Gənc vokalçımız Emin Eminzadə “Opus - 2013”

IX Beynəlxalq Mahnı Müsabiqəsinin aparıcısı olacaq

İyunun 14-21-də İspaniyanın Kataloniya vilayətində, Lloret de Mar şəhərində "Opus - 2013" IX Beynəlxalq Mahnı Müsabiqəsi keçiriləcək. 14-21 yaşlı yeniyetmə və gənclər arasında keçiriləcək müsabiqə Lloret de Mar şəhərinin Mədəniyyət və Turizm İdarəsi tərəfindən təşkil edilir. Belə bir mötəbər tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Bakı şəhəri, G.Şarayeva adına 35 saylı Musiqi Məktəbinin şagirdi Emin Eminzadə də iştirak edəcək. Ancaq Dünya Azərbaycanlıları Konqresinin (DAK) gənc üzvü "Opus - 2012" VIII Beynəlxalq Mahnı Müsabiqəsinin laureatı olduğundan bu dəfə Azərbaycanı təmsil etməyəcək. Tədbirin Təşkilat Komitəsi Emin Eminzadəni builki mötəbər müsabiqənin aparıcısı seçib. Bundan əlavə, gənc vokalçı müsabiqənin qala-gecəsində mərhum görkəmli müğənni və bəstəkarımız Müslüm Maqomayevin "Azərbaycan" mahnısı və "Bessame muço" ispan mahnısını ifa edəcək. Artıq "Opus - 2013" IX Beynəlxalq Mahnı Müsabiqəsinin Təşkilat Komitəsi adından Azərbaycanın İspaniya Krallığındakı səfiri Altay Əfəndiyevə və Emin Eminzadəyə bununla bağlı rəsmi dəvətnamə göndərilib. Səfir isə öz növbəsində lazımi köməklik göstərilməsi üçün Mədəniyyət və Turizm, həmçinin Gənclər və İdman nazirliklərinə məktub ünvanlayıb. Emin Eminzadə ilə birlikdə İspaniyaya onun məsləhətçi müəlliməsi, professor, SSRİ xalq artisti Fidan Qasımova və atası, DAK İdarə Heyətinin üzvü, təşkilat həmsədrlərinin mədəniyyət və humanitar məsələlər üzrə müavini Xəzər Emin də gedəcək.
Qeyd edək ki, Emin Eminzadə 14 yaşında İtaliya (2011), 15 yaşında İspaniya (2012) və 16 yaşında Qazaxıstanda (2013) keçirilmiş beynəlxalq müsabiqələrin laureatı adına layiq görülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31