Muğam sənətinin qorunması haqqında qanun layihəsi hazırlanacaq

Milli Məclisin Mədəniyyət komitəsinin 2021-ci ilin yaz  sessiyasında  onlayn  formatda ilk  iclası  keçirilib. "Olaylar" xəbər verir ki, iclası açan komitə sədri Qənirə Paşayeva qarşıdan gələn yaz sessiyasında millət vəkillərinə uğurlar arzulayıb. O, Azərbaycan  torpaqlarının 30 ildən sonra  düşmən tapdağından azad olunmasına  görə Azərbaycan Prezidenti cənab İlham Əliyevin  və  Müzəffər Azərbaycan ordusunun qarşısında  ehtiramla  baş əydiyini bildirib. Qənirə  Paşayeva bu zəfər münasibəti ilə  həmkarlarını bir  daha təbrik edib, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə  şəfa  diləyib. 

Sonra  Qənirə  Paşayeva  2020-ci ilin payız sessiyası ərzində komitədə görülən işlərin hesabatını  təqdim edib.  Qeyd  edilib ki, hesabat  dövründə  komitənin 2 iclası keçirilib, 3 məsələ müzakirə edilib ki, onlardan ən  vacibi   "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında" Qanuna  edilən dəyişikliklərdir. Komitə  sədri hesabat  dövründə  komitədə  görülən   işlərlə bağlı geniş məlumat verib, millət  vəkillərinin  ölkə  gündəmində  baş verən  hadisələrə,  işğaldan  azad  olunmuş ərazilərimizdə  mədəniyyət  abidələrimizin,  maddi-mənəvi  irsimizin məhv edilməsi barədə həqiqətlərin  dünya  ictimaiyyətinə  çatdırılmasında fəal mövqelərini yüksək  dəyərləndirib. Bildirib ki, Vətən müharibəsi zamanı dəfələrlə  belə faktlarla bağlı millət  vəkilləri  tərəfindən nüfuzlu beynəlxalq  təşkilatlara, o cümlədən YUNESKO-ya müraciətlər ünvanlanıb. 

Qənirə Paşayeva payız sessiyası dövründə komitənin ünvanına daxil olmuş 1389 məktub, təklif, ərizə və şikayətin 1145-nin araşdırılmaq üçün müvafiq təşkilatlara göndərildiyini, yaradıcı  təşkilatlardan və insanlardan alınan  200-ə  qədər məktubun  komitədə  araşdırıldığını, onlardan  bir çoxunun artıq  öz müsbət  həllini tapdığını diqqətə çatdırıb. Hesabat  məqbul hesab edildikdən sonra onlayn iclasda Mədəniyyət komitəsinin 2021-ci il yaz  sessiyasının qanunvericilik işləri planı  müzakirə  edilib. Qeyd olunub ki, qarşıdakı sessiyada komitədə  "Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" qanun layihəsi hazırlanacaq, digər  vacib  sənədlər üzərində iş  davam  etdiriləcək. Qənirə  Paşayeva bildirib ki, yaz sessiyasında komitədə görüləsi işlər xüsusilə çoxdur. Belə ki, işğaldan  azad  edilən Şuşa  şəhərinin Prezident  İlham Əliyevin  müvafiq sərəncamları  ilə  Azərbaycanın Mədəniyyət Paytaxtı elan edilməsi, Şuşada cari ilin  may-iyun aylarında "Xarı bülbül" Muğam Festivalının və payız aylarında Molla Pənah Vaqif  Poeziya  günlərinin keçirilməsinin planlaşdırılması və 2021-ci  ilin  "Nizami ili"  elan  edilməsi  ilə bağlı  mühüm layihələr hazırlanır.  Komitə  sədri  bu layihələrin icrası ilə bağlı Mədəniyyət  komitəsinin üzərinə düşən vəzifələrdən  söhbət  açıb. Sonra komitənin iş planı təsdiqlənib.

Onlayn toplantıda "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsinə baxılıb.  Bu  sənədin qardaş ölkə ilə ortaq  media  platformasının yaradılması və mətbuat  sahəsində  qarşılıqlı əməkdaşlıq  baxımından çox əhəmiyyətli olacağı vurğulanıb. Sonra komitə üzvləri  "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini  birinci oxunuşda müzakirə  ediblər.  Qənirə Paşayeva  bildirib ki, təklif  edilən  dəyişikliklərdə ictimai varidata daxil edilmiş Azərbaycan folkloru nümunələrinin və ənənəvi biliklərinin dövlət qeydiyyatına alınması mexanizminin yaradılması, qeydiyyata alınmış folklor nümunələrinə görə şəhadətnamə tərtib edilməsi, bu əsərlərdən istifadəyə görə hesablanan qonorarın müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində dövlət siyasətinin həyata keçirilməsi məqsədilə istifadəyə yönəldilməsi  nəzərdə  tutulub. Hər  iki sənəd  Milli Məclisin plenar iclasında  müzakirəyə tövsiyə edilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31