Azərbaycanda gənc türk yazıçılarının toplantısı keçiriləcək

Əkbər Qoşalı: “Qırğızıstan səfəri Azərbaycan üçün uğurlu oldu”

"Yaxınlarda Qırğızıstanda Türkcənin 10-cu Beynəlxalq Şeir Festivalı keçirilib. Festival Türkiyə Yazıçılar Birliyinin (TYB) təşkilatçılığı ilə baş tutub. TYB-nin bundan öncəki Şeir Festivalları isə Türkiyənin Bursa şəhərində, Kıprısda, həmçinin Ağməsciddə (Krım), Fransanın Strasburq şəhərində, Qazaxıstanın Almatı şəhərində, Aşqabatda, o cümlədən Bakıda və başqa şəhərlərdə keçirilib". Dünya Gənc Türk Yazıçılar Birliyinin başqanı, Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı "OLAYLAR"a açıqlamasında belə deyib. Əkbər Qoşalı bildirdi ki, mayın sonu iyunun əvvəllərində Qırğız Respublikasında təşkil edilən festival Çingiz Aytmatovun xatirəsinə həsr edilib. DGTYB başqanı qeyd etdi ki, tədbir Türkiyə Prezidenti Abdulla Gülün himayədarlığı altında baş tutub: "Qırğız Respublikası prezidentinin tədbirdə iştirak və çıxış edəcəyi gözlənilsə də, təxirəsalınmaz dövlət proqramlarına görə dövlət başçısı tədbirdə iştirak edə bilmədi. Bununla belə, açılışı Bişkək Filarmoniyasının Böyük Konsert Salonunda baş tutan Şöləndə, TYB Başqanı İbrahim Ulvi Yavuz, Türkçənin Uluslararası Şeir Şöləni Daimi Heyət başqanı D.Mehmet Doğan, Qırığız Yazıçılar Birliyi başqanı Çolpanbek Abıkeyev, Qırğız Mədəniyyət naziri Sultan Raev, Türkiyə Cümhuriyyəti Cümhurbaşqanlığının Baş Katibi prof.dr. Mustafa İsen, Türkiyənin Qırğız Respublikasındakı səfiri Necati Akçal, TBMM üzvü Mustafa Kabaklı, Manas Qırğız-türk Universitetinin rektoru professor Səbahəddin Balcı və b. çıxış etdilər. Açılış törənində Azərbaycan adından mən çıxışını etdim. Çıxışımda Azərbaycanın o günlərə təsadüf edən Respublika Günü - Xalq Cumhuriyyətinin 95-ci ildönümü münasibətilə fikirlərimi səsləndirdim. Şərqdə ilk demokratik türk-müsəlman respublikasının tarixi haqqında qısaca bilgi verdim, ədəbiyyat və mədəniyyətin türk xalqları tarixində, həyatında yeri və rolu haqqında, ardınca Şeir Festivalı barədə fikirlərimi bildirdim. Açılış sonrası Bişkək Milli Orkestrinin Konsertinə tamaşa etdik. Tədbirdə ayrı-ayrı ölkələrdən, həmçinin Azərbaycandan gəlmiş şairlər Mahir Qarayev və Elşən Əzim şeirlər söylədilər. Açılışın ertəsi günü Manas Universitetində toplantılar keçirildi, şeirlər oxundu, ayrı-ayrı mövzular üzrə müzakirələr edildi və yazarlar öz fikirlərini səsləndirdilər. Səhəri gün bir qrup Qırğız yazarla bərabər İssık Gölə getdik. Orada Çolpan Ata rayonunda "RUH MƏRKƏZİ" adlı böyük bir mədəniyyət-sənət və belə demək olarsa, ruh ocağı açılıb. Mərkəzdə bütün səmavi dinlərin təzahürləri əks olunub, Türk Dünyasının böyük şəxsiyyətlərini əbədiləşdirən görüntülər var. Mərkəzdən çıxandan sonra əlaqədar şəxslərə, o cümlədən Azərbaycanın Qırğız Respublikasındakı səfiri hörmətli Hidayət Orucova mərkəzdə Azərbaycanla bağlı da zəngin bölmələrin olması xüsusunda xahişimizi bildirdik. H.Orucov "RUH MƏRKƏZİ"nə dəvət olunduğunu, yaxın bir zamanda ora baş çəkəcəyini, lazım olan məsələlərin həll ediləcəyini dedi. Şeir bayramının bir günü də İssık gölün ətrafında keçirildi. Təsəvvür edin yuxarıda başı qarlı Tenqri Dağ silsiləsi, onun ayağında isə isti bir göl... Belə yerdə şeir məclisi qurmağın ayrı bir zövqü, ləzzəti var... Əlavə edim ki, festival boyunca, "Yusuf Has Hacib Şeir Fəsli", "Manas Şeir Fəsli", "Namiq Kamal Şeir Fəsli", "Yunus Əmrə Şeir Fəsli"nə, "Sezai Qaraqoç Şeir Fəsli", "Halimə Xudayberdiyeva Şeir Fəsli", "Dastan Gecəsi"nə yığışdıq; habelə Ata-beyt və Bruna ziyarəti gerçəkləşdirildi. Issık Göldə bir gün Həmin günün səhərisi isə yenidən Bişkəkə döndük və Manas Universitetində Şeir festivalının "Qapanış toplantısı" keçirildi. Tədbirdə bütün iştirakçılara əbru ilə bəzədilmiş və xüsusi hazırlanmış baratlar verildi. Festival üçün "Manas", "Yusif Hacib" və "Namiq Kamal" adlı üç böyük ödül nəzərdə tutulmuşdu. Bunun biri Altay Yazıçılar Birliyin başqanı Brontoy Bedurova, digəri Türkiyədən olan professor Hicabi Kırlanğıça, üçüncüsü isə Tatarıstandan gəlmiş gənc şair Rifat Selaxova verildi. Deyə bilərəm ki, Azərbaycandan olan yazarların fikirləri, çıxışları da yaxşı qarşılandı. Hətta ilk dəfə xarici səfərdə olan Azərbaycanlı şair Elşən Əzimin Kəlbəcər və Qarabağa həsr edilmiş şeirləri dərin məhəbbətlə qarşılandı, həmin şeirlərin mətnlərini ondan aldılar. Ümumilikdə səfər uğurlu oldu. Sizə deyim, iyunun sonunda isə biz, DGTYB-nın təşkilatçılığı ilə Azərbaycanda gənc türk yazıçılarının toplantısını keçirəcəyik".("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31