İki ölkəyə bağlı olan Toğrul Nərimanbəyov-PROBLEM
20 İyun 2013 21:04 Mədəniyyətİyunun 2-də dünyasını dəyişən Xalq rəssamı Toğrul Nərimanbəyovun harada dəfn olunacağı məsələsi mərhumun ikinci həyat yoldaşı Sevil Nərimanbəyova ilə birinci xanımından olan qızı Əsmər Nərimanbəyovanı qarşı qarşıya qoyub. Mütəmadi olaraq mediada "O məhkəmədə bildirib ki, atam müsəlman deyil, katolikdir və yandırılaraq, katolik kimi dəfn olunmalıdır", "Toğrul Nərimanbəyov Fransada dəfn olunacaq - cəsədi yandırılacaq" başlıqları altında müxtəlif xəbərlərlə qarşılaşırıq. Hələ də bu istiqamətdə davam edən münaqişələr səngimək bilmir. Mərhumun ikinci xanımı, əslən azərbaycanlı olan Sevil Nərimanbəyova Xalq rəssamının Fransada dəfn edilməsini tələb edir. Əsmər Nərimanbəyova isə atasının ikinci həyat yoldaşının tələbini qəbul etmək niyyətində olmadığını deyir. Əslində bu torpaqda dünyaya göz açan Xalq rəssamının doğma yurdunda deyil, məhz Farnsada dəfn olunması ilə bağlı tələb bəlkə də bir çoxları üçün qəbul edilməyə bilər. Məsələnin kökünə nəzər saldıqda Toğrul Nərimanbəyovun anasının fransız olduğunu, yad ölkə adlandırdığımız bu diyarın əslində onun üçün o qədər də ögey olmadığını görə bilərik. Rəssamın atası Fərman bəylə ailə həyatı qurduqdan sonra Bakıya gələn, bütün həyatını bu diyarla bağlayan Larraude İrma Jeanovnanın sonuncu dayanacağı da elə Azərbaycan olub.
Xalq rəssamının yaşı elə də az deyildi. 83 yaşında dünyasını dəyişən Toğrul Nərimnabəyov bəlkə də vəsiyyət yazmış olsaydı, ölümündən sonra bu cür söz-söhbətlər, tərəflər arasında fikir ayrılığı da yaranmazdı. Bu məsələni gözə almayan rəssam üçün bəlkə Azərbaycan, ya Fransada torpağa tapşırılması bir o qədər də önəm kəsb etməyib. Hər iki torpaq onu özünə bağlayır.
Bir müddət öncə rəssamın hansı dinə mənsubluğu ətrafında da söz-söhbətlər yaranmışdı. Sözsüz ki, bu amil onun hansı dinin adət-ənənələrinə uyğun şəkildə dəfn olunmasında mühüm rol oynayır. Yaranan söz-söhbətlərə Toğrul Nərminabəyovun xanımı Sevil Nərimanbəyova son qoydu. O, rəssamın islam dininə mənsubluğunu deyərək onun müsəlman adət-ənənələrinə uyğun şəkildə torpağa tapşırılacağını söylədi. Bununla belə rəssamın qızı Əsmər xanım atasının ikinci həyat yoldaşının səmimiliyinə inanmadığını vurğuladı. Ə.Nərimanbəyova verdiyi açıqlamalarda Toğrul Nərimanbəyovun bir qadına yox, Azərbaycana məxsus olduğunu söyləyərək hər kəsi bu işdə ona dəstək olmağa çağırıb. Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov isə Nərimanbəyovun Fransada dəfn edilməsində bu ölkənin maraqlı olduğunu deyir: "Soruşa bilərsiniz ki, o maraq nədən ibarət ola bilər. Əlbəttə ki, söhbət qazanc götürməkdən gedir. Fransada dünyasını dəyişən və bu ölkədə basdırılan o qədər dünya məhşurları var ki. Hər il o məhşurların ölkəsindən minlərlə insan onların qəbrini ziyarət etmək üçün turist qismində Fransaya axışır". Bəziləri rəssamın ikinci həyat yoldaşının Fransada vətəndaşlıq qazanmaq üçün bu cür addım atmasını söyləsə də qarşı tərəfbu iddiaları qəbul etməyərək səslənən fikirlərin cəfəngiyyat olduğunu deyib: "Mən Fransa vətəndaşlığı almaq istəmirəm. Hətta bu haqda Toğrul da məndən xahiş edəndə, imtina etmişdim. Mənim Fransada qalmağıma icazə verən kartım məni tam qane edir. O kart 10 il müddətinə verilir, müddət bitdikdən sonra isə bunu uzatmaq mümkündür. Vəkilim də mənə məsləhət görüb ki, bu kartı vətəndaşlığa dəyişməyim. Mən Azərbaycan vətəndaşıyam". İyunun ikisində dünyasını dəyişən rəssamın ölüm xəbərinin bir həftə gizlin saxlanılmasının isə hansı məqsədə qulluq etdiyi hələ də bəlli deyil. Ümujmiyyətlə bu ğlkədə ölüm xəbərinin gizlin saxlanılması Fransa qanunvericiliyinə görə kriminal fakt hesab edilir. Əsmər Nərimanbəyova da bu addımın qanunazidd olduğunu deyir: "Mərhumun qohumlarına dezinformasiya vermək, onları dəfnin harada keçiriləcəyindən xəbərsiz qoymaq üçün əllərindən gələn hər şeyi ediblər. Əsasən də, Sevil Nərimanbəyova bəyan edib ki, həyat yoldaşını Parisin mərkəzində, nüfuzlu məzarlıqda dəfn etmək istəyir. Lakin işdəki sənədlərə görə, o atamı Sant Luendə, Parisin 93-cü rayonunda dəfn etməyə hazırlaşır, bu isə heç də Parisin mərkəzi deyil".
Sözsüz ki, hər kəs bu torpaqda böyüyən azərbaycanlı rəssamın ölkəmizdə torpağa tapşırılmasını istəyər. Bir neçə il öncə Rusiyada yaşayan görkəmli incəsənət xadimi Müslüm Maqomayev də məhz Azərbaycanda torpağa tapşırıldı. Baxmayaraq ki, onun həyat yoldaşı rus idi. Mərhumun həyat yoldaşı SSRİ xalq artisti, məşhur opera müğənnisi Tamara Sinyavskaya Müslüm Maqomayevin Azərbaycanda dəfnini böyük məmuniyyətlə qəbul etdi. Bu yerdə "gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı" demək bəlkə də yerinə düşməz. Ona görə ki, hər iki torpaq-həm Azərbaycan, həm də Fransa Toğrul Nərimanbəyov üçün doğma diyar idi. Biri ata yurdu, digəri isə ANASININ VƏTƏNİ idi.
Xatırladaq ki, SSRİ və Azərbaycan respublikasının dövlət mükafatları laureatı, SSRİ və Azərbaycanın Xalq rəssamı, Prezident təqaüdçüsü Toğrul Fərman oğlu Nərimanbəyov iyunun 2-də 83 yaşında dünyasını dəyişib. Onun ikinci həyat yoldaşı rəssamın Fransada dəfn olunmasında israr edir, qızı isə buna qarşı çıxır və atasının Azərbaycanda dəfn olunmasını istəyir. Əsmər Nərimanbəyova bununla bağlı məhkəməyə də müraciət edib.
Böyük sənətkarların bir ölkəyə deyil, bütün dünyaya məxsus olmasını unutmayaq...Allah rəhmət eləsin!
Nigar Məhərrəm