Qaşqaylar və onların folkloru - Əli Şamil
4 Sentyabr 2020 16:59 MədəniyyətAncaq bu Rus məmuru illərlə bir-birinə həsrət qoyduqları eyni bir xalqın övladlarının nələr çəkdiyini və qovuşma sevincindən doğan göz yaşlarının mahiyyətini, qonaqsevərliyin Azərbaycan xalqı üçün nə demək olduğunu hardan bilsin ki! Bakıya gətirdiyim Qaşqay Məhəmmədəli Azərbaycanda Qaşqaylar haqqında bilgisi olanların sayı o qədər də çox deyil. Uzun illər aramıza çəkilmiş tikanlı məftillər bizi eyni dildə danışdığımız, eyni soydan gəldiyimiz, eyni inancı daşıdığımız insanlardan ayrı salmışdı. 1990-cı ildən sonra gediş-gəliş asanlaşdı. Lakin əlaqələrimiz hələ də istənilən səviyyədə deyil. İran İslam Respublikasına ən azı ildə bir dəfə getsəm də, Qaşqayların, Xələclərin, Qarapapaqların, Sunqur, Komican bölgəsində yaşayan Türklərin yazıçı və şairlərini, sənət adamlarını, ziyalılarını hələ də yaxşı tanımıram. Hər dəfə Təbrizə, Urmiyaya, Sulduza, Tehrana gedəndə millətsevər gənclərə tövsiyə edirdim ki, Qaşqaylarla, Şahsevənlərlə, Xələclərlə, İnanlılarla və Savədə, Xorasanda yaşayan Türklərlə əlaqə yartsınlar. 1996-ci ildə yenə də sərhəd boyunca 25 kilometrlik məsafədə gəzməyə icazə verən müvəqqəti pasportla Təbrizə getmişdim. Dostlar məni 17-18 yaşları olan bir Qaşqay gənci ilə tanış etdi. Onunla xeyli söhbət etdik. Məhdud dünyagörüşlü, savadsız olsa da, macərapərəstin birisiydi. Onun macərapərəstliyi işimə yaradı. Təklif etdim ki, Bakıya gedək. Bakının harada olduğunu bilmirdi. Tanışları onu istiqamətləndirdilər. Razılaşdıq. Mən sərhədə gələndə onu qaçaqçılara verdim, özüm isə qayda-qanunla gömrüyü keçdim. Sərhədlər nə İran tərəfdən, nə də bizim tərəfdən möhkəm qorunmurdu. Buna görə də, qaçaqçılar onu bu tayda mənə təhvil verdilər. Adının Məhəmmədəli, atasının adının Kuyimərz olduğunu, İsfahan yaxınlığındakı Şəhrizad qəsəbəsində doğulduğunu söyləyən bu gənc bir həftəyə yaxın bizim evdə qaldı. Onu şəhəri gəzdirməklə yanaşı, AMEA Dilçilik İnstitunun dialektologia şöbəsinə də apardım. Məqsədim o idi ki, Məhəmmədəlini danışdırıb dialekt materialı toplasınlar. Lakin istəyim baş tutmadı. Məhəmmədəli ilə aramızda yaş fərqi 27-dən çoxdu. Gördüm söhbətlərim, mənimlə gəzmək onun üçün darıxdırıcıdır. Bakı Dövlət Universitetində oxuyan Güney Azərbaycanlı gənclərdən xahiş etdim ki, ona yataqxanada yer versinlər və yanlarında gəzdirsinlər. Sağ olsunlar, sözümü yerə salmadılar. Beləcə, Qaşqay Məhəmmədəli bir aya yaxın Bakıda yaşadı, gəzdi-dolandı, universitetdə dərslərə, konsertlərə, toplantılara getdi. Sonra onu gəldiyi yolla da geri qaytardım. Sonralar xəbər tutdum ki, Məhəmmədəli evlərinə dönəndə Bakıya getdiyini söyləsə də, yazığa inanan olmayıb. Bir də deyirmiş ki, oradakılar (yəni Azərbaycan Respublikasında yaşayanlar-Ə.Ş.) lap savadsızdırlar: "Daneşgahda (univerisitetdə) da, televiziyada da bizim evdə, küçədə danışdığımız kimi danışırlar. Biz heç olmasa birtəhər də olsa, Farsca danışa bilirik. Onlar heç danışa bilmir".
Ardı var...