Azərbaycan Konqres Bürosunun təqdimat mərasimi keçiriləcək

Mədəniyyət və Turizm Nazirliyindən "OLAYLAR"a verilən məlumata görə, iyunun 10-da Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Konqres Bürosunun (Azerbaijan Convention Bureau) təqdimat mərasimi keçiriləcək. Azərbaycanda işgüzar turizmin inkişaf etdirilməsi məqsədilə yaradılan Büronun əsas fəaliyyəti Azərbaycana iri miqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi, Azərbaycanın MİCE (işgüzar) turizm istiqaməti kimi təşviqi, beynəlxalq tədbirlərlə əlaqədar tender müsabiqələrində iştirak və s. məsələləri əhatə edəcək. Mərasim zamanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə bir sıra brend mehmanxanaların və turizm şirkətlərinin rəhbərləri arasında Büronun yaradılması barədə niyyət protokolu imzalanacaq. Büroya üzv olmaq arzusunda olan turizm şirkətləri və digər müqabil tərəflər üçün Büroya üzv olmaq imkanı yaradılaraq, onların imzalanma mərasiminə bilavasitə qoşulması nəzərdə tutulub. KİV nümayəndələri üçün tədbirə giriş sərbəstdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31