Cavad Xanın kötücəsi Azərbaycan xalqına müraciət etdi
"Cavad Xan" Tarix və Mədəniyyət Fondunun prezidenti, Cavad Xanın kötücəsi Valid Xan Ziyatlı Azərbaycan xalqına müraciət edib. Olaylar.az müraciəti olduğu kimi təqdim edir:
23 İyul 2020 13:58 Mədəniyyət"Cavad Xan" Tarix və Mədəniyyət Fondunun prezidenti, Cavad Xanın kötücəsi Valid Xan Ziyatlı Azərbaycan xalqına müraciət edib.
Olaylar.az müraciəti olduğu kimi təqdim edir:
Əziz həmvətənlilər!
Son günlər Tovuz rayonu ərazisində sərhəddə Ermənistanın təşəbbüskarı olduğu təxribatın ardınca baş verən hadisələr bir daha Azərbaycan xalqının dövlətçilik ənənələrinə sadiqliyini nümayiş etdirdi!
Silahlı qüvvələrimizin dəqiq zərbələri ilə düşmənin bir çox dayaq məntəqələri, atəş nöqtələri, hərbi texnikası, kazarmaları və canlı qüvvəsi məhv edildi!
Bu silahlı qarşıdurma nəticəsində ordumuzun generalı, yüksək rütbəli zabitləri və əsgərləri şəhidlik zirvəsinə yüksəldilər!
Bu hadisələr zamanı dövlətimizin başçısı, silahlı qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli mövqeyi, hərtərəfli düşünülmüş göstərişlərinin nəticəsi olaraq dünyanın bir çox ölkələri Azərbaycanın haqq işinə dəstək verdilər!
Bununla yanaşı daim ikili standartlar əsasında, riyakar fəaliyyət göstərən qüvvələrin heç birinin işğalçı Ermənistanın hərəkətlərinə obyektiv qiymət verməyə, onu qınamağa cəsarəti çatmadı, onlar ümumi ifadələrlə tərəfləri vəziyyəti gərginləşdirməməyə çağırmaqla öz vəzifələrini bitmiş hesab etdilər!
Budur reallıqlar, əziz həmvətənlər! 30 illik bir müddətdə qardaş Türkiyədən və Pakistandan başqa dünyanın fövqəladə gücə malik, kiçik ölkələlərin taleyini həll edən dövlətlərin heç biri Ermənistanı işğalçı adlandırmadı, ona qarşı heç bir sanksiya tətbiq etmədi!
Belə olan halda hər birimiz Vətənimizin taleyüklü problemlərinin həllində özümüzün kiçik rolumuzu dərk etməli, dövlətçiliyə sadiq vətəndaş kimi öhdəmizə düşən vəzifələri yerinə yetirməliyik!
"Torpaq uğrunda ölən varsa Vətəndir" şüarının gücünü yadelli işğalçılarla döyüşdə nümayiş etdirmiş Gəncə hökmdarı Cavad Xanın adını daşıyan ictimai təşkilat olaraq biz Azərbaycan xalqına müraciət edərək:
Tovuz hadisələrində həyatlarını Vətən uğrunda qurban vermiş hərbçilərimizə və mülki şəxslərə Tanrıdan rəhmət diləyir, "Sizin qanınız yerdə qalmadı!", "Vətən sağ olsun!" deyir, döyüşlərdə yaralananlara Allahdan şəfa diləyirik!
Rəşadətli ordumuzun komandirləri və əsgərləri qarşısında baş əyir, qüdrətli ordumuzla fəxr etdiyimizi bildiririk!
Sərhəd zonasında baş verən qarşıdurma zamanı düşmənə layiqli cavab vermiş hərbçilərimizin şücaətindən ruhlanaraq Azərbaycan bayraqları ilə küçələrə axışan gənclərimizin nümayiş etdirdiyi vətənpərvərlik mövqeyindən qürur duyduğumuzu elan edirik!
Həmin nümayişlər zamanı gənclərin saf niyyətlərini və vətənpərvərlik hisslərini özlərinin çirkin məqsədlərinə yönəltməyə cəhd göstərən xarici qüvvələrin "it payı" hesabına dolanan ünsürlərə "Ar olsun, sizlər Azərbaycana layiq deyilsiniz, gedin "it payı" verənlərin yanına!" deyirik!
Hadisələrin nəticələrini qiymətləndirən Prezidentimizin çağırışına cavab olaraq dünyanın çoxsaylı ölkələrində yaşayan soydaşlarımızın dövlətçiliyimizə, Ordumuza və haqq işimizə dəstək verməsi, 50 minə yaxın vətəndaşımızın könüllü olaraq düşmənlə vuruşmağa hazır olduğunu bildirməsi haqqın və ədalətin Azərbaycanın yanında, xalqımızın isə həmişə Dövlətin və Prezidentin yanında olduğunu bir daha təsdiqlədi!
Ulu tanrı Azərbaycanı qorusun! Yaşasın rəşadətli Azərbaycan ordusu! Yaşasın Azərbaycan! Bizim işimiz haqq işidir! Düşmən mütləq layiqli cəzasını alacaq, Azərbaycanın bayrağı mütləq Şuşada, Xankəndində dalğalanacaq!
Bu müqəddəs məqsədə çatmaq üçün hər bir soydaşımızı dövlətimizə və Prezidentimizə dayaq olmaq üçün əlindən gələni etməyə çağırırıq!