Belçika Krallığının şahzadəsi Bakıya gələcək
23 May 2013 16:31 MədəniyyətXorvatiya və Bolqarıstanın keçmiş Prezidentləri, Belçika Krallığının Şahzadəsi Bakıda keçiriləcək II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcək. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, forum çərçivəsində Azərbaycanın şərqlə-qərbin, müxtəlif mədəniyyətlərin kəsişməsində yerləşməsi nəzərə alınaraq ilk dəfə Dünya Forumu Nazirlər Konfransı keçiriləcək.
Forumda beynəlxalq qurumların rəhbərləri, bir neçə ölkənin hazırki və keçmiş prezidentləri, o cümlədən Xorvatiyanın keçmiş Prezidenti Stefan Mesiç, Bolqarıstanın keçmiş Prezidenti Qeorqi Prvanov, Belçika Krallığının Şahzadəsi Stefani de Vindisch-Graetz, dünyanın 100-dən çox ölkəsindən nazirlər, ekspertlər, beyin mərkəzlərinin rəhbərləri, alimlər və mədəniyyətlərarası dialoqla məşğul olan mərkəzlərin yüksək səviyyəli nümayəndələri iştirak edəcəklər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci ilin 27 may tarixində imzaladığı sərəncamı ilə Forum hər iki ildə bir dəfə Bakıda keçirilir və tədbirin əlaqələndirici qurumu kimi Mədəniyyət və Turizm Nazirliyi təyin edilib. ("OLAYLAR"İA)