Moskvada Əməkdar rəssam Tahir Məmmədovun fərdi sərgisi açılacaq
20 İyun 2013 18:40 MədəniyyətMədəniyyət və Turizm Nazirliyindən "OLAYLAR"a verilən məlumata görə, 2013-cü il iyunun 26-dan iyulun 7-dək Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Moskvadakı Mərkəzi Rəssamlar Evində Əməkdar rəssam Tahir Məmmədovun rəngkarlıq əsərlərindən ibarət fərdi sərgisi keçiriləcək. Dövlət Rəssamlıq Akademiyasının dosenti Tahir Hidayət oğlu Məmmədov 1946-cı il mart ayının 1-də anadan olub. 1967-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini, 1976-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirən rəssam 1979-cu ildən etibarən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 1981-ci ildə Moskva şəhərində "Yunost" jurnalının təşkil etdiyi sərgidə ilk fərdi sərgisini keçirib. 1992-ci ildə SSRİ Rəssamlıq Akademiyasının diplomuna layiq görülüb. 1992-ci ildə Parisdə "CITE INTERNATIONALE DEZ ARTS" sərgisində fərdi yaradıcılıq sərgisi açılıb. 2001-ci ildə Azərbaycan Rəssamlar İttifaqının "Sultan Məhəmməd" mükafatının, 2001-ci ildə "Ənənəvilik və müasirlik" I Beynəlxalq Foto müsabiqəsində birinci yerin, 2004-cü ildə "Humay" Milli Mükafatının qalibi olub. 2002-ci ildə Azərbaycanın Əməkdar rəssamı fəxri adına layiq görülmüşdür.
Yaradıcılığını təkmilləşdirmək məqsədi ilə bir neçə il xarici ölkələrdə yaşayıb yaradan Tahir Məmmədov istər rəngkarlıq janrında, istərsə də bədii fotoqrafiya sahəsində öz dünyagörüşünü əsərlərində ustalıqla əks etdirən istedadlı sənətkardır. Onun əsərləri dünyanın müxtəlif muzey və qalereyalarında: Tretyakov Qalereyasında (Moskva), "Şərq Xalqları" muzeyində (Moskva), Bədii Sərgilər Direktorluğunun fondunda (Moskva), "ARTS Turnelle" sərgi salonunda (Paris), "Edmon Rozenfeld" qalereyasında (Paris), o cümlədən Amerika Birləşmiş Ştatları, Almaniya, Yaponiya və Türkiyədə şəxsi kolleksiyalarda saxlanılır.