Gənc Tamaşaçılar Teatrının aktrisası birinci yerə layiq görüldü

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Güşvər Şərifova “Hər şeydən yüksəkdir sözün məqamı” bədii qiraət müsabiqəsində birinci dərəcəli diploma layiq görülüb

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının  mətbuat xidmətindən "OLAYLAR"a verilən məlumata görə, görkəmli teatr və kino aktyoru, bədii qiraət ustası Müxlis Cənizadənin anadan olmasının 85-ci ildönümü münasibətilə keçirilən "Hər şeydən yüksəkdir sözün məqamı" bədii qiraət müsabiqəsində Azərbaycanın müxtəli teatrlarından ümumilikdə 13 nümayəndə iştirak etmişdir. Birincilik əldə edən Güşvər Şərifova Çingiz Əlioğlunun "Yanşax yetimin nağılı" və Kamil Abdullayevin "Leyli və Məcnun hekayələri" ilə çıxış edib. Müsabiqəyə qatılan iştirakçılar arasında yaş məhdudiyyəti qoyulmamışdır. Onların arasından qalibləri müəyyənləşdirmək üçün xalq artisti Əminə Yusifqızının rəhbərliyi ilə münsiflər heyəti fəaliyyət göstərmişdir. Müsabiqəyə həmçinin Müxlis Cənizadənin tələbələri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorları, Xalq artisti Ağaxan Salmanlı və aktrisa Sona Babayeva dəvət olunub. Məlumat üçün bildirək ki, Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilən müsabiqənin məqsədi milli mədəniyyət sahəsində gedən yaradıcılıq proseslərini sürətləndirmək, gənclər arasında bədii qiraətə marağı artırmaq, onların yaradıcılıq imkanlarını genişləndirmək, eyni zamanda yeni istedadları üzə çıxarmaqdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31