"Azərbaycan-Rusiya: musiqi paralelləri" adlı sərgi açılıb

Mədəniyyət və Turizm Nazirliyindən "OLAYLAR"a daxil olan məlumata görə, sərgi Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi tərəfindən təşkil edilib. Mərasimdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanov sərginin Azərbaycanla Rusiya arasında çoxəsrlik mədəni əlaqələrin davamı kimi təqdirəlayiq hadisə olduğunu vurğulayıb. Tədbirin hər iki dövlət üçün əlamətdar ola bir dövrə - dövlət bayramları ilə bir vaxta təsadüf etdiyini diqqətə çatdırıb. Sərgidə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, M.İ.Qlinka adına Ümumrusiya Musiqi Mədəniyyəti Muzeyləri Birliyi, Böyük Teatr Dövlət Muzeyi, A.N.Skryabinin xatirə muzeyi, Belarusun Teatr Tarixi və Musiqi Mədəniyyəti Muzeyi, N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Konservatoriyası Dövlət Muzeyi, E.F.Qnesinanın ev-muzeyinin materialları təqdim olunur. Nümayiş olunan eksponatlar sübut edir ki, mövzu təsadüfi seçilməyib. Çünki tamaşaçılar Rusiya muzeyində saxlanılan Azərbaycan musiqi mədəniyyətinə aid materiallarla və əksinə, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Rusiya musiqi mədəniyyətinə aid materiallarla tanış olmaq imkanı əldə ediblər. Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin direktoru Valentin Denisov sərginin məhz bu məkanda keçirilməsindən böyük qürur duyduğunu bildirib. Mədəniyyəti qoruyaraq gələcək nəsillərə ötürən muzey işçilərinin bir araya toplanmasını bu sahədə çalışan insanların böyük uğuru kimi qiymətləndirib. Tədbirdə Azərbaycanın Xalq Artisti, tarzən Ramiz Quliyev, Umberto Cordano adına opera müğənnilərinin beynəlxalq müsabiqəsinin laureatı Anna Dyaçkovskaya, Rusiya Federasiyası Saxa Respublikasının Əməkdar Artisti, Yakutiya xalqlarının musiqisi və folkloru muzeyinin direktoru Aiza Reşetnikova və digərlərinin ifasında konsert proqramı təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31