Musiqi Muzeyləri və Kolleksiyaları Assosiasiyasının Bakı görüşü
14 İyun 2013 18:22 MədəniyyətMədəniyyət və Turizm Nazirliyindən "OLAYLAR"a daxil olan məlumata görə, ötən gündən etibarən Bakıda Musiqi Muzeyləri və Kolleksiyaları Beynəlxalq Assosiasiyasının işgüzar görüşü başlayıb. Ayın 15-dək davam edəcək görüşdə Rusiya, Almaniya, Latviya, Niderland və Qazaxıstandan muzey nümayəndələri iştirak edir. Tədbir Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Rusiyanın Mədəniyyət Nazirliyi, "Rossotrudniçestvo" agentliyi və Ümumrusiya Musiqi Mədəniyyəti Muzeyləri Birliyi tərəfindən təşkil edilib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Musiqi Muzeyləri və Kolleksiyaları Beynəlxalq Assosiasiyasının prezidenti, M.Qlinka adına Ümumrusiya Musiqi Mədəniyyəti Muzeylər Birliyinin baş direktoru Mixail Brızqalovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Mixail Brızqalov rəhbərlik etdiyi təşkilatın fəaliyyəti, assosiasiyada birləşən muzeylər barədə məlumat verib, görüşdə iştirak edən muzey direktorlarını nazirə təqdim edib. İşçi görüşünün proqramına daxil olan mövzular haqqında danışan təşkilat rəhbəri Beynəlxalq Muzeylər Şurasında (İCOM) musiqi və teatr muzeylərinin beynəlxalq komitəsinin yaradılması, Assosiasiyaya üzv muzeylərin İCOM-a daxil olması ilə bağlı fikirlərini bildirib. Nazir Əbülfəs Qarayev qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf etdirilməsi, muzeylər arasında əməkdaşlıq, eksponatların mübadiləsi və s. məsələlərlə bağlı mülahizələrini diqqətə çatdırıb, İCOM-a üzvlüklə bağlı tövsiyələrini bildirib. Görüşdə iştirak edən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova Rusiya və dünya musiqi muzeyləri ilə qurulan əlaqələr, əməkdaşlıq layihələri barədə məlumat verib.
Çıxışlarda muzeylərdə ekspozisiya sərgi işinin müasir metodları, Avropa musiqi muzeylərinin təcrübəsindən istifadə, muzey işi sahəsində problemlərdən də söz açılıb.