Sumqayıt Dram Teatrında “Yusifin qəmi” tamaşasının premyerası olub

Sumqayıt Dövlət Musiqili Dram Teatrında yazıçı-dramaturq Şirməmməd Nəzərlinin "Yusifin qəmi" pyesi əsasında dövlət sifarişi ilə hazırlanmış tamaşanın premyerası olub. Şirməmməd Nəzərlinin verdiyi məlumata görə, premyerada Bakı və Sumqayıt şəhərlərinin teatr həvəskarları, elm, incəsənət adamları, teatrsevərlər iştirak ediblər. Tamaşada din tarixində məşhur olan Yusif peygəmbərin (ə) taleyi əks olunur. Obrazlar və kütləvi səhnələrlə zəngin tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Sevinc Həsənovadır.
Baş rolları Xalq artisti Məzahir Süleymanov, Xatirə Süleymanova, Habil Xanlarov, Sədaqət Nuriyeva və başqaları ifa ediblər. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rejissoru Nicat Kazımov tamaşanı "teatr tarixində hadisə" kimi dəyərləndirib.

Xatırladaq ki, Ş.Nəzərlinin "Yusifin qəmi" əsəri Mədəniyyət və Turizm Nazirliyinin "Ən yaxşı pyes" ümumrespublika müsabiqəsində iki qalib səhnə əsərindən biridir və dövlət sifarişi Sumqayıt Dövlət Dram Teatrında bir neçə gün əvvəl Nazirlik nümayəndəsinin iştirakı ilə qəbul edilib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31