Ramiz Quliyev tarın bir simi ilə də Avropanı heyrətləndirə bilib
3 İyun 2013 13:18 MədəniyyətAvropanın mədəniyyət mərkəzi olan Vyana şəhərində tanınmış Azərbaycan və Avstriya musiqiçilərinin iştirakı ilə təntənəli qala-konsert keçirilib. Tədbir ölkəmizin Avstriyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən və Avropanın ən möhtəşəm konsert salonlarında biri olan "Vyana Konzerthauz" zalında baş tutub. Gecədə Azərbaycan Akademik Opera və Balet Teatrının dirijoru, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin idarəsi ilə Vyana "Muzikum Konsilium" orkestrinin ifasında Azərbaycan bəstəkarlarının əsərləri səslənib. Bu barədə "OLAYLAR"a drijorun özü məlumat verib. İlk dəfə olaraq Vyana orkestri tərəfindən dahi bəstəkarlar Üzeyir Hacıbəylinin, Qara Qarayevin və Fikrət Əmirovun müxtəlif həcmli əsərləri dinləyicilərə təqdim olunub. "Vyana Muzikum" orkestrinin müşayiətilə dünyaşöhrətli tarzən, xalq artisti, beynəlxalq müsabiqələr laureatı, professor Ramiz Quliyev Azərbaycan və qərb bəstəkarlarının əsərlərindən ibarət mürəkkəb və rəngarəng proqramla çıxış edib. Uzeyir Hacıbəylinin əsərləri əsasında tərtib olunan fantaziya avropalı dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Dahi Avstriya bəstəkarları V.Mosart və F.Şubertin əsərlərinin tarda ifası isə konsertin kulminasiyasına çevrilib. Dinləyicilərin istəyini nəzərə alaraq professor Ramiz Quliyev sonda klassik Azərbaycan muğamı "Çahargahı" ifa edərkən yalnız bir simdən istifadə etməyə məcbur olub. Beləki, ifa zamanı simlərin sıradan çıxaraq qırılması və bu vəziyyətdən ifaçının məharətlə çıxması gecəyə böyük həyəcan qatıb.