Günay Əfəndiyeva: Qarabağda Türk Dünyasının Mədəniyyət Mərkəzinin inşa edilməsini təklif edirik

Türk Dünyasının ayrılmaz parçası olan doğma Qarabağda - gözəl Şuşada  Türk Dünyasının Mədəniyyət Mərkəzinin inşa edilməsini təklif edirik.

Bu sözləri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirlərinin VIII Zirvə Toplantısında çıxışı zamanı bildirib.

Bir 8 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər

O deyib : " Azərbaycanın qazandığı möhtəşəm Qarabağ Zəfəri əslində bütün Türklüyün Zəfəri idi, çünki bütün Türk Dünyasını birləşdirdi. Türkiyənin Azərbaycana açıq mənəvi dəstəyi bütün dünyaya həqiqi qardaşlığın və dostluğun nümunəsi oldu. Müstəqilliklərinin 30-cu ildönümündə türkdilli dövlətlər bir daha ortaq dəyərlərə - Türk Dəyərlərinə sahib olduqlarını isbat etdilər. Bu dəyərləri, zəngin irsimizi unutmamaq, dünyaya tanıtmaq Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun öncəliklərindən biridir. Bu məqsədlə Fond tərəfindən bu il də  "Böyük İpək Yolu" , qadınlar və uşaqlar, adət-ənənələr və bir çox digər mövzularla bağlı konfranslar, sərgilər, tədbirlər təşkil edilmiş, geniş miqyaslı layihələr həyata keçirilmiş, Türk Dünyası mədəniyyətini əks etdirən Almaniyada, Polşada, İtaliyada və digər ölkələrdə kitablar nəşr olunmuş, İspaniyada poçt markaları buraxılmış, Bolqarıstanda tamaşalar səhnəyə qoyulmuşdur. Fondun himayəsi altında yaradılan " Dədə Qorqud" Kamera Orkestrının ifasında Bella Bartok İlinin açılış mərasiminə, eləcə də Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş konsert proqramları təşkil edilmişdir.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu həmçinin beynəlxalq əlaqələrini də genişlətməkdədir. Belə ki, cari ildə Fond ilə Litva arasında Əməkdaşlıq Memorandumu imzalanmışdır. Memorandum özündə Litvada yaşayan türk kökənli azsaylı etnik xalqların-tatar və karaimlərin irsinin qorunmasını və təbliğini ehtiva edir.  Fond tərəfindən Litvanın Xarici İşlər Nazirinin iştirakı ilə tatar və karaimlərə həsr olunmuş sərgi və konsert, daha sonra elmi konfrans keçirilmişdir.

Bu il Fondun sənədləri nəhayət təsdiqlənmişdir. Bunun üçün Fondun qurucu üzv ölkələrinin - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın dövlət başçılarına dərin minnətdarlığımı bildirirəm. Bütün bunlar bizi yeni uğurlara və zəfərlərə şövq edir.

Türk Dünyasının ayrılmaz parçası olan doğma Qarabağda - gözəl Şuşada  Türk Dünyasının Mədəniyyət Mərkəzinin inşa edilməsini təklif edirik. Tərəfimizdən bu istiqamətdə işlər aparılmaqdadır. Bu Mərkəz tariximizin, mədəniyyətimizin, irsimizin birləşdiyi məkan olacaqdır, həmrəyliyimizin simvollarından birinə çevriləcəkdir, əbədi qardaşlığımızın yeni bir sübutu olacaqdır ".

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31