Bir ulduz parladı uzaq üfüqdən- Əhməd Cavad 130 - FOTO - ÖZƏL
1 Noyabr 2022 11:24 MədəniyyətBakı Slavyan Universitetinin Azərbaycan ədəbiyyatı kafedrası Filologiya fakültəsi ilə birgə 31 Oktyabr 2022-ci il tarixində istiqlal şairi Əhməd Cavadın 130 illiyinə həsr olunmuş dəyirmi masa formatında tədbir keçirdi. "Bir ulduz parladı uzaq üfüqdən - Əhməd Cavad 130" adlanan tədbirdə fakültənin müəllim və tələbə heyəti çıxış edirdi. Tədbiri Bakı Slavyan Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, professor Rəhilə Qeybullayeva açaraq milli istiqlal şairi Əhməd Cavadın bədii yaradıcılığının müasir dövrümüz üçün əhəmiyyəti və aktuallığından danışdı. Şairin sadə, həzin, səmimi hisslərlə yoğrulmuş poeziyası və tanınmış bəstəkarlarımızın şairin sözlərinə bəstələnən həmişəyaşar mahnılarından söhbət açdı.
Tədbirin moderatoru, Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Günay Qarayeva şairin ədəbi və ictimai fəaliyyəti haqqında geniş məlumat verdi. Əhməd Cavadın bir-birindən əsaslı şəkildə fərqlənən, mürəkkəb tarixi, ictimai-siyası mühitdə yaşamasına baxmayaraq yaradıcılığının əsas mövzu və ideyasını təşkil edən millilik, suverenlik, milli istiqlal ideyalarının hər dönəmdə məzmun baxımından yeniləndiyini, daha da dolğunlaşdığını nəzərə çatdırdı.. Poeziyada bədii təfəkkürün ictimai təfəkkürü üstələməsi, milli, suveren dövlətçiliyimizin ilk olaraq ideologiyada mövcudluğu şairin şeirlərindən gətirilən nümunələr əsasında diqqətə yetirildi. Şairin Azərbaycan ədəbiyyatında yeri və mövqeyini dəyərləndirərkən millilik kontekstində mövzu və ideya, poetik struktur, forma və dil-üslub baxımından yenilikləri vurğuladı.
Kafedranın professoru Leyla İmaməliyeva Əhməd Cavadın bədii, ictimai fəaliyyəti ilə yanaşı 30 ilə yaxın pedoqoji fəaliyyəti ilə bağlı fikirlərini bildirdi.
Filologiya fakültəsinin III kurs tələbələri Vəliyava Validənin "Əhməd Cavad 1920-1930-cu illər tənqidində" və Aytac Mirzəyevanın Əhməd Cavad və Türk ədəbiyyatı" mövzusunda geniş məruzələri tədbir iştirakçılarının marağına səbəb oldu. Validə Vəliyeva məruzəsində ilk növbədə 1920-1930-cu illərin sosial-psixoloji mühiti haqqında məlumat verərək Əhməd Cavad şəxsiyyətinə və yaradıcılığına tənqidin qərəzli və sifarişli mövqeyini geniş təhlillər əsasında nəzərə çatdırdı. Aytac Mirzəyeva isə Əhməd Cavad yaradıcılığında Türk ədəbiyyatından təsirlənmə, Mehmet Akif Ərsoy və Məmməd Əmin Yurdaqul yaradıcılığından bəhrələnmə, Türkçülük, Turancılıq ideyalarının təbliği yönümündə türk şairlərinin yaradıcılığı ilə oxşar məqamlara toxundu.


.jpg)

.jpg)