Tolik: “Sevdaya demişəm ki, Amerikaya getsəm səni özümlə aparmayacağam”

Nadir Qafarzadə: “Məşhur adam üçün Azərbaycanda istirahət etmək, dənizdə çimmək, istədiyi yerə gedə bilmək çətindir”

Hər zaman yeniliklərlə pərəştişkarlarını sevindirən məşhurların bir qismi isti yay günlərinin gəlişi ilə əlaqədar istirahətə yollanmaq üçün seçim qarşısında qalıb. Kimisi istirahət məkanlarına yollanacaq, kimisi isə yenə də iş başında olacaq. Bəs, görəsən hansı məşhurlar istirahətə, hansılar yenə də işləməyə üstünlük verəcək?

Məşhur bəstəkar Tural Bakuvi hələ ki, harada istirahət edəcəyini dəqiqləşdirməyib. Bunun səbəbi isə bəstəkarın işinin çox olmasıdır. Flora Kərimova, Rövşən Civişov, Nazpəri Dostəliyeva və digər məşhurlarla yeni mahnılar üzərində işləyən Tural Bakuvi həm də ssenari müəllifi olduğu serialın çəkilşləri ilə məşğuldur. Bu arada istirahətə yollanmağa ehtiyac görən bəstəkar mənəvi yorğunluğunu aradan qaldırmağa çalışır: "Ötən ilin bu vaxtlarında artıq ailəmlə birgə istirahətə yollanmışdım. Hamı kimi mən də istirahətə yollanıb dincəlmək istəyirəm. Daha yaxşı işlər görmək üçün istirahətə  çox ehtiyac var. Doqquz aydan artıqdır ki, gecə-gündüz bilmədən iş başındayam. Fiziki yorğunluq olmasa da, mənəvi yorğunluğum var. Lakin işlər çox olduğu üçün hələ ki, bu haqda düşünməyə imkan tapmıram". Yalnız bir neçə saatlıq başımı işdən ayıraraq dostları ilə dincəldiyini deyən bəstəkar işbirliyi qurduğu müğənnilərin yanında yalançı olmamaq üçün gücünü işə sərf etdiyini deyir: "Kiməsə söz verib, yalançı olmağı sevmirəm. Məndən iş gözləyən şəxslər var". Müğənni "bu qədər işin olması yaxşı haldır. İş olsun, istirahətə hər zaman vaxt tapa bilərik" deyərək istirahətə o qədər də üstünlük vermədiyini deyir. Ötən il həm ölkə xaricində, həm də ölkə daxilində istirahət etdiyini deyən bəstəkar daha çox ailəsi ilə dincəlməyə üstünlük verir: "Şəhərdə olanda dostlarımla birgə həm işləyir, həm də istirahət edirəm. Şəhərdən kənarda isə daha çox həyat yoldaşım və qızlarımla istirahətə yollanmağa üstünlük verirəm. Onlarla həm mənəvi, həm də fiziki cəhətdən istirahət edirəm". Bəstəkar ötən il olduğu kimi bu il həmin bölgələrə yollanmağı düşündüyünü deyir: "Ötən il Gürcüstanda və Şəki-Qax-Zaqatala-Balakən bölgəsində istirahət etdim. Vaxt tapa bilsəm, yenə də eyni marşrut üzrə hərəkət edəcəyəm".

Payız mövsümündə yeni mahnılar təqdim etməyi düşünən Xalq artisti Tünzalə Ağayeva da bəzi məşhurlar kimi gərgin iş başındadır. Sentyabrda pərəstişkarlarını yeni ifalarla sevindirəcək müğənni yay aylarında bir neçə xarici ölkəyə səfər edərək mötəbər tədbirlərdə də çıxış edəcək. Gərgin iş rejimində olan müğənni istirahətə yollanmağı da unutmayıb: "İsti yay aylarında ailəmlə birgə istirahət etməyi düşünürəm. Ötən illərdən fərqli olaraq hansısa otellərin birində qalacağımı düşünmürəm. Ramazan ayından etibarən İstanbul da daxil olmaqla Türkiyənin bir neçə şəhərini gəzmək istəyirəm. Bundan başqa doğma rayonumda, həmçinin Şəkidə istirahət etməyi planlaşdırmışam".

Məşhur klarnet ustası Hüseyn Məhəmmədoğlu isə ötən ildən fərqli olaraq cari ildə istirahətə yollanmağı planlaşdırmadığını deyir. Musiqiçi bunun səbəbini vəsaitinin böyük əksəriyyətini yaxın aylarda çəkiləcək kliplərə ayırması ilə izah edir: "Ötən il ailəmlə Bodrumda istirahət etdim. Havalar soyuduqdan sonra isə Dubaya getdik. Ötən ildən fərqli olaraq cari ildə harasa yollanmağı düşünmürəm. İşlər çoxdur. Sentyabrda yeni kliplərlə pərəstişkarlarımı sevindirməyi düşündüyüm üçün pulumu daha çox işimə sərf edəcəyəm".

Hüseyn Məhəmmədoğlu istirahət zamanı başına gələn ən maraqlı hadisələr haqda da danışıb: "Yadımda qalan maraqlı əhvalatlardan biri İstanbulda dostum Kamil və onun müğənni həyat yoldaşı Gülay xanımla istirahətə yollanmağımız idi. Kamil ayaqqabımı dənizə atdığı üçün çox əsəbləşmişdim. Necə olursa-olsun ondan heyfimi çıxmalı idim. Bu mənim xasiyyətimdir. Kamili tuta bilmədim, onun əvəzinə Gülayın ayaqqabısını suya tulladım. Sahilə çatdıqdan sonra bütün İstanbulu ayaqyalın gəzməli olduq".

Hər zaman işindən böyük zövq aldığını deyən müğənni Ramal Rəsul bu il də ölkə daxilində istirahətə üstünlük verəcəyini deyib: "Yorulana qədər işləməyi çox sevirəm. İsti yay günlərində yorulduqda, dincimizi şəhərdə ala bilmədikdə dilbər guşələrimizə yollanırıq. Ötən il Şəki və Qaxda istirahət etdik".

Gənc müğənni Rövşən Civişov ötən yayı bütün günü istirahət etdiyini deyərək bu il bütün gücünü işinə sərf edəcəyini söyləyib: "Hələ ki yeni mahnılar yazdırmaq, erotik fotosessiyalar çəkməyi düşünürük . İstirahətə gəldikdə isə, ötən il rayonlarda dincəlməyə üstünlük verdim. Bütün yayı istirahət etdim. Bu il sənətimlə əlaqədar hələ ki, istirahət haqda düşünməmişəm. Vaxt tapa bilsəm dincəlmək üçün Mersin və ya Baham adalarına gedəcəyəm. Ölkə xaricində istirahət etməkdən daha çox bölgələrimizdə dincələyə üstünlük verirəm".

Müğənni Roza Zərgərli də işlərin çox olması ilə əlaqədar istirahətə yollanmağı düşünmədiyini deyir: "Hələ ki, vaxt tapıb istirahət edə bilmirəm. İmkan olsa, Şəmkirdə doğma elimdə valideynlərimlə birgə dincələcəyəm. Ölkəmizin gəzməli-görməli yerləri çoxdur. Ölkəxarici istirahətə gəldikdə isə daha çox Istanbul, Malaziya,Moskva,Amerikada dincəlməyə üstünlük verərdim.

İlboyu gərgin əməklə çalışan Xalq artisti, xanəndə Mənsum İbrahimov isə məşhurların bir qismindən fərqli olaraq istirahətə vaxt ayıracağını deyir: "Türkiyənin gözəl istirahət məkanlarının birində, həmçinin dilbər guşələrimizin birində ailəmlə birgə istirahət etməyi düşünürəm. İyuladək görüləsi işlərimiz çox olacaq. Yalnız iyulun axırlarından etibarən işlərə ara verib istirahətə yollanacağam". Övladlarını ölkəmizin müxtəlif dlbər guşələrində gəzdirmək istədiyini deyən xanəndə də bəzi məşhurlar kimi Azərbaycanda istirahət etməyə üstünlük verdiyini deyir: "Övladlarımı ölkəmizin bütün bölgələrində gəzdirməyə çalışıram. Buna görə daha çox ölkədaxili istirahətə üstünlük verirəm. Ölkəxaricində istirahətə gəldikdə isə övladlarım Türkiyədə dincəlməyə üstünlük verdiyi üçün bu ölkəyə yollanırıq".

Nadir Qafarzadə də Türkiyədə istirahət etməyə üstünlük verdiyini deyərək bunun səbəbini də izah edir: "Bundan öncə Avropanın da bir sıra şəhərlərində istirahət etmişəm. Yəqin ki, bu il Türkiyədə istirahət edəcəyəm. Məşhur adam üçün Azərbaycanda istirahət etmək, dənizdə çimmək, istədiyi yerə gedə bilmək çətindir".

Digər həmkarları kimi Elariz Məmmədoğlu da Türkiyədə istirahətə üstünlük verdiyini deyir: "Ya bölgələrimizin birində, ya da ki Türkiyədə istirahət edəcəyəm. Bundan öncə bir neçə ölkədə istirahət etmişəm. Mənim üçün Fransa və Türkiyədə dincəlmək daha maraqlıdır". Hər il istirahət üçün təxminən 2000 min manatdan çox xərclədiyini deyən müğənni ölkə xaricindəki istirahət mərkəzlərindəki qiymətlərin elə də baha olmadığını deyir: "Ən yüksək məbləğ təyyarədə gediş haqqı üçün ödənilir. Atraksionlora, əyləncə məkanlarına gəldikdə isə qiymətlərin elə də yüksək olmadığını görə bilərik. Xarici ölkədə istirahət mərkəzlərinə, atraksionlara xərclədiyimiz pul bizimkindən azdır. Əksər hallarda xaricdə əyləncə məkanlarında atraksionlara minmək və digər şeylər pulsuz olur. Məsələn, Türkiyədə qəhvəaltı, səhər, nahar və şam yeməyi pulsuzdur".

Artıq iki ildir ki, istirahət etmədiyini deyən müğənni Cavanşir Babəlioğlu bölgələrə dəvət olunarkən orada bir neçə gün qalaraq dincəldiyini deyir: "2011-ci ildən etibarən istirahət etmirəm. İşlə bağlı rayonlara dəvət alarkən bir gün də artıq qalıb dincəlirəm. İstirahət etmək beynin sakitləşməsi üçün çox önəmlidir. Ötən il də anam xəstə olduğu üçün istirahətə vaxt ayırmaq haqda heç düşünmədim də. Bütün yayı işləyərək yeni mahnılar yazmaqla yola verdim. İsti yay günlərində həmkarım Mila ilə konsert də verdim". Bu il xarici ölkələrin birində istirahət etməyi düşünmədiyini deyən müğənni ötən il olduğu kimi qızmar yay günlərində yenə də iş başında olacağını söyləyir: "Beynimdə olan layihələri gerçəkləşdirmək üçün çox işləməliyəm.

Beyin nə isə düşünəndə istirahət etmək olmur. Buna görə yalandan xərc çəkib harasa getməyin mənim üçün mənası yoxdu. Özümü rahat hiss edəndə sözsüz ki, Xəzər dənizi sahillərində, yaxud da hansısa rayonumuzda qısa müddətə istirahət edəcəyəm. Türkiyə, Dubay və Londonda yaşayan dostlarım məni öz ölkələrinə dəvət edir. Hələ ki, bu haqda düşünmək istəmirəm".

Prodüsser Tolik istirahət üçün yollandığı ölkələri, bölgələri qarış-qarış gəzməyi sevmədiyini deyir. Buna görə də prodüsser növbəti dəfə istirahətə yollanarkən işbirliyi qurduğu müğənni Sevda Yəhyayevanı özü ilə aparmayacağını deyir: "Sevda Yəhyayeva dincəlmək üçün yollandığı ölkələri, bölgələri qarış-qarış gəzməkdən həzz alır. Mən isə daha çox passiv gəzintini sevirəm. İstəyirəm ki, istirahət üçün yollandığım məkanda dənizin sahilinə gedib beynimin dincəlməsi üçün saatlarla oturum. Sevda gəzməyi sevdiyi üçün ona demişəm ki, bu dəfə Amerikaya getsəm səni özümlə aparmayacağam". Bir çox məşhurlar kimi istirahət planlarını ramazan ayınadək təxirə salan Tolik bu il yollanmaq istədiyi məkanın adını da açıqlayıb: "Orucluq ayında Maldiv adalarında dincəlməyi düşünürəm. İstirahət planlarımız konsertlərdən, layihələrimizdən asılıdır". İşlərlə əlaqədar tez-tez Nabrana yollandığını deyən Tolik ölkə daxilində turizm bölgəsi kimi ən çox Qəbələni sevdiyini deyir. Tolik Azərbaycanda turizmin bir o qədər də inkişaf etmədiyini deyərək qiymətlərin yüksək olmasından gileylənir: "Ən gözəl bölgələrimizdən biri də Qəbələdir. Amma ölkəmizdə turizm o qədər də inkişaf etməyib. Qəbələdə istirahətlə Türkiyənin dörd, ya beş ulduzlu otellərində qalmaq eyni qiymətə başa gəlir. Buna görə, bizim üçün Türkiyəyə getmək daha sərfəlidir".

Məşhurlar arsında apardığımız araşdırma zamanı bəzilərinin işdən baş ayırıb istirahətə vaxt ayıra bilmədiyini, bir qisminin isə dincəlmədən yeni fəaliyyətə başlamağın onlar üçün çətin olacağını gördük.

Nigar Məhərrəm

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31