Oqtay Hacımusalı Hafiz Mirzə ilə ədəbiyyat barədə

Oqtay Hacımusalı ("Xalq Cəbhəsi" qəzeti):

- Hafiz bəy, bir az ədəbiyyat barəsində danışaqmı?

Hafiz Mirzə (yazıçı-publisist):

-Yox! Allah xatirinə, nə barəsində istəyirsən danışaq, təkcə ədəbiyyat barəsində  susaq. Bu barədə çox danışdıq, amma heç nə hasil olmadı. Bir halda ki ölkədə imkanlı, əli yetən, ünü çatan hər kəs bu barədə susursa, deməli, belə münasibdir. Hamıdan ağıllı çıxmamışıq ki?

Oqtay Hacımusalı:

-Onda... Yaxşı, Sizcə hüquqi dövlətin inkişafında elmi mədəniyyətin rolu nə qədərdir? Elmi mədəniyyət vasitəsi ilə inkişaf edən hüquqi dövlət və vətəndaş cəmiyyətində hansı irəliləyişlər baş verə bilər?

Hafiz Mirzə:

- Hüquqi dövlətdə  hər şey, o cümlədən mədəniyyət  elmi əsaslara istinad et­məli, ayrı-ayrı səbatsız işbazların istədikləri kimi deyil, sosioloji, psixoloji  əsas­la­ra söykənməlidir. Lakin təəssüflər olsun ki, kapitalizm quruluşu daha çox bazara işləyir, bazarın tələblərindən asılı olur. Bu səbəbdən biznes maraqları önə çıxır və mə­dəniyyət özünün insan psixologiyasının formalaşmasına, milli-mənəvi dəyər­lərin inkişafına və daha fundamental əsaslarına istinad edə bilmir. Nəticədə hüquqi dövlətə deyil, daha çox anarxist düşüncələrə, bayağı meyllərə və hər cür əxlaqi dəyərlərə zidd olan bir mədəniyyət formalaşır. Bu isə həm də dövlətin təməl prinsiplərinə ciddi zərbələr vurur. Hüquqi dövlət quruculuğunda elmi mədəniyyətin aşkar təbliğatına ehtiyac yoxdur. Onun konseptual qərarlarını mediaya təlqin və qəbul etdirmək kifayətdir. Təəssüf ki, Azərbaycanda müstəqillikdən ötən 20 il ər­zində bu düşüncəyə tam istinad edilmədi. Bu xüsusda akademik Ramiz Mehdiyevin də SOS xarakterini daşıyan məqaləsi hamının yadındadır. Lakin təəssüf ki, bey­nəl­xalq qara qüvvələrin dünya mediası üzərində çox güclü rıçaqları mövcuddur və hə­min qaranlıq qüvvə elmi mədəniyyətin mediaya nəzarətinə imkan vermir.  Bu  baş tutarsa, media ədəbiyyatımızı da dartıb üzə çıxaracaqdır. İndiki vəziyyətində ədəbiyyatı şair və ya yazıçılar deyil, publisistlər dirçəldəcək.

Oqtay Hacımusalı:

- Bəs elə isə nisbətən müstəqil və qüdrətli görünən telekanallarimiz niyə kitabı sevmir? Halbuki dunya TV praktikasinda yətərincə belə verilişlər var sizcə bunun səbəbi nədir?

Hafiz Mirzə:

- Bizim telekanalların əksəriyyətinin başında heç də bir vaxtlar müstəqil fəaliy­yət  göstərmiş  publisistlər durmayıb. Həm də bizim telekanalları maliyələşdirən xarici donorlar millətin savadlanmasında maraqlı deyillər axı. Onlar bizim xalqı əhli-keyf, biyar, arsız görmək mara­ğın­da­dırlar. Ona görə də şou-biznes xarakterli və ya milləti alçaldıcı tok-şouların ge­niş­lən­məsinə rəvac verirlər. Türkiyədə adicə "Kurtlar vadisi"  tele-serialı da kitabı təb­liğ edir. Baş qəhrəmanların tez-tez guya ki, kitab oxuması, əlində kitab tutması heç nahaq deyil. Bəs bizdə?.. Bir azca "Xəzər" TV-də fərqli münasibət hiss olunur. Qa­lan­ları isə sanki kitaba, yazıçıya-şairə qənim kəsiliblər. Bu isə o deməkdir ki, bizim tele-knalların rəhbərlərindən tut­muş hamilərinə və işçilərinə qədər - heç kəs kitab oxuyan deyil. Zər qədrini əlbəttə ki zərgər daha çox bilər!

Oqtay  Hacımusalı :

- Azərbaycan xalqı, Orxan Pamukun kim olduğunu deyəsən bilmir. Orxan Pamuk adlı yazar, Türkiyədə ermənipərəst çıxışlarıyla məşhurdur. Türklərin 1.5 mil­yon ermənini soyqırıma məruz qoyduğunu iddia etmişdir. Azərbaycan tor­paq­la­rı­nın dörddə biri erməni işğalı altında ikən, Orxan Pamuk kimi Türk əleyhdarı və er­məni tərəfdarı yazıçını oxumaq, Azərbaycan torpaqları üçün şəhid olanların xa­ti­rə­sinə hörmətsizlikdir. Bu sözləri Türkiyə Ulusal  Partiyasının sədri və yazıçı - jur­na­list Gökçə Fırat səsləndirib. Sizcə, Orxan Pamukun Azərbaycan ədəbiyyatına sı­rın­masının arxasında nə gizlənir?

Hafiz Mirzə:

- Orxan Pamuk kimi öz xalqının əleyhinə iddialar yürüdən yazarları yalnız beynəlxalq masona, yəni sionizmə bağlı təşkilatlar dəstəkləyir. Mason demok­ratiya, insan haqları, fikir azadlığı, gender bərabərliyi, azsaylı xalqların öz müqəddəratını müstəqil həll etmə prinsipləri kimi gəlişigözəl ideyalarla əslində  da­ha çox türk və müsəlman məmləkətlərin həya pərdəsini yırtır, milli-mənəvi də­yər­lərini sarsıdır, onu simasız toplumlara çevirməyə çalışır. Elə qövmləri qoyun sü­rüsü kimi idarə etmək çox asan olur axı. Onlara bilərəkdən və ya bilməyərəkdən xid­mət və məşhurluq naminə bütün  vasitələrdən istifadə edənlər bizdə də var. Gu­ya ki bunlar postmodernistdirlər deyə yalnız milli, dini, mənəvi dəyərləri eninə-uzu­nuna təhqir etməklə diqqəti cəlb etməyə, bu yolla tanınmağa çalışır, həm də bey­nəlxalq qüvvələrin diqqətini cəlb etmək istəyirlər. Milli Kitab Mükafatı keçirdib ilk yarşımada bir  "Host"çu cavan uşağın cızma qarasının  qalib  edilməsi düşü­nür­sü­­nüz ki, təsadüfdür? Əsla yox! Oxuyun onun "A" romanını  və özünüz də əmin olun. Bizdə Orxan Pamukdan daha betərləri var. Hər şeylərini verməyə, hətta naturalnı "geyliyə" da razıdırlar, təki onları qəbul eləsinlər, pul versinlər, məş­hur­laş­dırsınlar. Sadəcə, hələlik elələrini  alan yoxdur... hələlik buna ehtiyac bil­mir­lər. Amma  ədəbiyyat nümunəsi olaraq düşmənin də yazılarını oxumağa dəyər. Biz bununla onu tədqiq etmiş olaraq. Əlbəttə, bunlar elitar oxucular üçündür və hər kəs üçün ələçatımlı olmasın deyə o əsərlərə yüksək aksiz vergisi tədbiq edil­mə­lidir. Buna mənəvi aksiz deyilməlidir.

Oqtay  Hacımusalı :

- Sizcə niyə telekanallarımız kitab reklamından qaçırlar? Siz hər hansı bir kitabınızın reklamı ucun bir tv - yə muraciət etmisinizmi?

Hafiz Mirzə:

-Məncə telekanallarımızın bir çoxu kitabdan, yaziçı və şairdən həm də bir qazanc əldə edə bilmədiklərinə görə kitab təbliğatına maraq göstərmirlər. Heydər Əliyev Fon­dunun diktəsi olmazdısa, onlar heç müğamın təbliğatına da  diqqət gös­tər­məz­dilər. İndi kimsə bu işə də qəyyumluq etməlidir. Bu olarsa, onda onlar özlərini gözə soxmaq üçün bizim hələ dərc olunmamış kitablarımıza da pul ayıracaqlar. Amma insafən, yaxşıları da var. Məsələn, mənim 8 kitabım nəşr edildiyi aydaca  Cənub bölgəsinin CTV adlı telekanalında geniş təbliğ olunub. Təbii ki, təşəbbüs mənim öz tərəfimdən olub, onlar da məni qırmayıblar. Amma "Mütəfəkkir" adlı sonuncu kitabım nəşr olunduqdan sonra "Xəzər" TV-nin direktoru Hüseyn Dinləməz bu barədə "OLAYLAR" qəzetində oxuyubmuş. O özü mənə zəng vurdu, təbrik etdi, televiziyaya  dəvət elədi, ona təqdim etdiyim nüsxədən çox məmnun  qaldı, çox suallar verdi və əməkdaşları çağırtdırıb, bu kitab barəsində təcili in­for­ma­siya süjeti çəkdirdi və həmin gün 2 dəfə nümayiş elətdirdi. Sağ olsun! Bunun o təsiri oldu ki, kitab çoxlarının diqqətini cəlb  elədi və qısa vaxt ərzində tamam sa­tıl­dı. O, mənim əvvəlki "Son və başlanğıc"  adlı kitabıma da böyük diqqət gös­tər­mişdi. Lakin mən "Son və Başlanğıc" adlı kitabımı digər  bütün telekanal rəh­bər­lərinə hədiyyə göndərmişdim. Nəinki təbliğ etmədilər, quruca təşəkkür eləməyə də kimsənin incarı çatmadı.

Oqtay  Hacımusalı :

-http://azerichild.info saytı antiazerbaycan uşaq ədəbiyyatı saytı yaradıb. Buna munasibetiniz necədir? Azərbaycanda hələ də səviyyəli bir uşaq ədəbiyyatı say­tı­nın olmamasınin sizcə səbəbləri nələrdir?

Hafiz Mirzə:

-Azərbaycanda böyüklər üçün guya babat bir ədəbiyyat saytı var ki ya, biz normal uşaq ədəbiyyatı saytının olmamasından dad edək? Əsil səviyyəli ədəbiyyat saytı və ya qəzeti öz məhsulunu  oxuculara  düzgün, operativ  və  maraqla çatdırma  piarı  qurar, bununla biznes də yapar və müəllifə ləyaqətli qonarar verər! Bizdə belə sayt varmı? Mən heç  böyüklər üçün mü­kəm­məl ədəbiyyat  olduğunu düşün­mü­rəm. Əvvəlcə yaxşı məhsul olmalıdır ki, onun ləyaqətli təbliğinə dəysin. Lə­ya­qətli uşaq ədəbiyyatı  yaratmaq da çox çətin bir şeydir. Yazar yalnız həmin sahədə  for­malaşmalıdır.  Hər yazar bu sahəyə  soxulmamalıdır. Məsələn, adını çəkmirəm, ero­tik şeirlər yazan bir qadın yazarın həm də  uşaqlar   üçün uğurlu nəsə yaza bilə­cəyini heç düşünmürəm. Məncə AYB-dən daha çox hökumət  uşaq ədəbiyyatına diq­qət göstərməlidir. Çünki bu gün uşaq ədəbiyyatının olmaması sabah böyükər üçün əədəbiyyatın da olmamasına rəvac verəcək. Ən azı, oxucu yetişdirmək üçün uşaq ədəbiyyatına diqqət yönəlməlidir. Bu iş isə uşaq baxçaları və ibtidai siniflərlə bağ­lı müxtəlif layihələr şəklində başlana bilər. Heç olmayan yerdə bu sahədə AYB də mühüm işlər görə bilər. Məncə bəzi yazarlara təqaüd paylamaqdansa, o vəsait həc­mində layihələrin müsabiqəsini elan etmək olardı.

Ən azından həmin vəsaitlə bir ləyaqətli uşaq saytı yaratmaq və işlətmək olardı.

Oqtay  Hacımusalı :

-AYB filiallarının fəaliyyəti haqqında nə düşünürsünüz? Bir sıra söz - söhbətlər gəzir ki, AYB - nin filialları sədrlərin şəxsi əmlakıdır. Filialların gəncləşməsinə necə baxırsınız? Azərbaycan yaradıcı ədəbi birliklər niyə yaranmır? Yaranan ədəbi birliklərin fəaliyyətsizliyi niyə belə nəzərəçarpandır?

Hafiz Mirzə:

- Düşünürəm ki, AYB-nin təkcə ölkə dərəcəli 14  böyük şəhərində deyil, hətta hər bir rayonunda filiallarının olması heç nəyə ziyan eləməz. Yağın bolluğu sıyığa ziyan etmədiyi kimi. Neft və milyonlar səltənətində yerli büdcə gəlirləri hesabına hər şəhərdə bir filial saxlanılması nə çətin məsələdir ki?! Böyük şirkətlərin respublikanın hər yerində distribyuteri, provayderi və sair ola bilər, millətə daha böyük fayda verməli olan yazarlar ocağının şöbəsi və ya filialı ola bilməz?

Amma bu ayrı bir mövzudur ki, oradakı filial sədrləri bu işə tam ləyaqətlidir, ya yox. Həm də əyalətlərdə filial yox, AYB-nin bölmələri fəaliyyət göstərir. Elə ra­yonlar ola bilər ki, orada sədrlər paslı və əyri mıx olub bölməyə pərçim olublar. Həm də... ədəbiyyatın ümumi problemlərini AYB  düzəldə bilmirsə, o necə bi­lə­cək? Mən "gəncləşmə" və ya "qocalar" ifadəsini ümumiyyətlə, yabançı bir şey he­sab edirəm. Yalnız yenilənmə ola bilər və bunun heç bir ziyanı da olmaz. Necə ki, adicə kompüter də "obnovlenie" olanda daha yaxşı işləyir. Amma "yorulmuş atları döngədə  güllələmək" həm ayıb, həm də qəbahətdir. Hamımız Allah ömür versə qo­calacağıq. İnsanları qocalığına və ya cavanlığına görə vəzifəyə cəlb və ya kənar et­mək  gülünc bir əməldir. Onları iş keyfiyyətinə görə dəyərləndirmək lazımdır. Hər­­bidə, elmdə, xüsusi xidmətlərdə, seçkili və yaradıcı təşkilatlarda məhz yaşlılıq daha mü­hüm əhəmiyyət kəsb edir. Azərbaycanda yaradıcı ədəbi birliklər yalnız maliyyə prob­lemləri ucbatından yaranmır. Çünki  bədii yaradıcılıqla bağlı qrant mü­­sa­bi­qələri keçirilmir, buna pul ayıran yoxdur. Xarici donorlar isə bunu qətiyyən istə­mir. Əcnəbilər bizim milli-mənəvi simamızın daha da formalaşmasında heç ma­raq­lı deyillər. Özümüzdə isə KİVDF yaradılır, amma Ədəbiyyatın İnkişafına Dəstək  Fondu   yaradılmır! Niyə?!

Oqtay  Hacımusalı :

-Sizcə bizdə ədəbiyyatın inkişafına dəstək fondu və ya bu kimi digər strukturlar  niyə yaradılmır?

Hafiz Mirzə:

- Ay sənin saqqalın ağarsın, Oqtay, bayaqdan elə ədəbiyyat barədə danışırıq ki. Dedim axı, mənə ədəbiyyat barədə sual vermə.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31