanalar deyilir, insanlar isə onlara əl çalırlar. Lakin mövcud vəziyyət elədir ki, işdən ağır stress, əsəbi və gərginliklə evə gələn Azərbaycan insanı ağır roman oxuya bilmir. Bunun müqabilində meyxana stress atmaq üçün əla vasitədir. Əksəriyyət insanın istirahət etməsi üçün yüngül vasitələr lazımdır".

Dilqəm Əhməd (yazıçı): "1992-93-cü illər ərəfəsində Azərbaycanda yalnız iki meyxana kitabı çap edilib. Biri "Meyxanalar", digəri isə "Abşeron meyxanaları" kitabı idi. Həmin kitablarda Azərbaycanın klassik meyxanaçıları - Nizami Rəmzi, Ağasəlim Çıldaq, hətta şair Əliağa Vahidin qəzəlləri yer alıb. O vaxtki kitablarda meyxanalar səviyyəli və maraqlı idi, insanlar tərəfindən sevilirdiTəəssüf ki, həmin dövrün meyxanasını bu günki ilə müqayisə edəndə açıq-aşkar görünür ki, bu janrın səviyyəsi olduqca aşağı düşüb. Bu gün efirlərdə səsləndirilən meyxanalar bəsit və bayağıdır. Hətta qadın meyxanaçılar da yavaş-yavaş efirlərə çıxırlar. Bu isə yalnız tamaşaçı auditoriyasının genişləndirilməsi üçün ucuz şounun yaradılmasına xidmət edir. Əgər efirlərə ustad qəzəlxanlar dəvət olunsaydı, bu daha yaxşı hal hesab edilərdi. Meyxana qorunub saxlanılmalıdır, çünki o şifahi xalq ədəbiyyatı ilə əruz vəzninin vəhdətindən ortaya çıxmış ədəbi janrdır. Lakin nəyisə götürüb onun yerinə kitab qoymaq da düzgün deyil. Televiziyalarda bununla yanaşı ədəbiyyat verilişlərinə də efir vaxtı ayrılmalıdır. İnsanları kitab oxumağa yönəltmək üçün müəyyən xidmətlər edilməlidir. Təəssüf ki, bu gün televizyalarda belə verilişlər yoxdur. Telekanallların əksəriyyəti reytinq gətirən verilişləri yayımlamağa çalışırlar. İndiki zamanda kitabın televiziyaya yol tapması inandırıcı deyil".

Cəlil Cavanşir (yazıçı): "Meyxananın həddindən artıq təbliğ olunması iyrənc forma alıb. Bu cür verilişlərin müəllifləri də çox gözəl başa düşürlər ki, bu qədər ucuz və bayağı sözləri reklam etmək olmaz. Çətin ki, yaxın gələcəkdə ciddi ədəbiyyat, kitab mövzusunda televizyalarda verilişlər efirə getsin. Heç olmasa meyxanaya aid verilişlər qismən də olsa yığışdırılmalıdır. 10 ildən çoxdur ki, meyxana təbliğ olunur. Meyxanaçılar da istədiklərinə nail olublar, toylara gedirlər, yaxşı pul qazanırlar. İnsanlarda zövqün formalaşması üçün şərait yaradılmalıdır. Ciddi ədəbiyyat gündəmə gətirilməlidir. Ucuz sözlər insanların zövqlərini tamamilə korlayır. Bu gün bəzi televiziyalara reklam, reytinq lazımdır, ədəbiyyat mövzusu həmin istəkləri ödəmədiyinə görə, meyxanaya daha çox üstünlük verilir".

Ömər Zamin

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31