Xalqını sevən, avamlığa tənə edən şair

“Sabirin əsas hədəfi cəhalət və nadanlıq idi”

Rəşid Behbudov adına Mahnı Teatrında Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr olunmuş, 2011-2013-cü illərdə keçirilmiş bədii qiraət müsabiqəsinin hesabat tədbiri keçirilib. "OLAYLAR"ın məlumatına görə, tədbiri çıxış sözü ilə açan qiraət ustası Ağaxan  Bayramlı ilk öncə şairin yaradıcılığı haqda məlumat verib: "Mirzə Ələkbər Sabir Azərbaycan ədəbiyyatında əvəzsiz xidmətlərə malik olan bir şəxsdir. Onun dili, üslubu da özündən öncə və özündən sonra yazıb-yaradanlardan hər zaman seçilib. Sabir cahillərə, nadanlara qarşı mübarizə aparırdı. Nə qədər öz xalqının qüsurlarını göstərsə də, hər zaman bizlərə dəyər verib". Qiraətçi daha sonra bu cür tədbirlərin keçirilməsində, böyük şairimiz Seyid Əzim Şirvaninin məzarının önünün abadlaşmasında mühüm rolu olan AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanovun da gördüyü işlərdən danışıb: "Şamaxıdan millət vəkili seçilən Elxan Süleymanovun da Sabir yaradıcılığının təbliğində, bu cür müsabiqələrin təşkilindəki rolu danılmazdır". Daha sonra  xalq şairi Musa Yaqub müsabiqənin təşkilinin gənclər üçün  şairin yaradıcılığının təbliğində önəmli rola malik olduğunu deyib: "Artıq üç ildir ki, böyük şairimiz Mirzə Ələkbər Sabirin yaradıcılığının təbliği üçün silsilə olaraq qiraət müsabiqəsi təşkil olunur. Bu çox sevindirici haldır. Müsabiqə bədii qiraət sahəsində irəliləyişlərə kömək edəcək və Azərbaycanda bu gün az olan bədii qiraətçilərin sayını artıracaq. Biz dəfələrlə Yazıçılar Birliyinə hər ilin bir gününü Sabir günü kimi qeyd etməyi təklif etmişik". Xalq şairi daha sonra Sabir yaradıcılığı haqda danışıb: "Sabirin yaradıcılığı digər şairlərdən hər zaman fərqlənib. Onun yaratdığı müsbət və mənfi qəhrəmanlar da bu xalqın nümayəndəsi olub.Ədəbiyyatımızda ən böyük xidmətlərə malik olan şairlərdən biri, bəlkə də birincisi elə Sabirdir".  Elxan Süleymanovun bu istiqamətdə olan işləri haqda danışan xalq şairi millət vəkili tərəfindən müsabiqə qaliblərinə təqaüd verildiyini deyib.  Daha sonra filologiya elmləri doktoru Yaqub Babayev çıxış edərək böyük şairin yaradıcılığından, onun əvəzsiz xidmətindən danışıb: "Heç bir xalqın şairi öz millətini bu qədər tənə etməyib. Bununla belə bizi tənə edən şairi hər zaman sevmişik. Onun əsas hədəfi cəhalət, mövhumat və xalqın avamlığı idi. Çünki o eybəcərliklərə gülür, ölkəmizin də digər xalqlar kimi inkişaf etməsini istəyirdi. Millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə ötən il Sabir haqda yazılan məqalələrdən ibarət toplu işıq üzü gördü. Sabir yaradıcılığına bu qədər yüksək qiymət vermək çox sevindirici haldır". Tədbirdə çıxış edən AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanov Şamaxının Azərbaycan mədəniyyətinə çoxsaylı şəxsiyyətlər bəxş etdiyini və bunların arasında M.Ə.Sabirin xüsusi yeri olduğunu deyib. Onun sözlərinə görə, bu gün yeniyetmə və gənclərimizdə ədəbiyyata olan marağın artmasında bu cür müsabiqələrin təşkili xüsusi önəm kəsb edir. Tədbirin sonunda müsabiqə qaliblərinin çıxışları olub. Qeyd edək ki, müsabiqənin təşkilində əsas məqsəd M.Ə.Sabirin yaradıcılığının tədris prosesində təbliğinə metodik dəstək vermək, fəal şagird və tələbələri üzə çıxarmaqla onları həvəsləndirmək olub.

Nigar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31