“Əli Mirəliyevi bəyənmirəm” VIDEO

Cavanşir: “Şou-biznes nümayəndələrinin böyük əksəriyyətini ələkdən keçirsək 70 faizinin hansı yuvanın quşu olduğunu görə bilərik”

Müsahibimiz jurnalist-müğənni Cavanşirdir.

-Nədənsə bir çox məşhurlardan fərqli olaraq tez-tez efirdə görünməyi sevmirsiniz?

-Hər gün məni göstərsinlər deyə dəqiqədə efirə çıxmağı sevmirəm. Az olsun, yaxşı olsun. Təzə fəaliyyətə başlasam da jurnalist kimi kifayət qədər tanındığımdan özüməməxsus auditoriyam var. Gördüyünüz o müğənnilər kimi efirə çıxmaq xatirinə ora-bura qaçmaq fikrində deyiləm. Oxumağa başlamaq o demək deyil ki, bütün günü efirdən yapışıb qalmalı, keyfiyyətsiz, lazımsız insanlarla bir yerdə görünməliyəm. Şou-biznesə qatılmışam, lakin bu o demək deyil ki, mən də populyarlıq üçün qaçan ifaçıların sırasına əlavə olunmaq istəyirəm. Bu cür səviyyəsiz ifaçılarla  ünsiyyətdə olmadan kənardan fəaliyyətimi davam etdirmək istəyirəm. Amma mötəbər tədbirlərə dəvət alarsam hər zaman böyük məmnuniyyətlə təklifi qəbul edərəm. Ordakı insanların savadı, əqli, düşüncəsi məni qaneə edə biləcək şəxslərdir.

-Müğənnilik fəaliyyətinə yenicə başlamısınız. Auditoriya yığmaq necə, sizin üçün çətin olmaz ki?

-Bu gün kifayət qədər məni sevən, tanıyan, oxuduğum mahnıları sevərək dinləyənlər var. Bu gün məni müğənni kimi toya çağıranlar da az deyil. Doqquz toydan birinə gedirəm. Özümü bu aurada rahat hiss etmədiyim üçün toylara çox getməyi sevmirəm. Toy biznesinə qarışmaq fikrində deyiləm. Dəvət aldığım bir çox tədbirlərə də getmirəm. Daha çox yüksək kateqoriyalı, savadlı insanlarla ünsiyyətə üstünlük verirəm.

-Uzun müddət şou-biznes əhli ilə təmasda olmusunuz. Bu sahədə yetərincə tanınmış jurnalistlərdən biri idiniz. Onların fəaliyyəti sizə görə necə, qaneəedicidirmi?

-Şou-biznes nümayəndələrinin böyük əksəriyyətini ələkdən keçirsək onların 70 faizinin hansı yuvanın quşu olduğunu görə bilərik. Jurnalistikada olarkən bu cür insanlarla mütəmadi olaraq təmas yaratdığım üçün onlar haqda ətraflı bilgiyə sahibəm.

-Zövqünüzə uyğun olan ifaçı kimdir? Məsələn, Abbas, Elton, Səməd Səmədov...

-Zövqlər müxtəlifdir. Hərə bir cür düşünür. İndi hamı oxuyur. Abbas, Eltonun ifasını bəyənirəm. Səməd Səmədov haqda nə deyim? Onun da özünəməxsus auditoriyası var. Nadir Qafarzadə ilə də salam-sağolumuz var. Aygün Kazımova, Röya ilə mənim nə işim. Onlar xanımdır. Dostluğum yox, qardaşlığım yox. Ad çəksəm deyəcəklər ki, mənim vasitəmlə özünü reklam edir. Ona görə, konkret olaraq bu iqtiqamətdə ad çəkmək istəmirəm.

-Gənc müğənnilərdən Günay İbrahimli, Ramal İsrafilov, Rövşən Civişov, Emil Bədəlovun ifasını necə bəyənirsinizmi?

-Adını çəkdiyiniz ifaçılar da xüsusi tərzi olan müğənnilərdi. Onların da özlərinə məxsus tamaşaçı kütləsi var. Hansının səhnədə qalıb-qalmayacağını isə zaman göstərəcək. Amma düzünü deyim ki, heç birinin ifası üçün ürəyim getmir. Heç dinləmirəm də. Amma pis oxumurlar.

-Hansı ifaçının oxu tərzini bəyənmirsiniz?

-Əli Mirəliyevin. Nə olsun ki, çoxdan oxuyur. Bu o demək deyil ki, o peşəkardır.

-Etiraf edək ki, səviyyəsiz ifaların da sayı get-gedə artır...

-Səviyyəsiz mahnılar çoxalıb. İki gün öncə bir yerə tələsdiyim üçün taksiyə minib getməli oldum. Yol boyu eşitdiyim mahnı məni şoka saldı. Mahnı çox səviyyəsiz idi. Özü də bu cür səviyyəsiz mahnıları tanınmış, gündəmdə olmayan, adı belə bizə məlum olmayan müğənnilər ifa edir.

Bu gün adi insanlar belə səviyyəsiz müğənnilərə qulaq asır.

-Bəzi müğənnilər özünü kiməsə bənzədir. Hətta bu yaxınlarda izlədiyim "Alma almaya bənzər" verlişində də bunun şahidi oldum. Düzdür, verilişin formatı belə di. Dəvət olunan qonaq özünü kiməsə bənzətməli idi. Siz də verdiyiniz açıqlamalarda özünü kiməsə bənzədən ifaçıları bəyənmədiyinizi demişdiniz. Bəs, bu verilişə dəvət alsanız necə, tələbləri yerinə yetirərdiniz?

-O verilişdə heç vaxt qonaq olmaram. Məndən öncə ifa olunan məşhurların mahnılarına müraciət edə bilərəm, amma özümü hansısa məşhurun cildinə salmaq mənə yaraşmaz. Amma heç vaxt kiməsə bənzəməyə çalışmamışam.

Nigar Məhərrəm

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31