Minskdə keçirilən “Kitab sənəti” beynəlxalq müsabiqəsində ölkəmiz üç nominasiyada birincilik qazanıb

Mədəniyyət və Turizm Nazirliyindən "OLAYLAR"a verilən məlumata görə, MDB ölkələrinin "Dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya məsələləri üzrə" Dövlətlərarası Şurasının təşəbbüsü ilə ənənəvi olaraq beynəlxalq "Kitab sənəti" müsabiqəsi keçirilir. Bu il 10-cu, yubiley müsabiqəsi mayın 23-24-də Belarusun paytaxtı Minskdə gerçəkləşib. Ölkəmiz bir qayda olaraq müsabiqədə uğurla təmsil olunur. Bu il də kitablarımız yüksək yerlərə layiq görülüb. 
Dövlətlərarası Şuranın həmsədri, müsabiqənin Təşkilat Komitəsinin və münsiflər heyətinin üzvü, Mədəniyyət və Turizm Nazirliyi Nəşriyyat sektorunun müdiri, tanınmış şair Çingiz Əlioğlu müsabiqədə iştirak edib.
"Kitab sənəti" beynəlxalq müsabiqəsi yarandığı gündən ölkəmizin bu tədbirdə fəal iştirak etdiyini deyən sektor müdiri Azərbaycan kitablarının müxtəlif nominasiyalarda nailiyyət qazandığını bildirib. Builki müsabiqəyə 7 nominasiya üzrə MDB ölkələrindən təxminən 150 adda kitab təqdim olunub: "Bu müsabiqədə uğurlarımız daim bol olub. Bu il də əliboş geri qayıtmadıq. Yubiley müsabiqəsində Azərbaycan kitabları 3 nominasiyada birincilik qazandı. Müqayisə üçün deyim ki, builki müsabiqədə kitab nəşrində böyük təcrübəsi olan Rusiya, eləcə də Moldova, Türkmənistan və Ermənistanın təqdim etdiyi nəşrlər heç bir nominasiyada qalib gələ bilmədi. Azərbaycanın isə üç kitabı qalib oldu".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31