Müasir insanların “layk” dərdi – Oğuz Ayvaz yazır..

Oğuz Ayvaz

İkinci Dünya Müharibəsindən sonra iki böyük hegemon güc yarandı. Amerika Birləşmiş Ştatları və Sovet Sosialist Respublikaları İttifaqı. Savaşdan sonra dünya iki qütbdə silah yarışına daxil oldu. Sakit Okean cəbhəsində aparılan hərbi əməliyyatlar çərçivəsində Hiroşima və Naqasakinin atom bombardmanı - bəşər tarixində nüvə silahının hərbi məqsədlə tətbiq olunduğu ilk və yeganə nümunədir. Müharibənin  sonlarında Sakit Okean cəbhəsində aparılan hərbi əməliyyatlar çərçivəsində ABŞ Silahlı Qüvvələri tərəfindən Yaponiyanın kapitulyasiyasını sürətləndirmək məqsədilə həyata keçirilmişdir. Atom bombası böyük partlayışlara və onminlərlə insanın ölümünə səbəb olmuşdur. ABŞ atom bombalarını inkişaf etdirməklə yanaşı, onları istifadə etməklə ciddi bir nüvə silahı yarışına girdi. Bu müddətdə ABŞ, mümkün nüvə hücumu zamanı rabitə şəbəkəsini qorumaq və hərbi bazalarla digər hərbi nöqtələr arasında əlaqəni qorumaq üçün ARPANET adlı bir layihə həyata keçirdi. ARPANet adlanan bu şəbəkə vasitəsilə Los-Anceles, Santa-Barbara və Yuta ştatının universitetləri və Stenford Elmi-Tədqiqat İnstitutu arasında informasiya mübadiləsi təmin edildi. Məqsəd hərbi ştablardakı kompüterlər arasında informasiya mübadiləsi yaratmaqdı. Bu məqsədlə aparılan tədqiqatlar ABŞ-nın prespektiv elmi işlər idarəsi tərəfindən maliyələşdirilir və nəticədə 1968-ci ildə bu sistem yaradılır. Beləliklə internet yaranır və tezliklə dünyaya yayılmağa başlayır. İlk günlərdə e-poçt ünsiyyəti və fayl göndərmə xüsusiyyətlərinə sahib olan internet gündən-günə inkişaf etdi və artıq bu gün həyatımızın bir parçasına çevrilib.

İnternetin bu günkü qədər populyar, kütləvi olmadığı illəri xatırlayıram. Televiziya kanallarından, radiodan eşitdiyimiz mahnıları, yaxud da izlədiyimiz filmlərin kasetlərini çətinliklə, axtara-axtara tapar, böyük sevinclə o mahnıları dinləyər, filmlərə baxardıq. Zaman sürətlə dəyişdi, kimlərsə valın istiqamətini başqa yerlərə təyin elədi. 90-lardan qalan moda, sənət, kino, ədəbiyyat, həyat tərzi sanki bir göz qırpımında nostaljiyə çevrildi.

Hiroşima bombalandı və internet yarandı. İnternetin olmadığı illəri xəyal edə bilirsiniz? Bu gün həyatımız çox sürətli, əl çatan, daha rahatdır. Əvvəllər bir şeyi əldə eləmək üçün dəridən-qabıqdan çıxırdıq. O nəsnəyə ulaşmağın mutluluğunu doyunca yaşayırdıq. Əyləncələr, zövqlər, insan münasibətləri bu qədər çirklənməmişdi.

İnternetin bu qədər bol olduğu bir dövrə gəlib çatmışıq. Hər şey bol olanda mütləq ki, orda zərərli, faydasız, gərəksiz işlər görənlərdə olacaq. Necə ki, internetdən düzgün istifadə edə bilməyən on minlərlə kütlələr mövcuddur. Tik-Tokçuları, vaynerləri, məzmunsuzları, narkotik satanları, fahişələri, işverənləri, dələduzları ardını tamamlaya bilərsiniz...

Bu sözləri məncə, rahatlıqla deyə bilərik: hamamda, tualetdə, metroda, küçədə, parkda, məktəbdə, universitetdə, avtobusda, maşında, yol keçəndə, barda, kafedə, bir sözlə hər yerdə internetə məhkumuq. İnternetin, sosial şəbəkələrin əsri, köləsiyik. Milyonlarla informasiyanın, mətnlərin, fotoların, statusların, videoların dünyasında yaşayırıq. İndi həyatlarımızda layk, smaylik, şərh yazmaq, bildiriş almaq, mesaj yazmaq, quqlda nəsə axtarmaq, yutubda məzmunsuz videoların arasında gəzişməkdi yaşamağımız. Buna yaşamaq deyə bilərikmi? Yaşamaq bu qədərmi texnikalaşdı, bu qədərmi süniləşdi?

İstəsək də istəməsək də internet ömrümüzə yazılan bir taledir. Bu taledən özümüzə yararlı mənbələrdən istifadə edək, bilgi qazanaq, inkişaf edək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31