Bakı Uşaq Teatrı yeni tamaşanın premyerasına hazırlaşır

Teatrın mətbuat xidmətindən "OLAYLAR"a verilən məlumata görə, monqol  xalq  nağılı əsasında hazırlanan, İntiqam Soltanın quruluş verdiyi tamaşa "Ağıllı pişik" adlanır.  Pişiyin siçanları qovması ilə başlayan tamaşada hadisələrə keçid pişiyin dili ilə verilir. Pişik siçanlardan şikayət edərək özünün haqlı olduğunu sübut etmək üçün başına gələn əhvalatı nəql edir. Hadisənin sonu ilə başlayan tamaşada hər gün evdən oğurluq edən siçanlar bu dəfə də ev yiyəsinin aldığı piyi oğurlayırlar. Özlərinə azuqə yığan siçanlar  balaca siçanı piyə gözətçi qoyurlar. Nəfsinə sahib çıxa bilməyən siçan piyin hamısını yeyir. Buna görə siçanlar hakim kimi Pişiyə müraciət edirlər ki, Balaca siçanı cəzalandıraraq yesin. Ev yiyəsinin ona dadlı pişik yeməkləri aldığından siçan yeməyi çoxdan tərgidən Pişik isə siçanları sadəcə qorxudur. Onun məqsədi siçanları oğurluq kimi pis vərdişlərdən çəkindirməkdir. Pişiyin dili ilə müəllif uşaqlara oğurluğun nə qədər pis vərdiş olduğunu başa salır.

Qeyd edək ki, tamaşanın  premyerası  14 iyun saat 12:00-da  Bakı Uşaq Teatrının yerləşdiyi Qaraçuxur qəsəbəsi Q.Abbasov adına Mədəniyyət sarayında  keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31