"Azərbaycan İncəsənət Festivalı-2013” keçiriləcək

Mədəniyyət və Turizm Nazirliyindən "OLAYLAR"a verilən məlumata görə, nazirliyin dəstəyi respublikanın bölgələrində fəaliyyət göstərən dövlət rəsm qalereyalarının fəaliyyətində səmərəliliyin artırılması, bölgələrdə mədəni mühitin rəngarəng tədbirlərlə zənginləşdirilməsi, əhalinin mədəni istirahətinin təşkili, Azərbaycan rəssamlarının yaradıcılığının təbliği, gənc nəslin rəssamlıq sənətinə olan marağının artırılması və yaradıcılıq ideyalarının reallaşdırılması məqsədi ilə Nazirliyin "Paytaxtdan bölgələrə" layihəsinin 4-cü mərhələsində "Azərbaycan İncəsənət Festivalı-2013" ("Azerbaijan Art Fetsival - 2013") adlı silsilə sərgilər keçiriləcək. Sərginin açılışı 2013-cü il iyun ayının 4-də, saat 19:00-da BAKI YARADICILIQ MƏRKƏZİNDƏ (BAKU CREATİVE CENTER) təşkil olunacaqdır (Ünvan: Bakı şəhəri Həsən Abdullayev küçəsi, 6). Bundan sonra sərgilər Salyan, Saatlı, Şirvan, Kürdəmir, Mingəçevir, Şəki, Qax, İsmayıllı, Xaçmaz, Sumqayıt şəhərlərindəki dövlət rəsm qalereyalarında təşkil olunacaq. 
Layihə çərçivəsində dövlət rəsm qalereyalarında səyyar sərgilər və ustad dərsləri keçiriləcəkdir ki, bunun da sayəsində ölkənin digər şəhər və rayonlarında da sadə insanların incəsənətə dair bilik və marağı artırılacaq, yaradıcı potensialı olan gənclər üzə çıxarılacaq və dəstəklənəcək. 
Tədbirin açılış mərasimindən öncə 2013-cü il iyun ayının 4-də, saat 12:00-da Bakı Biznes Mərkəzində jurnalistlər üçün mətbuat konfransı keçiriləcək. 
"Azerbaijan Art Festival - 2013" iştirakçıları sırasında Novruz Məmmədov, Məmməd Rəşidov, Erkin Ələkbərli, Fərəc Rəhmanov, Gülnarə Əlixanova, Bəhruz Kəngərli, Anar Hüseynzadə, Ələkbər Məmmədov, Anar İsmayılzadə, Lalə Ağayeva, Mehriban Əfəndi, Günel Ravilova, Aytən Şirzadova, Pərnisə Əsgərova, Aysel Əmirova kimi rəssamlar var. 
Festival çərçivəsində keçirilən tədbirlər başa çatdıqdan sonra festival haqqında qısametrajlı filmin hazırlanması nəzərdə tutulur.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31