“Şeron” qrupunu üzən nədir?
“Bu vaxtadək heç bir təşkilatçı bizə konsertlə bağlı təklif verməyib”
10 İyun 2013 13:41 MədəniyyətHər zaman təqdim etdiyi ifalarla pərəstişkarlarını sevindirən "Şeron" yeni mahnılar üzərində işləyir. Nazim Məmmədov, meyxanaçı Rəşad Dağlının bəstələrinə müraciət edəcək qrup heyəti xalq mahnılarını da fərqli aranjımanda təqdim edəcək. "Niyə naz edirsən?" xalq mahnısını pərəstişkarlarına təqdim etməyə hazırlaşan "Şeron"un üzvi Ülvi Cəfərov qrupun klip çəkilişləri və digər yenilikləri haqda "OLAYLAR"a danışıb: "Yenicə ifalarımızı bizi sevənlərə təqdim etdikdən sonra sözləri Azər Şirinə, musiqisi Rəşad Bağırova məxsus "Aləm bizdən danışır" adlı lirik mahnının klip çəkilişlərinə başlayacağıq. Bu vaxtadək yerli bəstəkarlarla işləmişik, onların da işindən razıyıq. Lakin bu klipi də türk rejissorlarına çəkdirməyi düşünürük. Türklərlə işləmək çox rahatdır. Onlara üstünlük verməyimizin əsas səbəbi türk rejissorlarının müxtəlif avadanlıqlarla işləməsi, fərqli effektlər yarada bilməsidir". Ülvi Cəfərov qrupun albom və konsert planları haqda da məlumat verib: "Yeni albom və konsert haqda düşünmürük. Konsert vermək üçün gərək bütün işlərimizi atıb, bu işlə məşğul olaq. Bunun maddi sıxıntı ilə heç bir əlaqəsi yoxdur". Ülvi Cəfərov konsert vermək üçün yaxşı təşkilatçıya da ehtiyac olduğunu deyib: "Bunun üçün hər bir müğənninin yaxşı təşkilatçıya ehtiyacı var. Bu vaxtadək heç bir təşkilatçı bizə konsertlə bağlı təklif verməyib. Buna görə də hələ ki konsert haqda düşünmürük". Konsert verməmələrinin maddi sıxıntı ilə əlaqəli olmadığını deyən Ülvi bu vaxtadək heç bir müğənninin bu yolla gəlir əldə etmədiyini də söyləyib.
Yeni mahnılarının çox uğurlu alındığını deyən qrup üzvləri hazırda yeni fotosessiyalar üzərində işləyirlər.