Qəhrəmana layiq kitab
2 Dekabr 2021 10:40 MədəniyyətQəbələ Rayon Mədəniyyət Mərkəzində istedadlı jurnalist-publisist Bibixanım İsayevanın Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimova həsr olunmuş "İnsanlığın zirvəsi" kitabının təqdimat mərasimi keçirilmişdir. Üzürlü səbəblərdən həmin tədbirdə iştirak edə bilmədim. Amma təqdimatın möhtəşəm keçdiyindən xəbərdaram. Mən də ürək sözlərimi oxucularla bölüşmək istərdim.
Bu təqdimat Qəbələ ədəbi mühitinin həyatında ən dəyərli hadisələrdəndir. Bu mühitin əsrlərə söykənən İsmayıl bəy Qutqaşınlı fenomenallığı, İbrahim bəy Musabəyov reallığı,çağdaş filoloji elmimizin Abid Tahirli möhürü,yaxın onilliklərimizin Tacəddin Şahdağlı gerçəkliyi var. Çağdaş ədəbi mühitdə isə sözü və imzası ilə bu əyalətdən Bibixanım İsayeva boylanır...
Bibixanım İsayeva böyük ədəbiyyatı, onun publisistika qanadını,sənətin jurnalistika qolunu Qəbələdə yaşayıb yaradan, uzaq dağ kəndində vətən ədəbiyyatına bütün qəlbi və səriştəli qələmi ilə xidmət edən müəlliflərdəndir.Təkcə bu fakt son dərəcə əlamətdardır.
O, ömrünün müdriklik çağlarını yaşayır.Sənət taleyinin yeddinci onilliyinə adlayan bu ömür adamı 50 ildən çoxdur ki, qələmlə baş-başadır.
İlk mətbu imzasını ötən əsrin 70-ci illərində "Qalibiyyət" yerli rayon qəzetində görən tələbkar oxucu bu gün püxtələşmiş həmin publisistin sayı minlərlə ölçülən xəbər,oçerk,reportaj,felyeton,esse,hekayə,habelə, dərin mündəricəli şeirleri ilə üz-üzə,qarşı-qarşıyadır.
Bibixanım olduqca çətin,ağrılı,nisgilli bir tale, fəqət sevinci bol,qayəsi zəngin bir sənətkar ömrü yaşayıb.Ailə başçısını vaxtsız itirib,ömrün ana əzabları üz-gözünü qarsalayıb,evdar ana əllərinin qabarı dönməz sənət qələminin nübarı ilə birləşib təzadlı bir taleyin xoşbəxt,sevilən müəllifinə çevirib onu.Çünki o, İlahi SÖZün yardımçısı olan qələmini heç vaxt yerə qoymayıb.Balalarına həyat işığı,qələminə ürək yanğısı ilə yanaşıb ömrü boyu.
Bu gün mübarək təqdimatı ürəkləri riqqətə gətirən bu kitab ölməz Vətən fədaisi Polad Həşimova qiymətli abidədir.O abidə nə daşlardan yonulub,nə monumental təxəyyülün məhsuludur,nə də memar yaradıcılığıdır.Memarı da özüdür,arxitektoru da,heykəltəraşı da.Ölməz bir həyatın rəssam portretini bütün çalarları ilə nəsrimizin şirin dilinə,xatirələrin ahəngdar axıcılığına,üzgün duyğuların layla həzinliyinə,qürur dolu taleyin könül sızladan bəstəsinə çevirə bilib Bibixanım.
Çox belə könül heykəlləri var,çox belə dəyərli kitab nümunələri,nəğmə dolu misralar var.Amma Bibixanım İsayeva yanğısında və üslubunda,bitkinliyində və gözəlliyində belə sənət abidəsi deyəsən hələ ki yoxdur.Bibixanım böyüklüyü bundadır.Bibixanım bu böyüklüklə sanki elə Vətən savaşının əsgərinin özüdür.Bibixanım bircə bu böyüklüyü ilə əvəzsiz qədirşünas,qiymətli vətəndaş,dəyərli həmyerli,ustad qələm sahibidir.
Şəhidlik şəhadətdir.Yəni Allah dərgahında onunla yan-yanadır bu kəslər.
Yaratmaq gücü Tanrıdadır.İkinci belə bir güc-anaların qadınların adında,qismətindədir.
Bir də İlahi SÖZ.Söz bəşər övladını xəlq eləyib,kamala yüksəldib.Üçüncü böyük yaradan odur.Hər kəsə o böyük vergi verilməz.Söz sənətdir.Söz ədəbiyyatın özüdür.Ədəbiyyat silahdır,qələbədir.
Şəhid Polad Həşimov-Allah adamı.
Ondan əsər yazan ana-qadın Bibixanım İseyava.
Bu abidəni ucaldanın silahı isə sözdü,istedaddı,ədəbiyyatdı.
Bu üç müqəddəs duyğuların birləşdiyi, təcəlla etdiyi Vətən övladı isə bir adamdı.
Yazıçı, vətəndaş, sözün əsgəri Bibixanım İsayeva, qələmin iti, uğurların bol olsun!
Bircə fəxr etmək qalır.




Qəbələ Dövlət Peşə Təhsil Mərkəzindən
texnika üzrə fəlsəfə doktoru Füzuli Səddinov