"Qarabağ Azərbaycandır!" adlı onlayn beynəlxalq uşaq rəsm müsabiqəsinə start verilib

"Qarabağ Azərbaycandır!" adlı onlayn beynəlxalq uşaq rəsm müsabiqəsinə rəsm işlərinin qəbulu dekabrın 15-dək davam edəcək.

Təhsil Nazirliyinin dəstəyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən müsabiqənin məqsədi işğaldan azad olunmuş Qarabağımızı gənc nəsilə tanıtmaq,vətənə, torpağa məhəbbət hisslərini artırmaq və hərbi-vətənpərvərlik ruhunu təbliğ etməkdir.

Müsabiqəyə respublikamızda və xarici ölkələrdə yaşayan 6-17 yaşlı uşaq və gənclər dəvət olunur..

Eyni zamanda müəllimlər də müsabiqəyə qatıla bilərlər.

İştirakçılar aşağıdakı şərtləri nəzərə almalıdırlar:

- Müsabiqə 3 yaş qrupu (6-9 yaş, 10-13 yaş, 14-17 yaş) üzrə keçirilir;

-  Ümumtəhsil və internat məktəbləri, uşaq-gənclər inkişaf mərkəzləri və digər təhsil müəssisələrindən hər yaş qrupu üzrə müsabiqəyə bir rəsm işi təqdim edə bilər;

-  Rəsmlər maksimum A2 formatda olmalıdır;

- Rəsmlərin işlənmə texnikası sərbəstdir (yağlı boya, akril, akvarel, quaş, rəngli karandaş,   flamaster, pastel təbaşir, tuş və s.);

- Şərtlərə cavab verməyən işlər müsabiqədən kənarlaşdırılır;

- Rəsmlərin aşağı sağ küncündə iştirakçının adı, soyadı, yaşı, yaşadığı ölkənin və şəhərin adı Azərbaycan və ingilis əlifbası ilə qeyd olunmalıdır;

- Rəsmlər elektron şəkildə müsabiqənin Təşkilat Komitəsinin ([email protected]) elektron ünvanına göndərilməlidir.

Müsabiqə 3 mərhələdə keçirilir:

I mərhələ - 18 noyabr - 15 dekabr 2020-ci il.  Müsabiqəyə qatılmaq istəyən iştirakçıların rəsm işlərinin qəbulu

II mərhələ - 15-23 dekabr 2020-ci il. Rəsmlərin münsiflər heyəti tərəfindən qiymətləndirilməsi və qaliblərin seçilməsi

III mərhələ- 24-29 dekabr 2020-ci il. Müsabiqə qaliblərinin sosial şəbəkə vasitəsilə 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin "Facebook" və "İnstagram" səhifəsində elan edilməsi və diplomların qaliblərin elektron ünvanlarına göndərilməsi.

Müsabiqəyə təqdim olunan rəsmlər mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Hər yaş qrupu üzrə I, II, III yerlərə layiq görülən iştirakçılar Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplomları ilə təltif olunacaqlar. Hər yaş qrupu üzrə bir iştirakçı "Qran-pri" mükafatına layiq görüləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31