“Zengin Kız və Fakir oğlan” serialı ilə kokteyl təşkil edildi
Türkiyə səfirliyində “Zengin kiz ve Fakir oglan” serialının məşhur qəhrəmanları ilə görüş keçirildi
30 May 2013 14:22 Mədəniyyət"OLAYLAR"ın verdiyi məlumata görə, ötən gün Türkiyə səfirliyində baş tutan görüşdə millət vəkilləri Fazil Mustafa, Qənirə Paşayeva, aktyorlar Vəfa Zeynalova, Sənubər İsgəndərli, Qurban Məsimov , "Aramızda qalsın" serialında Əjdər əmi kimi tanınan Əzizağa Əzizov, müğənnilər Roza Zərgərli, Elnarə Xəlilova, Xalq artisti Brilliant Dadaşova da iştirak edib. Türkiyənin ölkəmizdəki səfiri tədbiri giriş sözü ilə açaraq ölkələrarası qardaşlıq münasibətlərindən danışıb. Daha sonra cənab səfir türk seriallarının müxtəlif ölkələr tərəfindən sevilməsindən söz açıb: "Son illər ölkəmizdə çəkilən seriallar istər Azərbaycan, istərsə də Yunanıstan kimi bir çox ölkələrdə sevilərək izlənilir. Eləcə də "Zengin kiz ve Fakir oglan" serialı. 38-ci bölümdə "Qaynana", "Aramızda qalsın" kimi serialların məşhur qəhrəmanları Türkiyəyə gələn azərbaycanlı biznesmenlərin rolunu canlandırır. Çəkilişlər gözlənildiyindən də uğurlu alınıb. Ümid edirik ki, bu iş birliyi bundan sonra da davam edəcək". Serialın rejissoru Bingöl də ölkələrarası əməkdaşlıq və qardaşlıq münasibətlərindən danışaraq hətta çıxışında viza rejiminin yaratdığı problemlərə də toxunub: "Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir. Lakin Türkiyədən Azərbaycana gəlincə hansısa bir əcnəbi ölkəyə səyahət etdiymizi düşündük. Ölkə sərhədlərini keçdikdən sonra hər yerdə bizə göstərilən isti münasibəti görüb qərib diyarda deyil, doğma Azərbaycanda olduğumuzu anladıq. Biz bir millət olaraq hər zaman bir-birimizə dəstək olmuşuq. Bundan sonra birgə seriallar çəkməklə qardaşlığımızı daha da möhkəmləndirərək yeni-yeni uğurlara imza atarıq. Əslinə qalsa biz yazın başlanğıcında Bakıya gələrək çəkilişlər aparmağı planlaşdırmışdıq. Lakin Bakıda havaların dəyişkən olmasını nəzərə alaraq çəkilişləri təxirə salmalı olduq". Serialın rejissoru növbəti çəkilişlərdə azərbaycanlı gənc oğlanla türkiyəli qızın sevgi macərasının canlandırılacağını da vurğulayıb: "Sentyabr ayında nəzərdə tutulan çəkilişlərdə azərbaycanlı dəliqanlı oğlanla türk qızı arasında sevgi macərası baş verəcək. Bu münasibətlərin də sonu xoş nəticə ilə yekunlaşacaq. Serialın növbəti bölümlərində də bu ideyanı davam etdirəcəyik. "Zengin kiz ve Fakir oğlan"la Türkiyədə belə bir ənənə yaratmış olduq. Yəqin ki, bizdən sonra yeni seriallara rtejissorluq edən şəxslər də bu münasibətləri hər zaman önə çəkərlər". Türkiyəli aktyorlar Bakıda ilk dəfə olduqlarını deyiblər. Onlar "Zəngin kız, fakir oğlan" serialının sonrakı bölümlərinin Bakıda çəkiləcəyini də qeyd ediblər.
Onu da deyək ki, Hüseyin Avni Danyal tamaşaçıların daha çox "Kurtlar Vadisi Pusu" serialındakı Bulut obrazı ilə yaddaşında qalıb. Ufuk Özkan isə Türkiyədə çox izlənilən "Geniş Ailə" serialında Cəvahir rolu ilə məşhurdur. Hər iki aktyorlar hazırda "Zəngin kız, fakir oğlan"nın baş rol ifaçılardır.
Məlumat üçün bildirək ki, "Zengin kız, fakir oğlan" serialının qəhramanları ölkəmizə Türkiyə səfirliyi və TRT-nin Azərbaycan təmsilçisi Yüksəl Dəğarcanın təşəbbüsü ilə gəliblər.
Nigar Məhərrəm