“Xalqın dirəniş gücünə ümidim artdı”
Fazil Mustafa: “Sanki hansısa gizli əl bu millətin savadsızlığı üçün səy göstərir”
20 İyun 2013 16:55 Mədəniyyət"Sabir əsərlərinin Bədii Qiraəti üzrə Şamaxıda keçirilən müsabiqənin hesabatında iştirak etdim. Üç ildir Millət Vəkili Elxan Süleymanov rayonun bütün kəndlərini əhatə edən geniş və maraqlı bir müsabiqə keçirir. Ən yoxsul təbəqədən olan istedadlı uşaqlara qalib nominasiyası olaraq aylıq mükafat da verir". Bu fikirləri millət vəkili Fazil Mustafa açıqlayıb. Onun sözlərinə görə, uşaqlar öz qiraətləri ilə o qədər möhtəşəm bir təqdimat ortaya qoyublar ki, Sabiri yenidən dərk etmiş olublar: " Bu millətin məktəbli qızlarının Sabir şeirlərini bu dərəcədə gözəl ifa edəcəklərini doğrusu gözləmirdim. Tam əmin oldum ki, bu millətin insanını doğru istiqamətləndirmək mümkün olsa, millətin insanına azacıq belə sevgi olsa necə istedadlı uşaqlar və gənclər üzə çıxarmaq mümkündür. Müharibənin və laqeydliyin sındırdığı bu cəmiyyətin diriliş gücünə bir daha ümidim artdı. Övladlarımıza, xüsusilə də qızlarımıza layiqli təhsil verməyə çalışmalıyıq. Sanki hansısa gizli əl bu millətin savadsızlığı üçün daha çox səy göstərir. Bir vaxtlar bunu Seyid Əzimin, Sabirin, Mirzə Cəlilin ifşa etdiyi mollalar edirdi, indi isə bəzi zombiləşmiş məmurlar edir. Bilgi sahibi olan bir cəmiyyət daha güclü və özünə güvənən cəmiyyət sayılır. Tarixi bir müqayisə də aparmaq istəyirəm. Sabirin ilk kitabını ölümündən bir il sonra qədirbilən Azərbaycan xalqı deyil, erməni ziyalı qadınlar pul toplayıb dərc etdirmişlər. Bu gün isə Sabiri məllətimizə təqdim edən Azərbaycan məktəbliləridir. Hər bir halda bu bir təsəlli sayıla bilər". ("OLAYLAR"İA)