Mənsum İbrahimov dünya festivalına qatılacaq
11 İyun 2013 12:27 Mədəniyyət"Azərbaycanın Belçikadakı səfirliyinin təşəbbüsü ilə mayın 29-da Lüksemburq kamera orkestri və "Qarabağ" muğam qrupu ilə simfonik muğam layihəmizi gerçəkləşdirdik. Tar və kamanda həmişəki kimi əməkdar artistlər Elçin Həşimov, Elnur Əhmədov məni müşayiət etdi. Konsertin dirijoru isə Xalq artisti Yalçın Adıgözəlov idi". Bu sözləri "OLAYLAR"a açıqlamasında Xalq artisti Mənsum İbrahimov deyib. Xalq artisti təəssüratlarından danışaraq səfər çərçivəsində bir çox xarici ölkələrdə konsert vermək üçün gələn təklifləri dəyərləndirdiyini deyib: "Bir həftə bu ölkədə səfərdə olduq. Səfər çərçivəsində muğamlar, "Sarı Gəlin", "Kor ərəbin mahnısı"nı ifa edərək Azərbaycan musiqisinin zənginliyi haqda məlumat verdik. Bir çox tanınmış musiqiçilərlə yanaşı dövlət rəsmiləri, deputatlar konsertimizə təşrif buyurmuşdu. Səfər çərçivəsində Avropanın bir çox ölkələrində Fransa, Belçika, Avstriyada konsertlə çıxış etmək üçün göndərilən təklifləri qəbul etdik. Qarşıda bizi yeni səfərlər gözləyir. Bundan başqa iyul ayında Tacikistanda keçiriləcək dünya festivalına qatılacağıq".