“Əjdər əmi” Türkiyə səfərindən danışdı
Bu haqda eksklüziv olaraq “OLAYLAR”a danışan məşhur aktyor Əzizağa Əzizov səfərin əsas məqsədini açıqlayıb
30 May 2013 17:33 MədəniyyətAprelin 29-dan mayın 1-dək "Zengin Kiz Fagir Oğlan" serialına dəvət aldığımız üçün İstanbulda olduq. Sənubər xanımın həyat yoldaşı kimi çəkildiyim bölümdə azərbaycanlı iş adamlarının rolunu canlandırdım. Üç gün ərzində bir dəqiqə belə dincəlmədən davam edən çəkilişlərimiz çox yüksək səviyyədə təşkil edildi. Səhər 6-yadək kamera önündə olsaq da yorulmağın nə olduğunu bilmədik". Aktyor qardaş ölkədə möhtəşəm formada qarşılandığını deyərək çəkiliş müddətində də yerli aktyorların onları özlərindən ayırmadıqlarını söyləyib: "Türkiyədə çox möhtəşəm formada qarşılandıq. Bölümləri izləyərkən də bizim başqa ölkənin vətəndaşı olmağımızın nəzərə çarpmadığını görə bilərsiniz. Sanki uzun illərdir ki, onlarla birgə işləyirdik. Tərəf müqabili olaraq onlar bizi özlərindən ayırmadılar. Rollarımız da türkiyəli rejissorlar tərəfindən çox bəyənildi". Əzizağa Əzizov TRT 1-in rəhbərliyi tərəfindən Xəzər TV-yə serialda azərbaycanlı aktyorların çəkilməsi üçün təklif gəldiyini, telekanalın isə bu məsul işi Sənubər İsgəndərli ilə ona həvalə etdiyini vurğulayıb: "TRT 1 "Zengin Kiz Fagir Oğlan" serialında azərbaycanlı aktyorların çəkilməsi üçün Xəzər TV-yə dəvət yolladı. Telekanal məhz bizim bu serialda çəkilməyimizi istədiyi üçün serialda çəkilmək üçün bizə ünvanlanan təklifi qəbul etdik".