“Bəxtiyar Vahabzadə. Həyatı, mühiti və yaradıcılığı” kitabı işıq üzü görüb
13 Yanvar 2023 16:17 MədəniyyətAzərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutun baş elmi işçisi, filologiya elmləri doktoru Əlizadə Əsgərlinin "Bəxtiyar Vahabzadə. Həyatı, mühiti və yaradıcılığı" monoqrafiyası çap olunub. "Sənətkarın elmi pasportu seriyası"nın 32-ci nəşri olan "Bəxtiyar Vahabzadə. Həyatı, mühiti və yaradıcılığı" kitabı Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr edilib.
Kitabın elmi redaktoru və "Milli istiqlal şairi Bəxtiyar Vahabzadə" başlıqlı ön sözün müəllifi AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir.
Məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, rəyçiləri isə fəlsəfə elmləri doktoru Rahid Ulusel və filologiya üzrə fəlsəfə doktoru Aslan Salmansoydur.
Monoqrafiyada Xalq şairi, ictimai xadim, akademik Bəxtiyar Vahabzadə poeziyasının milli və bəşəri qaynaqları, onun mövzu, ideya-məzmun və bədii forma mündəricəsi, şairin azərbaycançılıq, türkçülük və dinçilik baxışları, Azərbaycan milli ideyasının təkamülü yollarında mücadiləsi ədəbi-fəlsəfi və ideoloji kontekstdə əksini tapıb.
Altı fəsil on bir bölümdən ibarət monoqrafiya 556 səhifədir. Kitab "Elm və təhsil" nəşriyyatında nəşr edilib.
Gülnar Səma
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi