Kamandar Eyvazlıdan yeni şeirlər
4 Noyabr 2022 12:53 MədəniyyətGözlərim
Gözlərmi apardı nurunu sənin,
Gözlərdən gözəllik uman gözlərim.
Gözündə tək onu gözəl görürsən,
Gözünü hamıya yuman gözlərim.
Gözlərdi istəyim, arzum, diləyim,
Gözdə gül-çiçəyim, gözdə mələyim.
Gözləri görməyən gözə nə deyim,
Gözümə dağ çəkir yaman gözlərim.
Göz oldum gözləri görən günündən,
Doymadım gözlərin gözəlliyindən.
Salma Kamandarı gözəl gözündən,
Aman ver, amandı, aman, gözlərim.
Aldı
Ocağı, tüstünü, odu, kösöyü,
Yoxdu pis adamı, yoxdu pis öyü.
O eli-obanı, kəndi, kəsəyi,
Söhbətlər yenə də yadıma saldı,
Gör şəhər əlimdən nələri aldı...
Yazda yaylaqları, qışda aranı,
Sağaldar sağalmaz olan yaranı.
Yağışı, çiskini, qarı, boranı,
Bilməzdim yamacdı, gədikdi, yaldı,
Gör şəhər əlimdən nələri aldı...
Sərin bulaqların gözündən içdim,
Dəlisov çayların içindən keçdim.
Gülündən iyləyib, otundan biçdim,
Hərdən elə billəm bunlar xəyaldı,
Gör şəhər əlimdən nələri aldı...
Küləklə, çovğunla qucaqlaşardım,
Qayaya dırmaşıb, zirvə aşardım.
Elə qaynayardım, elə daşardım.
İndi görən deyir: susqundu, laldı,
Gör şəhər əlimdən nələri aldı...
Cavanın sözünün zəri varıydı,
Yaşlının hörməti, yeri varıydı,
Qəlbimdə gizlənən biri varıydı,
Mən gəldim, onlarsa o kənddə qaldı,
Gör şəhər əlimdən nələri aldı...
Sevinci, şadlığı itirib gəldim,
Dərdimi, sərimi gətirib gəldim.
Şələmi çiynimə götürüb gəldim,
Deyimmi naxışdı, deyimmi xaldı,
Gör şəhər əlimdən nələri aldı...
Xatirə doludur hər cığır, hər iz,
Yurd yeri, binələr, çadır dəyəmiz...
Torpağı, havası, suyu tərtəmiz,
Ağacı, meşəsi, çiçəyi baldı,
Gör şəhər əlimdən nələri aldı...
Kamandar, vermisən bada illəri,
Yaşa dəli kimi, yaşa sərsəri.
Son günün gələndə dönərsən geri?
Sənə verəcəyim tək bu sualdı,
Gör şəhər əlimdən nələri aldı...
Mənimdi
Bir gündə gör neçə oğul itirdik,
O da mənimkidi, bu da mənimdi.
Ocağa atıldım, oda qalandım,
Od da mənimkidi, su da mənimdi.
Könlümü ağrıdan neçə can oldu,
Tək oğul, tək qardaş, tək cavan oldu.
Göz yaşı gözlərdən axan qan oldu,
Göl də mənimkidi, qu da mənimdi...
Nə deyim gərdişə, üz tutum hara,
Təsəlli nə olar de, Kamandara.
İllərlə sağalmaz bu dərd, bu yara,
Ha sarı, məlhəm qoy, yu da, mənimdi.
Dostlar
Yazan mənim bəxtimi
Almaniyaya yazdı.
Dərdimə dərman üçün
Bir il çoxdu, ay azdı.
Gözümdən axan sular:
Bulanan gur bulaqlar.
Başımda ağapbaq qar,
Ürəyimdə ayazdı.
Biri - mənim səsimdi,
Biri - duyur, bəsimdi,
O, Mübariz Məsimdi,
Arabaçı Ayazdı.
Kimi
Kəpənəkçi - doğma, əziz,
Bir el yoxdu elim kimi.
Dumdurudu - aydın, təmiz,
Hansı dil var dilim kimi.
Bu günlərim kaş keçəydi,
Onsuz ömür boş keçəydi.
Hər bir ilim xoş keçəydi,
Orda keçən ilim kimi.
Güvəndiyim ağıl hanı?
Eşitdiyim nağıl hanı?
Ay Kamandar, oğul hanı,
Novruz oğlu Alim kimi!
Kamandar Eyvazlı