Mənsum İbrahimov Lüksemburqdan təklif alıb
4 İyun 2013 17:59 MədəniyyətXalq artisti Mənsum İbrahimov Lüksemburqdan qastroldan qayıdıb. "Azadinform"a bu barədə Mənsum İbrahimov özü açıqlama verib: "Konsert Azərbaycanın Belçikadakı səfirliyinin dəstəyi ilə təşkil olunmuşdu. Azərbaycan simfonik muğamları Lüksemburqun Kamera Orkestri ilə birgə ifa olundu. Konsertin məşqlərinə görə, üç gün öncədən yola düşdük. Lüksemburq Kamera Orkestri ilə birgə Fikrət Əmirovun simfonik muğamları, "Sarı gəlin" xalq mahnısı, "Şeyx Sənan" operasından "Kor ərəbin mahnısı", "Şikəsteyi Fars" təsniflərini hazırladıq. Konsertin proqramı 2007-ci ildə hazırlanmış "Simfonik-muğam" layihəsi əsasında təşkil olunmuşdu". Mənsum İbrahimovu səhnədə Lüksemburq Kamera Orkestri, Azərbaycanın xalq artisti dirijor Yalçın Adıgözəlov, əməkdar artistlər Elnur Əhmədov, Elçin Həşimov müşayiət edib. Konsertdə diplomatik korpusun nümayəndələri, ziyalılar iştirak ediblər.
Qeyd edək ki, Mənsum İbrahimov layihə çərçivəsində daha bir təklif alıb. Xalq artisti Lüksemburq orkestrinin rəhbərinə onun öz xahişi ilə konsert proqramının not dəftərini hədiyyə edib: "Bundan başqa Lüksemburq Kamera Orkestri ilə eyni proqramda Avropa ölkələrinə qastrol səfərinə çıxmamız haqda təklifi də qəbul etdik. Payız aylarından etibarən səfərimizi gerçəkləşdirəcəyik".