Fransa, İtaliya senatorları və Braziliya parlamentariləri Bakıya gələcək

Mədəniyyət və Turizm Nazirliyindən əldə etdiyimiz məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi ilə "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama" şüarı altında 2013-cü ilin 29 may-1 iyun tarixlərində Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Forumun əsas tərəfdaşları qismində YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub mərkəzi, İSESKO, BMT-nin Dünya Turizm Təşkilatı çıxış edir. Forum çərçivəsində Azərbaycanın şərqlə-qərbin, müxtəlif mədəniyyətlərin kəsişməsində yerləşməsi nəzərə alınaraq ilk dəfə Dünya Forumu Nazirlər Konfransı keçiriləcək. Forumda beynəlxalq qurumların rəhbərləri, bir neçə ölkənin hazırki və keçmiş prezidentləri, dünyanın 100-dən çox ölkəsindən nazirlər, ekspertlər, o cümlədən Fransanın Lua-Şer (Loir-et-Cher) vilayətinin Ali Şurasının Vitse-Prezidenti, Fransa Milli Assambleyasının deputatı və Milli Assambleyada Azərbaycan-Fransa dostluq qrupunun üzvü Patrice Martin-Lalande, Fransa Milli Assambleyasında Ois (Oise) vilayətinin deputatı və Milli Assambleyada Azərbaycan-Fransa dostluq qrupunun üzvü Jean-François Mancel, Fransanın Aut-Rin (Haut-Rhin) vilayətinin senatoru Jan-Mari Bokel, İtaliya Senatının üzvü Lamberto Dini, Brazilya Parlamentinin Xarici Əlaqələr və Milli Müdafiə Komitəsinin müdiri Klaudio Kajado, Brazilya Parlamentinin üzvü Nelson Pelegrino, beyin mərkəzlərinin rəhbərləri, alimlər və mədəniyyətlərarası dialoqla məşğul olan mərkəzlərin yüksək səviyyəli nümayəndələri iştirak edəcəklər. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci ilin 27 may tarixində imzaladığı sərəncamı ilə Forum hər iki ildə bir dəfə Bakıda keçirilir və tədbirin əlaqələndirici qurumu kimi Mədəniyyət və Turizm Nazirliyi təyin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31