"Muhteşem yüzyıl"da şok: Məryəm Üzerli seriala qayıtmaq istəmir
Türkiyənin ən populyar serialı "Muhteşem yüzyıl"ın ulduzu, Hürrəm Sultan rolunu oynayan aktrisa Meryem Üzerli çəkiliş qrupu üçün çox böyük problemlər yaradıb
24 May 2013 12:56 MədəniyyətMilli.Az AHT-yə istinadən bildirir ki, Türkiyənin Star TV telekanalında nümayiş olunan "Muhteşem yüzyıl" serialını çəkən "Tim's Production" studiyası serialın çəkilişlərinin nə zaman bərpa olunacağını bilmir. Ağır depressiyada olduğunu, psixologiyasının pozulduğunu deyən aktrisa müalicə üçün yollandığı Berlindən geri qayıtmaq istəmir. Bazar günü İstanbulu tərk edərək Almaniya paytaxtına yollanmış M.Üzerli psixoloji reabilitasiya klinikasındadır. Məhz bu səbəbdən də teleserialın 100-cü seriyası nümayiş olunmayıb. Tim's Production"dan verilən məlumata görə, M.Üzerli çəkiliş qrupuna heç bir xəbərdarlıq etmədən Berlinə yollanıb.
Studiya ilə aktrisa arasında imzalanmış müqavilənin şərtlərinə görə, Məryəm Üzerli 3 həftədən bir Berlinə, ailəsini görməyə gedə bilər. Aktrisanın sözlərinə görə, "Muhteşem yüzyıl"ın çəkilişlərində "həddən artıq çalışmaq və çəkiliş meydançasında sistemsiz, nizamsız işləməkdən psixologiyası pozulub, tükənib, usanıb".
"İstanbula, seriala qayıtmaq istəmirəm. Tükəndim artıq! Yetər!" - M.Üzerlinin belə dediyi vurğulanır. Teleserialın 100-cü seriyasının da 2 səhnəsi məhz aktrisanın "üsyan"ı ucbatından çəkilməyib. Star TV telekanalının ən önəmli gəlir mənbələrindən biri olan "Muhteşem yüzyıl"ın 100-cü seriyasının təyin edilmiş gün göstərilməməsi isə telekanalı ən azı 1 milyon dollarlıq reklam gəlirindən məhrum edib. Serialın çəkilişləri 1 həftə müddətinə təxirə salınıb.
Dünən o da bilinib ki, Məryəm Üzerli hələ iki ay əvvəl rəfiqəsinə "May ayında İstanbuldan, serialdan gedəcəyəm: bezmişəm" deyibmiş.
Rəfiqəsi onu fikrindən döndərmək üçün "Geri qayıtmasan, səni məhkəməyə verəcəklər" söyləyəndə isə Uzerli deyib: "Əsla qorxmuram! Studiya ilə müqaviləm var. Amma mən Türkiyə yox, Almaniya vətəndaşıyam. Müqavilə də Türkiyə ərazisində keçərlidir". Məryəm Üzerli "Muhteşem yüzyıl" teleserialının hər seriyası üçün 35 min lirə qonorar alır. "Tim's Production" problemin həll yollarını arayır. Studiya bir-iki seriyanı Hürrəm Sultansız çəkmək istəyir.
Məryəm Üzerli bir qədər əvvəl işindən şikayətlənərək demişdi: "Xeyli müddətdir ki, güzgüyə baxanda Hürrəm Sultanı görürəm. Məryəm üçün darıxmışam. Çox yorulmuşam, tükənmişəm.
Türkiyədə seriallar çox uzundur. Bu, manyaklıqdır! 100 dəqiqə, 110 dəqiqə, 120 dəqiqə olur bir seriya. Bütün telekanallara səslənirəm: lütfən, teleseriallarda seriyanın müddətini 60, 50, ya da 45 dəqiqəyə endirin".