Xalq rəssamının dəfni ilə bağlı son söz bu gün deyiləcək VIDEO

Toğrul Nərimanbəyovun ölümü ətrafında ailə qalmaqalı düz 17 gündür ki, davam edir

Toğrul Nərimanbəyovun anası, əslən fransız olan Larraude İrma Jeanovna Bakıda, Yasamal qəbiristanlığında uyuyur. Oğlunun, xalq rəssamı Vidadi Nərimanbəyovun yanında. O ərə gəldiyi ölkəni - Azərbaycanı həm də son dayanacaq seçib. Toğrul Nərimanbəyovun anası İrma xanımın vətənində - Fransada torpağa qarışmaq istəyi isə düynasını dəyişdiyi bu 17 gündə öz təsdiqini tapmayıb. Baxmayaraq ki, mərhumun ikinci həyat yoldaşı Sevil Nərimanbəyova Toğrul Nərimanbəyov ölən gündən belə bir fikir səsləndirmişdi. Amma ortalığa hər hansı vəsiyyət -filan çıxarmamışdı. Elə bu da rəssamın qızı Əsmər Nərimanbəyovanın əlində əsas arqumentə çevrildi. Varisin sözlərinə görə, atasının belə bir arzusu və vəsiyyəti olmayıb. Hər halda, xalq rəssamının ölümü ətrafında ailə qalmaqalı düz 17 gündür ki, davam edir. Deməli, qarşılıqlı ittihamlar da. O ittihamlardan biri Nərimanbəyovun nəşinin yandırılacağı ilə bağlı yayılan məlumatlar idi ki, həyat yoldaşı bunu təkzib edib.

Sevil Nərimanəbəyova bildirib ki, rəssam İslam dininə uyğun şəkildə, müsəlman adət ənənəsi ilə dəfn ediləcək. Nərimanbəyovun qızı Əsmər Nərimanbəyova isə atasının ikinci həyat yoldaşının səmimiliyinə inanmadığını bildirib. O, ANS-ə açıqlamasında Toğrul Nərimanbəyovun bir qadına yox, Azərbaycana məxsus olduğunu bildirərək hər kəsi bu işdə ona dəstək olmağa çağırıb. Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov isə bildirir ki, Nərimanbəyovun Fransada dəfn edilməsində bu ölkə maraqlıdır. Soruşa bilərsiniz ki, o maraq nədən ibarət ola bilər. Əlbəttə ki, söhbət qazanc götürməkdən gedir. Fransada dünyasını dəyişən və bu ölkədə basdırılan o qədər dünya məhşurları var ki. Hər il o məhşurların ölkəsindən minlərlə insan onların qəbrini ziyarət etmək üçün turist qismində Fransaya axışır. Və əlbəttə ki, bundan qazanan da Fransa olur. Götürək Azərbaycanın bu ölkədə dəfn edilən oğlu - Əlimərdanbəy Topçubaşovu. Mən inanmıram ki, hər il Azərbaycanda bu məzarı ziyarət etmək istəyən 300-500 Topçubaşov sevər tapılmasın. Onların turist kimi bu ölkəyə getməsindən isə əlbəttə ki, həmin ölkə qazanır.

Özü də qazanan təkcə ölkə olmur. Sadə bir misal deyim. İordaniyanın tarixi şəhəri olan Petranın əhalisini təşkil edən bədəviləri ötən əsrin 70-ci illərində bu yerlərdən o şərtlə köçürə bilmişdilər ki, Petraya turist axınından gələn gəlirin müəyyən faizi onlara ödəniləcək. Bu faktı bir neçə il əvvəl İordaniyada olarkən biz jurnailstlərə demişdilər. Yəni, üstündən az qala yarım əsr keçəndən sonra da yerli bədəvilər bu möcüzə diyarın illik gəlirinə şərikdir. Bu məsələyə Toğrul Nərimanbəyovun təcrübəsindən yanaşsaq, ortalıqda buna oxşar təxminlər var. Üstəlik o da deyilir ki, Nərimanəbəyovun xanımı dəfnin Fransada keçirilməsinə nail olmaqla, həm də bu ölkənin vətəndaşlığını almış olur.

Sevil Nərimanbəyova isə deyilənləri cəfəngiyyat sayır: "Mən Fransa vətəndaşlığı almaq istəmirəm. Hətta bu haqda Toğrul da məndən xahiş edəndə, imtina etmişdim. Mənim Fransada qalmağıma icazə verən kartım məni tam qane edir. O kart 10 il müddətinə verilir, müddət bitdikdən sonra isə bunu uzatmaq mümkündür. Vəkilim də mənə məsləhət görüb ki, bu kartı vətəndaşlığa dəyişməyim. Mən Azərbaycan vətəndaşıyam".

Ruhların qovuşması üçün məkan və zaman məncə rol oynamır. Bu mənada oğul Nərimanbəyov bəlkə də ata-anasına çoxdan qovuşub. Onun torpağa qovuşması isə bu gün, ya sabah  olacaq. Məkanı cənnət olsun. Azərbaycan olmasa da.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31