Dünya musiqisi Bakı bulvarında
29 May 2013 12:41 Mədəniyyət"Çox mədəniyyətli dünyada sülh şəraitində birgə yaşama" şüarı altında 2013-cü ilin 29 may-1 iyun tarixlərində Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən mədəni tədbirlər sırasında "Dünyanın Musiqi Filmləri Turu" proqramı da yer alıb. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə proqrama daxil olan dünya xalqlarının etnik və ənənvi musiqisinə həsr olunan filmlər Azərbaycanla yanaşı Almaniya, İspaniya, Fransa, Hindistan, Bolqarıstan, Əfqanıstan, Böyük Britaniya, ABŞ, Mərakeş, Meksika və başqa ölkələrdə çəkilib. Film nümayişlərinə adı çəkilən ölkələrin kino və musiqi ustalarının birgə məhsulu olan audiovizual əsərlər daxil edilmişdir. Dənizkənarı Milli Parkda istirahət edən şəhər sakinləri 28 may-1 iyun tarixlərində, saat 21:00-dan 23:30-dək açıq səma altında qurulmuş böyük ekranda Argentina tanqosu, Balkan yarımadasındakı dövlətlərdə yayılmış türk musiqisi, ənənəvi ərəb musiqisi, Alim Qasımovun ifasında Azərbaycan muğamı və bir çox başqa xalqların folklor musiqisi nümunələri ilə tanış olmaq imkanı qazanacaqlar. ("OLAYLAR"İA)