"İlhamə Quliyevanı rəhbər dəvət etməmişəm" - Təkzib
19 İyun 2013 14:16 MədəniyyətBütöv Azərbaycan Televiziyasının rəhbəri Cavad Derəxti İlhamə Quliyevanın bu gün yaydığı açıqlamanə təkzib edib. "Qafqazinfo" xəbər verir ki, İ. Quliyeva yaydığı açıqlamada Cavad Derəxtinin onu rəhbərlik etdiyi televiziyaya rəhbər təyin edilməsini təklif edib.
C. Derəxti: "Eşitdik ki, İlhamə xanımın nəvəsi dünyaya gəlib. Zəng edib təbrik etmək borcumuz idi. Çünki illərə dayanan dostluğumuz var. Söhbət əsnasında İsveçdə fəaliyyətə başlayan Bütöv Azərbaycan Televiziyası barədə də danışdıq. Ancaq İlhamə xanımla söhbət qətiyyən telekanala rəhbərliklə bağlı olmayıb. İlhamə Quliyevanı televiziyaya rəhbər kimi dəvət etməmişik".
Hazırda adıçəkilən kanala rəhbərlik etdiyini deyən Cavad Derəxti İlhamə Quliyevaya televiziyaya rəhbərlik yox, proqram hazırlamağı təklif etdiyini deyib: "Nəinki İlhamə xanımla, bütün sənətkarlarla, media qurumları ilə, telekanallarla əməkdaşlığı arzulayırıq. Mən də İlhamə xanıma dedim ki, Bütöv Azərbaycan Televiziyası üçün Bakıdan proqram hazırlaya bilər. Çünki mən özüm bir dəfə İlhamə xanımın belə bir proqramının qonağı olmuşdum. Bizim belə proqramlara, verilişlərə, mədəniyyətimizin, musiqimizin təbliğinə ehtiyacımız var".
Hazırda telekanala özünün rəhbərlik etdiyini deyən C. Derəxti Bakıya səfər edəcəyini və bu səfərdə məqsədin telekanalla bağlı bır sıra görüşlər keçirmək olduğunu vurğulayıb: "Bəli, Bakıya gələcəyəm. Bütöv Azərbaycan Televiziyası ilə bağlı müzakirələr, görüşlər keçirmək niyyətindəyəm. İndiki halda bizim maliyyə imkanımız o qədər də çox deyil. Ona görə də bütün mətbuatın, telekanalların, jurnalistlərin, mədəniyyət xadimlərini köməyini arzu edirik. Material, proqram baxımından telekanalın fəaliyyətini tam olaraq qaydaya salmaq istəyirik. Bakıya səfərim də bununla bağlı olacaq. Çünki Güney Azərbaycanın problemlərini bütün dünyaya çatdırmaq istəyirik".
Xatırladaq ki, "Bütöv Azərbaycan" İsveçdə qeydiyyatdan keçib. /AzNews.az/