Həmyerlimiz Şuvalov medalı alıb
3 İyun 2013 15:09 MədəniyyətHazırda Türkiyədə yaşayan azərbaycanlı rəssam Teymur Rzayev Rusiya Rəssamlıq Akademiyası tərəfindən Şuvalov medalı ilə təltif olunub. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a verilən məlumata görə, Şuvalov medalını həmyerlimizə təhsil ocağının direktoru Zurab Tsereteli Akademiyanın Ağ zalında təşkil olunmuş təntənəli mərasimdə təqdim edib. Azərbaycan və Sankt-Peterburqda rəssamlıq təhsili alan Teymur Rzayev 1994-cü ildən Türkiyədə yaşayır. Azərbaycan Rəssamlar İttifaqının üzvü, əməkdar rəssam Teymur Rzayev hazırda Yeditəpə Universiteti İncəsənət fakültəsi Plastik sənətlər şöbəsində müəllim işləyir. Teymur Rzayev vətəndən kənarda yaşadığı bu illər ərzində hər zaman ölkəmizin təbliği, onun tanıdılması istiqamətində fəaliyyət göstərib. Həmyerlimizin çəkdiyi rəsm əsərlərində ölkəmizin problemləri, Dağlıq Qarabağ münaqişəsinə daim diqqət yetirilib. Azərbaycan diasporunun inkişafında müstəsna xidmətlər göstərmiş Teymur Rzayev 2006-cı ildə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunmuş Dünya azərbaycanlıları ziyalıları forumunda Türkiyədə yaşayan rəssamların koordinatoru seçilib.