Əbülfəs Qarayev BMT-nin ali nümayəndəsi ilə görüşüb
29 May 2013 19:04 MədəniyyətOlaylar İA xəbər verir ki, Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə BMT-nin Sivilizasiya Alyansı üzrə ali nümayəndəsi Nəsir Abdeləziz əl-Nəsir arasında görüş keçirilib. Görüşü giriş sözü ilə açan Azərbaycan Respuiblikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu cür yüksək səviyyəli tədbirlərin keçirilməsinə görə prezident İlham Əliyevə təşəkkürünü bildirib. Daha sonra qonağı salamlayan nazir Bakıda keçiriləcək İkinci Mədəniyyətlərarası Dialoqu Forumunun əhəmiyyətindən danışıb: "Sizin ölkəmizə səfəriniz bu forumun əhəmiyyətini daha da yüksəldir. Azərbaycan belə vacib tədbirlərin keçirilməsində regional liderə çevrilib. Bu tədbir mədəniyyətlərarası təcrübə mübadiləsi nöqteyi-nəzərindən bir nömrəli tədbirə çevrilib və çox şadam ki BMT Sivilizasiya Alyansı, UNESCO, Beynəlxalq Turizm Təşkilatı, Avropa Şurası bu işdə fəal olublar".
Qonaq isə forum barədə məlumat verərək qeyd edib ki, bu tədbiri keçirməklə Azərbaycan mədəniyyətlərarası dialoq işinə böyük töhfə verir. Azərbaycana ilk dəfə səfərə gəldiyini söyləyən ali nümayəndə forumda iştirak etməkdən məmnunluğunu bildirib və onun işinə uğurlar arzulayıb.