Hansısa tarixi dövrümüz haqqında serial işləmək böyük büdcə tələb edir

Azərbaycan mədəniyyətini, tarixini öz seriallarımızla təbliğ eləmək istəyirik, amma arzularımız imkanlarımız qədərdir Yerli serial bazarında rəqabət mühitinin formalaşdırılması və daha keyfiyyətli milli telefilmlərin və serialların istehsalının stimullaşdırılması məqsədilə 01 sentyabr 2020-ci il tarixdən etibarən təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində yerüstü yayımla yayımlanan bütün televiziya proqramlarında əcnəbi teleserialların yayımının bəzi şərtlərlə bərpa olunması haqqında qərar qəbul olunub.

Azərbaycan mədəniyyətini, tarixini öz seriallarımızla təbliğ eləmək istəyirik, amma arzularımız imkanlarımız qədərdir

Yerli serial bazarında rəqabət mühitinin formalaşdırılması və daha keyfiyyətli milli telefilmlərin və serialların istehsalının stimullaşdırılması məqsədilə bu  ilin  sentyabrından  təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində yerüstü yayımla yayımlanan bütün televiziya proqramlarında əcnəbi teleserialların yayımının bəzi şərtlərlə bərpa olunması haqqında qərar qəbul olunub.

Olaylar.az qəbul olunmuş qərarla bağlı "Dəhnə ağacı", "Sən olmasaydın", "Laləli saray", "Sarı gəlin", "Könül yarası", "Yad gəlin", "Atılmışlar" seriallarının  senaristi, yazıçı Pərviz Seyidli ilə müsahibəni təqdim edir. 

- Ötən ay  Milli Telaradio Şurası xarici serialların yayımının  bərpa olunması haqqında qərar qəbul etdi. Bu qərar ölkədə yeni formalaşan serial bazarına necə təsir edəcək və senarist olaraq bu qərarı necə qarşıladınız?

-  Bu qərar serial bazarında bir az canlanma yaratdı. Nəyin- necə olacağı haqqında söz-söhbətlər yayıldı. Fikrimcə, bu qorxulu və təhlükəli qərar deyil. Aktyor dostlar arasında bu xəbəri paylaşıb, yerli serialların sıxışdırılaraq, bazardan çıxarılacağı fikiri yarandı. Belə bir hadisənin baş verəcəyinə inanmıram. Çünki mən bildiyim qədəri ilə şərtlərdə var ki, Azərbaycan serialları da yayımlanacaq. Xarici seriallardan yalnız bir serial yayımlanacaq. İki serial yayımlansa belə, buna yaxşı tərəfdən baxmaq lazımdır. Təbii ki, ölkənin öz istehsalı olan serialların yayımlanması daha məqsədəuyğundur. Amma bir müsbət tərəfi də ondadır ki, rəqabət güclənəcək. Təbii ki, seriallarda həmişəki problemlər var. Amma bir az da rəqabət hissi bu məsələlərə kömək edəcək ki, daha yaxşı və keyfiyyətli məhsullar ortaya çıxaraq və xalq özü seçim eləsin. 

- Azərbaycan seriallarında ailə dəyərlərinin təhrif olunduğu bildirilir. Günahkar olaraq senaristlər və Milli Teleradio Şurası göstərilir. Sizcə, şura seriallara senzura tətbiq etməlidirmi?

- İndiki dövrdə, gündəlik serialların sürətlə çəkildiyi bir zamanda ciddi nəzarət nə qədər mümkün olar, bilmirəm. Amma nəzarət var və biz bunu materiala, çəkilişə olan münasibətdən hiss edirik. Mövzunun bəsitliyinə qaldıqda isə kütlə nə istəyirsə biz onu təqdim edirik. Bu danılmaz həqiqətdir. Kim deyirsə ki, biz siyasi müstəvidə və ya psixoloji materiallar təqdim etsək reytinq verəcək, bu absurddur. Kütlə nəyi tələb edirsə, o da yazılır. Burada incə məqam ondan ibarətdir ki, "kütlə bunu tələb edir", sözünün arxasında gizlənib, keyfiyyətsiz material istehsal edən şirkətlər var. Bunun altında gizlənmək olmaz. Orta xətti seçib getmək lazımdır. Biz ailə-məişət mövzusunda  ona görə serial çəkirik ki, tələb bunun üzrindədir. Amma bəzən biz özümüz də yazdığımız materialdan narazı oluruq. Bir az mətnin keyfiyyətini qaldıranda reytinq aşağı düşür. Zamanla bunları qəbul edib, keyfiyyəti qaldırmaq mümkündür. Bunun üçün vaxt və şərait lazımdır. Bu baxımdan serialda keyfiyyət yoxdu deyib qınamaq düzgün deyil. 160-200 seriyanın hamısı pis ola bilməz. Orada elə yaxşı hissələr, məqamlar olur ki, serialın ümumi səs-küyündə itib-batr. Amma bu səs-küyü yaratmaqda da əsas məqsəd insanların diqqətini cəlb eləməkdi.

- Azərbaycanda tarixi seriallar çəkilmir. Bununla bağlı hansısa şirkətə  senari təqdim etmisinizmi?

- Bu şəxsən mənim yaralı yerimdir. Özümün bir çox materiallarım var. Cümhuriyyət dövrü və Difai, İlqar Fəhmi ilə birgə Səfəvi dövləti, Şah İsmayıl Xətai haqqında bir çox layihəmiz var.  Hazırda bunları reallaşdırmaq Azərbaycan serial sektoru üçün absurd görünür. Bir neçə cəhdlər elədik və qarşılığında elə gülünc məbləğlərlə qarşılaşdıq  ki, onu çəkib Şah İsmayılı təhqir edə bilərik. Hansısa tarixi dövrümüz haqqında serial işləmək böyük büdcə tələb edir. Qonşu dövlətlərdə bu serialların hansı maddi güclə çəkildiyini nəzərə alsaq, kiçik büdccə ilə bu işə girişməyimiz absurd görünür. Ancaq bir neçə seriya ilə nəsə eləmək olar. Tarixi seriallar hamımızın eləmək istədiyi işdir. Qıraqdan baxanda düşünürlər ki, senaristlər istəmirlər, eləmirlər. Amma belə deyil. Biz də gördüyümüz işdən zövq almaq istəyirik. Azərbaycan mədəniyyətini, tarixini öz seriallarımızla təbliğ eləmək istəyirik, amma  arzularımız imkanlarımız qədərdir.

- Uşaq və yeniyetmələr üçün serial sektorunda böyük boşluq var.

- Bu boşluqları da hiss edirik. Nəinki, uşaq seriallarında, kriminal-dedektiv, bu gün və dünənlə bağlı tarixi- magik seriallar çəkmək mümkündür. Yenə də bütün bunlar gəlib büdcədə dayanır. Amma indi artıq o dövr gəlib çatır. Biz bunu çoxdan etmək istəyirik və artıq o zəmin formalaşır. Xarici serialların yayımı da fikrimcə bu prosesi sürətləndirəcək. Uşaq, tarixi seriallarla bağlı bir neçə sinopssis yazıb vermişik. Senarist tabe olan tərəfdir. Ona şərait yaradılmasa nəsə çəkə bilməz. Bu bizim imkanlarımız xaricindədir. Əgər alınsa böyük məmnuniyyətlə işləmək istəyirik. Hazırda üzərində işlədiyim iki serial var ki, o sırf öz istəyimdir. Artıq uzun illərdən sonra öz istədiyimiz materialı təqdim edə biləcəyik. Bir az reytinq problemi ola bilər. Amma biz o riski gözə alıb, yola başlamışıq. Yavaş-yavaş istədiyimizi edə bilirik. Heç nə birdən -birə olmur. Məncə, hələ çox uzun yol qət edəcəyik. 

- Senaristlər bu sektorda mövcud problemlərlə bağlı bir qurum halında birləşməyi düşünürlərmi?

- Maraqlı yanaşmadı. Bir neçə müddət əvvəl öz aramızda toplaşdıq və keçən mövsüm  ailə -məişət mövzusunda yayımlanan "Yad gəlin" serialını senaristləri olaraq bu sezon tamam fərqli bir müstəvidə təqdim etməyi qərarlaşdırdıq. Tamam ayrı istiqamətdə, səs-küydən uzaq, səliqəli bir xətlə davam edəcəyik. Əvvəl də səliqəli şəkildə yazırdıq. Sadəcə konfiliktləri daha şiddətli edirdik. İnd o xətti götürməmişik. Biz özümüz bilirik ki, keçən mövsümdən  daha keyfiyyətli material təqdim edəcəyik. Amma necə olacağı şübhə altındadır.

Senaristlərin birgə olmasına qaldıqda isə öz adıma deyə bilərəm ki, özümə yaxın bildiyim senaristlərlə birgə "senari labaratoriyası" yaradırıq. Daha mütəşəkkil işlər görməyə çalışacağıq. Artıq ilk işimiz var. Klassik və müasir dünyanı birləşdirib birgə vəhdət üzərində "Simurq" adı altında material işləmişik. Test çəkilişi olub. Yaxın vaxtlarda çəkilişlər başlayacaq. Həmin serial bu zamana qədər işlədiyim materiallardan fərqlənir. Ailə məişət mövzsunu tamam başqa formatda işləmişik. 

- Ölkədə ciddi şəkildə senarist problemi var. Halbuki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində hər il ən azı 20 ssenarist məzun olur, amma hazırda ölkədə 30-40 yaxşı, normal senarist yoxdur.  Problem nədədir?

- Bu da bizi incidən məsələlərdən biridir. Mən özüm də qeyd etdiyiniz universiteti bitirmişəm. Burada məsələ bir az qəribədir. Ona görə ki, birinci İncəsənət Universitetindəki təhsillə maraqlanaq görək, hansı səviyyədədi. Oxumaq istəyən uşaq oxuyacaq. Universitet sənə mühit verə bilər və sən o mühitin içində bişə bilərsən. Özündə bir şey yoxdursa, heç kim orada sənə heç nə öyrətməyəcək. Hansı şəraitlə öyrətsinlər? Bu birinci məsələ.

İkinci məsələ isə İncəsənət Universitetində laboratoriya yaradılmalıdır. Bizə oradan müraciət edən tələbələr olur, amma onlar boş gəlməli deyillər. Hansısa bir bazaya malik olub gəlməlidirlər. O baza üçün sadəcə nəzəriyyə öyrətmək kifayət deyil. Fellini, Viskontiyə baxmaqla deyil, tətbiq olunmalıdır. Bizə heç bir təklif gəlməyib. Mənim özümün universitetdə öyrəndiyim, təhsil aldığım senari  ilə müəllimim İlqar Fəhminin yanında öyrəndiyim təcrübə arasında böyük fərq var. İlqar Fəhminin yanında keçdiyim təcrübə sanki, 5-10 il 3 dəfə artıq İncəsənət Universitetini oxumuş kimiyəm. Təcrübə çox şey verir. Təbii ki, nəzəriyyə də önəmlidi, mütləq şəkildə oxunmalıdır. Bizə müraciət edən gəncləri hər zaman qəbul edirik. Gəlib yanımızda otursunlar, öyrənsinlər, yazsınlar. Burada dostlar bəlkə inciyər sözümdən, amma uşaqların özündə də bir az məsuliyyət olmalıdır. Biz özümüz o vaxt saatlarla işləyirdik, gecədən səhərə qədər süjet qururduq. Dəfələrlə olub ki, müraciət edən tələbələr  gəlib 2 saat oturmağa səbrləri çatmır. Elə bilirlər ki, gələn kimi hər şey düzələcək, əla olacaq. Elə bir şey yoxdur. Bu o demək deyil ki, ölkədə istedadlı gənclərimiz yoxdur. Onları da qınamıram. Gəlib burada öyrəndiyi müddətdə işləyib, pul qazanmalıdır. Problem ümumi şəraitdə, sistemdədir.

İncəsənət Universitetində düşünürəm ki, hazırda iş görən adamları laboratoriyalara aparmaq lazımdır ki, 50-60-cı illərdə haradasa çəkilişdə olub, indi həmin dövrlə səsləşməyən fikirləri deməsinlər. Mən buradan təbii ki, heç kimə irad bildirmirəm. Sadəcə, ümumi fikrim odur ki, iş görən insanları İncəsənət Universitetinə cəlb eləmək lazımdır. Bu adamlar pis, yaxşı hal-hazırda çalışırlar.

Bilmirəm indi kimlər orada dərs deyir. Bir sözlə İncəsənət Universitetində senari laboratoriyaları lazımdır. Uşaqlar birinci orada baza yığıb, prodakşınlara, kanallara gəlsinlər. Sadəcə yanımızda oturub bu işin mexanizmi necə gedir onu öyrənsinlər. Senarirst qıtlığı var, senarist tapa bilmirəm. Doğrudan tapa bilmirəm, biz yaxşıyıq deyə demirəm. Tam səmimi deyirəm ki, biz işləməyə otururuq süjet qurma qabiliyyəti olan, süjet vərdişlərinə yiyələnən gənclər yoxdur. Bb bizim özümüz üçün problemdi. Həmişə layihə gələndə birinci fikirləşirik ki,bunu kimlərlə işləyəcəyik. 5 artıq adam yoxdur ki, rahat işləyək. İstedadlı uşaqlar var, amma görürsən ki, biri ədəbiyyata, şeirə daha çox meyillidir. Biz də elə bilirlər ki, şeir, roman yaza bilirsənsə senari yaza biləcəksən. Senari tamam ayrı bir xəttdir. Senari görüntü il danışılan bir hekayə sənətidir. O baxımdan bizim ciddi senarist problemimiz var. Və bu məsələ ilə senarist məşğul olmalı deyil. Bizi dəvət etməlidirlər.  Kimlər gəlib senari işində iştirak etmək istəyirlərsə, buyura bilərlər. 

- Son zamanlar rejissorlar senaristlərə bir o qədər də ehtiyac duymurlar. Görmək, çəkmək istədikəri filmlərin senarisini çox vaxt özləri yazırlar. Sizcə, gələcəkdə senaristlərə təlabat olacaq?

- Bu yaxınlarda dünya şöhrətli ssenaristin master-klassını izlədim. O deyir ki, dünyada hər şey dəyişə bilər. Əvvəllər lələklə yazırdılar, sonra çap maşını ilə  kitab, hekayə yazdılar. Sonra kompüterdə, noutbukda, netbukda yazdılar. Amma hekayə anlatmaq dəyişmədi. İnsanlara hekayə lazımıdı, onlar hekayə eşitmək istəyirlər. O baxımdan mümkün deyil. Sabah senaristlik sənəti başqa bir formaya keçsə, biz yenə də danışacağıq. Məsələ nə olsa da, məqsəd dəyişmir. O baxımdan senaristlik sənətinin öləcəyinə, yəni hekayə danışmaq heç vaxt itməyəcək. Rejissorların özlərinin senari yazmalarına gəldik də isə dünyada da bu prosses gedir. Öz təcrübəmdən deyim ki, ideyası olan rejissor dostlar gəliblər ki, bunu necə edək. Nələr edilməli olduğunu deyəndən sonra "özüm yazacam",  deyib, iki aydan sonra yenidən gəliblər. Bir var görüntü ilə görmək, bir də var dramaturgiyanı hiss etmək. O baxımdan düşünürəm ki, rejissor və senari işi birgə getsə daha uğurlu nəticə əldə etmək olar. Təbii ki, istisnalar həmişə mövcuddur.

- Son olaraq yaradıcılığınızdan danışmaq istəyirdik. 

- Karantin dövrü mənim üçün çox düşərli oldu. Boş vaxtım oldu. Üçüncü kitabımı və ikinci romanımı bitirdim. Karantin bitəndən sonra çap etməyi düşünürəm. Gələn ilə kimi türk və ingilis dillərində yayımını düşünürəm. Koronavirusla bağlı bir pyes, karantinlə bağlı bir serial işlədik. Karantin rejimi yaradıcı tərəfdən məhsuldar oldu.

Nigar Adil

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31