Türkiyənin qızıl səsli sopranosu Bakıya dəvət olunub

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının mətbuat xidmətindən "OLAYLAR"a verilən məlumata görə, iyunun 8-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Puççininin "Toska" operasının tamaşası keçiriləcək. Tamaşada Toska partiyasını ifa etmək üçün ilk dəfə olaraq Türkiyənin çox məşhur və populyar vokalçısı Dəniz dəvət olunub. Dəniz İstanbul Opera və Balet Teatrının aparıcı solisti, bir çox beynəlxalq vokal müsabiqələrinin qalibidir. Bakılı musiqisevərlər onu ötən il şəhərimizdə keçirilən Vokalçıların Bülbül adına VI beynəlxalq müsabiqəsindəki parlaq çıxışı ilə xatırlayırlar. O zaman Dəniz müsabiqənin "Qran-Pri" mükafatına layiq görülüb. Türk mətbuatı gənc vokalçının tamaşalarda çıxışlarını hər zaman heyranlıqla izləyir və onu "türk operasının qızıl səsi", "parlaq aktrisa, opera divası və ulduzu" adlandırırlar. Opera tənqidçiləri onun fenomenal vokal göstəricilərinə, gözəl səs tembri, cəlbedici və effektli xarici görünüşə malik olduğunu qeyd edirlər. Tamaşada həmçinin Gürcüstanın Xalq Artisti, Dövlət mükafatı laureatı, professor Teymuraz Ququşvili (Kavaradossi), Azərbaycanın Xalq Artisti Əvəz Abdullayev (Skarpia) də çıxış edəcək. Tamaşanı Azərbaycanın Xalq Artisti, Dövlət Mükafatı laureatı, professor Rauf Abdullayev idarə edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31