Qaşqaylar və onların folkloru - Əli Şamil
9 Oktyabr 2020 18:31 MədəniyyətBaba Kuhinin əsərləri haqqında fikir ayrılıqları
Azərbaycanlı Abbasqulu ağa Bakıxanovun, Əli Əjdər Səidzadənin, Zakir Məmmədovun, Sara Aşurbəylinin, Solmaz Rzaquluzadənin, Nurəddin Kərəmovun, Məsiağa Məhəmmədinin, Sənan İbrahimovun, Nailə Vəlixanlının, Füzuli Bayatın və b. elmi əsərlərində Baba Kuhi haqqında dəyərli bilgilər var. Şirvanşahlar dövlətinin tarixini araşdıran Sara xanım Aşurbəyli "Bakı şəhərinin tarixi: orta əsrlər dövrü" və "Şirvanşahlar dövləti" kitabında Baba Kuhidən söz açır. "Bakı şəhərinin tarixi: orta əsrlər dövrü" kitabında "Baba Kuhi batinidir. Lakin batiniliyin diapozonu o qədər genişdir ki, bu məsələ üzərində xüsusilə konkret bir şəkildə dayanmaq lazım gəlir... Belə hesab edirlər ki, o, sufidir. Bəzi tədqiqatçılar isə düşünürlər ki, o qələndəri idi. Qələndərlər isə heç də bütün məsələlərdə sufilərlə uzlaşmırdılar." Baba Kuhi Bakuvinin Ərəb dilində bizə gəlib çatmış fəlsəfi əsərləri arasında "Əxbar əl-arifin", "Əxbar əl-qafilin", "Bədayət hal əl-Həllac" və başqalarının adını çəkmək olar" (Aşurbəyli Sara, 1998) yazan müəllifin səkkiz il sonra çap olunmuş "Şirvan- 44 şahlar dövləti" kitabında oxuyuruq: "O, (yəni Baba Kuhi-Ə.Ş.) ilk gəncliyində əşərilik təriqəti başçısının ardıcılı, məşhur şeyx Əbu Abdullah Xəfifinin (ö.h.371-ci il (miladi 981/2) yanında təhsil almışdır. Ortadoksal kəlamı bütün incəliklərinə qədər öyrənən Baba Kuhi müsəlman ölkələrini gəzməyə çıxmış, hədislər, İslamın görkəmli xadimləri haqqında məlumatlar toplamışdır. O, 10-11-ci əsrlərdə sufilik təliminin mərkəzi olan Nişapura gələrək burada sufiliyin görkəmli nümayəndələri-Əbu Səid ibn Əbül Xeyr əs-Süləmi və başqaları ilə görüşmüşdür. O, hicri 412-ci ildə (miladi 1021/2) Nişapur xanəgahının piri oldu. Ölümündən bir neçə il əvvəl Şiraza gəlib dağ mağarasında guşənişin həyat keçirmiş və h. 442-ci ildə (miladi 1050/1) orada ölmüşdür... Həmdullah Qəzvininin məlumatına görə, o, türbəsi və xanəgahı Şamaxı yaxınlığında, Pirsaat çayı sahilində yerləşən Pir Hüseyn Şirvaninin qardaşı idi (Aşurbəyli Sara, 2006:106). Qeyd edək ki, Həmdullah Qəzvininin (1281-1346) "Tarix-e qozide" əsərində (səh.785) olan bu bilgidən Yevgeni Bertels, Əli Əjdər Səidzadə, Solmaz Rzaquluzadə,Eybalı Mehrəliyev və b. da istifadə etmişlər. Tağı Musəvi Baba Kuhinin yuxarıda adı çəkilən əsərlərindən başqa "Hekayat əs-sufiyə" adlı əsərinin də olduğunu bildirir (Musəvi Tağı, 1967:60). Zakir Məmmədov isə yazır ki, "Hekayat əs-sufiyə - Sufilərin hekayələri" əsərinin əlyazma nüsxələrindən biri İstanbulun Ayasofiya kitabxanasında saxlanılır. Bəzi mənbələrdə Məhəmməd Bakuvi əşariliyin (yəni 12 imam şiəçiliyi - Ə.Ş.) nümayəndəsi kimi də göstərilir. Mütəfəkkirin hədislər toplaması faktı onun sünnü hüquqşünas alim və sxolast olmasını söyləməyə də əsas verir (Məmmədov Zakir, 2006:60). İranlı araştırıcı Həbibullah İmad evini təmir etdirərkən divardan içərisində bir neçə əlyazma olan sandıq tapır. Həmin əlyazmalardan biri də Fars dilində yazılmış bir "Divan" olur. Həbibullah İmad bu "Divanı"ı oxuyarkən onun Baba Kuhiyə aid olduğu qənaətinə gəlir. Beləliklə, Baba Kuhinin Farsca "Divan"ı tapıldığı fikri geniş yayılır. Bu fikri yayan alimlərdən biri də Yevgeni Bertels olub. Baba Kuhinin dünyagörüşü haqqında kitab yazmış Solmaz Rzaquluzadə "Divanı"ın Baba Kuhiyə aid olduğunu söyləyərkən Yevgeni Bertelsin "Sufizm və sufi ədəbiyyatı" əsərinə dayanır. Füzuli Bayat isə yazır: "İlk Farsca sufi "Divan"ını yazanlardan biri Baba Kuhi Bakuvi, həm də Ərəbcə üç traktat yazmışdır. Milliyətcə Türk olan Baba Kuhinin dünyagörüşü ortacağ İran sufilərindən fərqlənmir. Digər tərəfdən, əsərin bəzi yerlərində zərdüştlüklə bağlı anlayışların güclü olması (oda sitayiş, günəş Allahı Xurşidə pərəstiş və s.) Baba Kuhinin yerli kultu yaxşı bildiyini göstərir (Bayat Füzuli, 2011:95). Gördüyümüz kimi, Solmaz Rzaquluzadə də, Füzuli Bayat da Baba Kuhinin "Divan"ı olmasından söz açarkən Yevgeni Bertelsə dayanırlar. Yevgeni Bertels isə yazır: "Mənim dərin inamıma görə, Kuhinin "Divan"ı həqiqətdə həm də ibn Bakuyə adlandırılan alim şeyxə məxsusdur" (Rzaquliyeva Solmaz, 1978). Alıntıdan aydın görünür ki, Yevgeni Bertels kimi məşhur bir alim "Divan"ın Baba Kuhiyə məxsus olduğunu söylərkən ciddi bir qaynaq göstərmir, "mənim dərin inamıma görə" yazmaqla kifayətlənir. Yevgeni Bertelsin "Sufizm və sufi ədəbiyyatı" əsərini yazdığı dövrdən yüz ildən çox keçir. Bu illər boyunca tədqiqatçılar sufizm mövzusunda xeyli araşdırmalar aparmışlar. Həmin tədqiqatçılardan biri - Azərbaycan fəlsəfə tarixinin araşdırılmasına ömür xərcləmiş Zakir Məmmədova görə, "19-cu əsrdə Rzaquluxan Hidayətin İnsan və Kuhi təxəllüslü şair Əli Şirazinin bir şeir divanını Bakuviyə mənsub bilməsi həqiqətdən uzaqdır. Şiəliyi qızğın tərənnüm edən həmin "Divan" məzmun və üslubca 16-cı əsrə uyğundur" (Məmmədov Zakir, 2006:61). Zakir Məmədovun bu fikri inandırıcıdır. Birincisi, Baba Kuhinin əsərləri Ərəb dilində yazılıb. Orta yüzilliyin qaynaqlarında onun Farsca yazdığına dair bir qaynaq yoxdur. İkincisi, 16-cı yüzüllikdə yaşayan şairlərə məxsus bir üslubda yazılmış "Divan"da həm də şiəliyi təbliğ edən şeirlərin olması bu əsərin Baba Kuhiyə aid olmadığını söyləməyə əsas verir. 46 M.Nazif Şahinoğlu da yazır: "Ancak bu divanda yer alan şiirlerin coğunun hatta hicbirinin ona (Baba Kuhiyə-Ə.Ş.) ait olmadığı da soylenir" (Şahinoğlu M.Nazif, 2002:26). Heyf ki, M.Nazif Şahinoğlu "Divan"da yer alan şeirlərin Baba Kuhiyə aid olmadığını söyləyən araşdırıcıların adını yazmır. Baba Kuhinin görüşdüyü alimlər Tahsin Yazıcı yazır ki, Xorasan sufiləri içərisində önəmli bir yer tutan Əbu Səid Əbül Xeyrinin müridlərindən Əbu Nasir-i Şirvani Azərbaycanda təkkə açmış və bu təkkənin ətrafına çox sayda mürid toplanmışdır (Yazıcı Tahsin, 1994:220-222, 10 cild). Professor Eybalı Mehrəliyev isə bu müridlərin öndərlərinin Şirvani-i Kəbir adlandırılan Baba Kuhi və onun Şirvani-i Sağir adlandırılan kiçik qardaşı Hüseyn Şirvani olduğu qənaətindədir (Mehrəliyev E., 2002:37). Bir müddət Şirvanda yaşadıqdan sonra Məhəmməd ibn Abdullah Bakuvi Doğu ölkələrinə səyahətə çıxır və Şiraz şəhərinə gələrək burada Əbu Abdullah ibn Xəfifiyə müridlik edir. Az zamanda şeyxinin və onun müridlərinin məhəbbətini qazanır, sufi şeirinin görkəmli nümayəndələrindən biri kimi tanınır. Şeyxi dünyasını dəyişdikdən sonra onun təkkəsinə rəhbərlik edir. Bakuvi 981/982-ci ildə Şirazı tərk edib Bağdada, Nişapura gedir. Onun 988-990-cı illərdə Şirvanda yaşadığı da söylənilir (bax: http://www.biyografya.com/biyografi/79, https://az.wikipedia.org/wiki/Baba_Kuhi_Bakuvi). Nişapur mühiti ona olduqca güclü təsir edir. Çünki həmin dövr Xorasan süfizmin beşiyi sayılırdı. Böyük sufilər də o bölgədə yaşayırdılar. Həmin alimləri çox vaxt Xorasanın yeddi ulduzu, yeddi piri adlandırırlar. Yeddi pir - ulduz dedikdə İslam dininin sultanı həzrəti İbrahim Ədhəm, İslam dininin, həm də ariflərin sultanı, "Kitab-ül Əktab"ın müəllifi Bəyazit Bistami, kəramət və halət sahibi Əbül Fazil Saraxs (Saraxs Baba), kəramətli pir həzrət Əbu Səid Əbül Xeyri, "Qurani Şərif"ə böyük 47 təfsir yazan, kəramətli pir, həzrəti Xoca Abdulla Ənsari, kəramətli pir, həzrəti Əbül Həsən Xaraqani, məşhur üləma, kərəmətli pir, həzrət Fəxrəddin Əttar Nişapuri nəzərdə tutulurdu. Abbasqulu ağa Bakıxanov "Gülüstan-i İrəm" əsərində yazır: "Tarixçilərin dediyinə görə, Şeyx Əbu Abdulla Əli bin Məhəmməd Bakılı həm dünyəvi, həm də ruhani elmlər sahəsində seçilirdi. O, uşaqlıq illərində dövrünün ən görkəmli alimlərindən Şeyx Abdulla Xəfifdən, Şeyx Əbül-Qasım Quşeyridən və başqalarından dərs almış, məşhur şeyx Əbu Səid Əbül Xeyri ilə elmi mübahisəyə girişmişdir. Onun biliyini yüksək qiymətləndirən Şeyx Əbül Abbas Nəhavəndi ilə uzun müddət əlaqə saxlamışdır. Ömrünün son illərində o, xəlvətə çəkilərək, Şiraz yaxınlığında bir mağarada yaşamış, Şərqin ən savadlı alimləri onun ziyarətinə gəlmişlər. O, 1051-ci ildə Allahın rəhmətinə qovuşmuşdur" (Bakıxanov Abbasqulu Ağa, 1970:138). Belə alimlərlə görüşən, onlarla söhbətlər edən və öyrənən Məhəmməd ibni Abdulla Bakuvi Əbu Əbd ər-Rəhman Sullami öldükdən sonra onun xanəgahına rəhbərlik etməli olur. Lakin orada uzun müddət qalmır, yenidən Şiraza dönür. Azmi Bilgin də "Təsəvvüf və təkkə ədəbiyyatı" kitabında (Bilgin Azmi, 2003:296) Yevgeni Bertelsin "Sufizm və sufi ədəbiyyatı" əsərinə dayanaraq Baba Kuhinin Bağdadda Həllac Mənsur (858-921) ilə görüşdüyünü yazır. Məsiağa Məmmədli isə böyük əmək sərf edərək Baba Kuhinin "Bədayət hal əl-Həllac - Həllacın həyatı və ölümü" əsərini dilimizə çevirmiş, ona geniş izahlar yazaraq nəşr etdirmişdir. Oradan öyrənirik ki, Baba Kuhi Tustər şəhərində Həllac Mənsurun oğlu Həmdlə görüşüb. Həmdin atası haqqında dediklərini Baba Kuhi çox cidd-cəhdlə qələmə alıb. Bu Həllac Mənsur (858-921) haqqında ilk və olduqca dəyərli qaynaqdır. (http://artkaspi.az/az/hellacinheyati-ve-lumu-mesiaa-mehemmedi/#W4cLfpVR3IU). Bu əsərdən aydın görünür ki, Məhəmməd Abdulla oğlu çox ciddi toplayıcı imiş. O, topladığı materialları günümüzün terminləri ilə desək, pasportlaşdırırmış. Bu pasoprtlaşdırmadan 48 da Həllac Mənsur (858-921) haqqında hekayə və xatirələrin kimdən və harada toplandığını öyrənirik. Nişapurdakı sufi mühitindən söz açarkən Solmaz Rzaquluzadə yazır: "Burada bir tərəfdən şeyx Bəyazid əl-Bistaminin ekstaza çağıran, "Allahla qovuşmaqdan həzz alan", "ilahi eşq ilə məst olan (Ərəbcə: sükr)" tələbələri, o biri tərəfdən Şeyx Cüneyd əl-Bağdadinin "ekstaz" və "sərməstlik"də sufilər üçün təhlükə görən (sufi bu zaman öz-özünü süni şəkildə qızışdıraraq, fantaziyasını Allahla həqiqətən qovuşmaq kimi qələmə verir) ardıcılları vardı. Cüneydin tələbələri sufi üçün yeganə düzgün yolu "ayıqlıq"da (Ərəbcə: səhv), "sakit, ayıq ibadətdə" görürdülər... Mənbələrdə Bakuvinin Xorasan alimi Əbu Əbd ər-Rəhman Sullami və Əbül Qasim Qüşeyri ilə dostluğu, Əbu Abbas Nəhavəndi ilə elmi mübahisələri (həmin mübahisələrdə Nəhavəndi Bakuvinin üstünlüyünü etiraf etmişdi), həmçinin o dövrdə böyük populyarlıq qazanmış sufi şeyxi Əbu Səid ibn Əbül Xeyrlə birbaşa təmaslarda olması barədə də məlumatlar verilir" (Rzaquliyeva Solmaz, 1978). Baba Kuhinin Şiraza təkrar dönüşü Nişapurda yaşadığı illərdə qızğın fəaliyyətinə, böyük alim və ariflərlə görüşüb fikir mübadiləsi etdiyinə görə bir çoxu onu Nişapurlu saymış və künyəsini Nişapuri yazmışdır. Yevgeni Bertelsin adı və soyadı Şeyx Məhəmmədəli Əbu Abdullah Məhəmməd ibn Abdullah ibn Ubeydullah ibn-Əhməd Şirvani Babakuhi (http://gsaz.az/articles/view/274/Sheyx-MahammadaliBabakuhi-Bakuvi) kimi yazdığı böyük sufi arifin Nişapurdan Şirvana gəlməsi, oradan Şiraza getməsi, yoxsa Nişapurdan birbaşa Şiraza getməsi haqqında ciddi bir qaynaq yoxdur. Zakir Məmmədov yazır: "Məhəmməd Bakuvi ömrünün sonlarında 90 yaşından sonra Şiraz yaxınlığında bir mağaraya çəkilib orada yaşamışdır (Məmmədov Zakir, 1986:6-10). 90 yaşlı qocanın karvanla Şirvandan Şiraza getməsi o qədər də 49 inandırıcı görünmür. Demək, Məhəmməd Abdulla oğlu 90 yaşlarından əvvəl Şiraza gedibmiş. Onu nəzərə alsaq ki, keçmişdə yoluxucu xəstəliklərdən, təbii fəlakətlərdən, savaş və onun doğurduğu aclıqdan insanlar daha gənc ikən ölürdülər, onda Baba Kuhinin 100 ildən çox yaşaması da şübhə doğurur. Bu gün məzardakı kəllə sümüyü əsasında dünyasını dəyişmiş adamın portretini dəqiq yaratmaq mümkün olduğu kimi, onun sümüyündən alınmış nümunədən də cinsini, yaşını, irqini, hətta hansı nəsilə mənsub olduğunu da müəyyənləşdirmək olur. Heyf ki, indiyədək böyük sufi-arifin məzarını açıb onunla bağlı bəzi faktları incələməyiblər. Doğunun məşhur alimlərindən Xacə Abdullah Ənsarinin yazdığına görə, Baba Kuhi Bakuvi 30 min hekayə və 3 min hədis toplayıbmış. Onun topladığı hədislər sufi ruhlu olduğuna görə, mühafizəkar İslam alimləri bu hədislərə ciddi yanaşmamışlar. Maqnitofonun, diktofonun, kameranın mövcud olduğu indiki dövrdə belə 30-35 min mətin toplayan folklorçuya az-az rast gəlmək olar. Kağız-qələmin ibtidailiyini, iş şəraitinin çətinliyini, yəni səfərlərdə, şam işığında yazmağı nəzərə alsaq, bu, çox çətin bir işdir. Səyyah Hacı Zeynalabdin Şirvanı haqqında dəyərli araşdırmaların müəllifi olan Nürəddin Kərimov (https://sputnik.az/life/20161125/407843867/salyan-qaracala-vagam-filosof. html) və "Baba Kuhi Bakuvi (Nişapuri, Şirazi) və Pirhüseyn Şirvani" kitabının müəllifi Eybalı Mehrəliyevə görə (Mehrəliye Eybalı, 2002:37), kainatın heliosentrik sistemi haqqında Baba Kuhi Əbu Reyhan əlBirunidən 30-40 il, Kopernikidən isə 500 il əvvəl fikir söyləmişdir. Baba Kuhinin adı ilə bağlı olan yerlər haqqında Baba Kuhidən yazanlar onun künyəsini Şirvani kimi də göstərirlər. Şirvan toponiminə çox yerdə rast gəlinsə də, onlardan üçü daha məşhurdur. Bunların biri Qafqaz dağlarının güneyində - Azərbaycanda yerləşən Şirvan ərazisidir ki, miladi 861- 1538-ci illərdə var olmuş Şirvanşahlar dövləti də elə bu ərazidə qurulmuşdur; ikincisi, bugünkü İran İslam Respublikasının Qü- 50 zeyində, Xəzərə yaxın bir yerdəki Şirvan qəsəbəsidir; üçüncüsü də bugünkü Türkiyənin Siirt vilayətindəki Şirvandır. Bunlardan başqa, Şirvanla bağlı bir sıra ayrı toponimlər də var (Şirvancıq, Şirvanlı, Şirvan dərə vb.). Ancaq Şirvani ləqəbini götürən alim, sərkərdə, şair və səyyahların böyük əksəriyyəti Azərbaycanın Şirvan bölgəsi ilə bağlılığı olan şəxslərdir. Azərbaycan müstəqilliyinə qovuşandan sonra Baba Kuhi haqqında yazılan publisistik məqalələrin sayı da çoxalmışdır. Bu yazılar böyük arifi tanıtmaq baxımından əhəmiyyətli olsa da, bəzən ifrata varılır. Harada Baba adı ilə bağlı ziyarətgah görülürsə, oranı Baba Kuhi ilə bağlamağa çalışırlar. Məsələn, Salyan rayonunun Qaraçala qəsəbəsi yaxınlığındakı Kürovdağın yamacında bir ziyarətgah var. Ziyarətgaha gələnlərin Həzrət Baba adlandırdıqları bu yeri son zamanlar Baba Kuhinin adı ilə bağlayırlar. Şirvan Şəhər Mədəniyyət Mərkəzinin məsləhətçisi Eldar Qəmərli Sputnik saytının əməkdaşına deyir: "Vağamı müqəddəsləşdirən yeganə səbəb Yaxın Şərq ölkələrində səyyah, böyük şair və filosof kimi tanınmış Baba Kuhinin bir müddət burada yaşamasıdır... Lakin xalqın çoxəsrlik inancı və nəsildən- nəsilə ötürülməklə, mahiyyətcə dəyişikliyə uğramadan bu günümüzədək gəlib çıxmış rəvayətlər, heç də əsassız hesab edilə bilməz. Vağamla Pirsaat çayı vadisi arasında 30-35 km məsafə var. Ola bilsin ki, Baba Kuhi həqiqətən əvvəlcə orada məskunlaşıb, sonra bu mağaraya köçüb". https://sputnik.az/life/20161125/407843867/ salyan-qaracala-vagam-filosof.html
Ardı Var...