“Çağdaş Türkman ədəbiyyatı” mövzusunda elmi seminar keçirilib

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Çağdaş Türkman ədəbiyyatı" mövzusunda elmi seminar keçirilib. Təbirdə məruzəçi kimi dr. Şəmsəddin Kuzəçi təmsil olunub. Eyni zamanda Qazaxıstandan gəlmiş alimlər və başqa ziyalılar da seminarda iştirak ediblər.

Tədbirdən öncə seminarın mövzusunu əhatə edən kitab sərgisi ilə tanışlıq olub.

Olaylar.az xəbər verir ki, tədbiri girş sözü ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq Türkman və Azərbaycan ədəbiyyatının əlaqələrindən danışıb. Xoryat janrında yazılan əsərlərin kərkük ədəbiyyatında xüsusui rolunu vurğulayıb. Qeyd edib ki, "Şəmsəddin Kuzəçi Kərkük mövzusunda yetmiş üç kitab ərsəyə gətirib. O, İraq-Azərbaycan, Kərkük-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsində də böyük xidmət göstərir. İraq-Azərbaycan əlaqələrini möhkəmləndirməyi Türkiyə və İraqda həyata keçirənlər içərisində Şəmsəddin Kuzəçi öndə gəlir. Bu gün Azərbaycan-İraq ədəbi əlaqələri yüksək səviyyədə inkişaf edir. Bu əlaqələrin inkişaf etdirilməsi Kərkükdə yaşayan türk insanının, azərbaycanlıların qorunmasına, yaşamasına, haqlarını əldə etməsinə, məktəbini, mənəviyyatını qurub daha da möhkəmlənməsinə xidmət edir".

Akademik İsa Həbibbəyli Türkman alimlərinin elmi məqalələrindən ibarət kitabın çap olunması zərurətindən söz açıb. Şəmsəddin Kuzəçiyə "Azərbaycan-İraq-Türkman ədəbiyyatının tədqiqi və təbliği sahəsindəki görkəmli xidmətlərinə, Azərbaycan elmi-ədəbi dairələri ilə səmərəli əlaqələrinə görə" Ədəbiyyat İnstitutunun Fəxri Doktoru diplomunu təqdim edib.

 

Sonra Şəmsəddin Kuzəçi tədbirin təşkili üçün təşəkkürlərini çatdırıb. İraq türkmanlarının İraqda məskunlaşma tarixinə nəzər salan məruzəçi, eyni zamanda İraq dövlətinin yaranma xronologiyasını da xatırladıb. Çağdaş Türkman ədəbiyyatının ümumi mənzərəsini yaradan tədqiqatçı görülmüş işlər barədə ətraflı məlumat verib. Çağdaş Türkman şairlərinin iki cildlik antalogiyasını hazırladığını qeyd edib.

Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev görülən işlərin əhəmiyyətini qeyd edərək, 12 iyul 2023-cü il tarixində Azərbaycanda İraq-Türkman Araşdırmaları Şurasının yaradılmasını diqqətə çatdırıb. Şuranın tədbirlər planının hazır olduğunu bildirib.

İraq-Türkman Araşdırmaları Şurasının sədri, akademik Teymur Kərimli də çıxışında görülmüş işləri xatırladaraq qarşıda duran məsələlərdən söz açıb.

Tədbirdə qazaxıstanlı alim Ağmaral İsmaqulova, filologiya elmləri doktoru, professor İmamverdi Həmidov, tarix elmləri doktoru Güllü Yoloğlu çıxış edərək bu tədbirin gələcək işlərə böyük təkan verəcəyini əlavə ediblər.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31