Təbriz xalçalarının təkrarsız zənginliyi
18 İyun 2013 19:04 Mədəniyyət"Azər-İlmə" xalçaçılıq şirkəti növbəti nəşrini oxucuların ixtiyarına verib. "Azərbaycan xalçaları bütün məktəbləri ilə" adlı layihə çərçivəsində "Azərbaycan xalçaları. Təbriz qrupu" kitabı nəşr edilib. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, kitab bu layihə əsasında indiyədək nəşr olunmuş "Azərbaycan xalçaları", "Qarabağ xalçaları", "Azərbaycan xalçaları-İrəvan qrupu" kitablarının davamı olaraq ərsəyə gətirilib.
İyun ayının 19-da "Azər-İlmə" MMC-də "Azərbaycan xalçaları. Təbriz qrupu" kitabının təqdimatı olacaq.
Nəfis tərtibatlı kitabda Təbriz qrupunun ümumi xarakteristikasının təqdimatından sonra, xüsusi kolleksiyada mühafizə olunan 89 xalça nümunəsinin yüksək peşəkarlıqla çəkilmiş fotoşəkilləri və səciyyəvi xüsusiyyətlərinə dair mətn yer alıb. Xalçalar üzərindəki dərin məzmunlu, ibrətamiz kitabələr də Təbriz qrupu xalçalarının təkrarsız zənginliyidir. Bu məqsədlə xalçalar üzərindəki kitabələr fars dilindən tərcümə edilərək tədqiqata cəlb olunub.
Mürəkkəb ornamentə, kompozisiyaya və toxunma texnologiyasına malik olan Təbriz xalçaları Azərbaycan xalçaçılıq məktəbinin ən gözəl nümunələrini özündə ehtiva edir. "Təbriz qrupu" kitabı dünyanın bir sıra ölkələrində geniş əks-səda doğurmuş, əsərin tərcümə olunaraq xaricdə nəşri ilə əlaqədar təkliflər irəli sürülmüşdür. "Azərbaycan xalçaları. Təbriz qrupu" Londonda, Parisdə, Romada, Moskvada, İstanbulda və Yerusəlimdə ingilis, fransız, italyan, alman, rus, türk və ivrit dillərində nəşr olunub. ("OLAYLAR"İA)